Moskvada Ukraynaya dəstək mitinqi FOTO/VİDEO

Putinin istila siyasətinə qarşı 50 minlik aksiyada Azərbaycan bayrağı da qaldırılıb

Martın 15-də Moskvanın mərkəzində Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə etiraz olaraq “Sülh yürüşü” keçirilib. Aksiya şəhər meriyası ilə razılaşdırılıb.
Nümayişçilər əllərində Ukrayna və Rusiyanın bayraqlarını, “Putinsiz Rusiya və Ukrayna uğrunda” şüarı tutublar.

Frans Press agentliyinin məlumatyına görə, nümayişdə 50 min insan iştirak edib. Moskva polisi isə nümayiş başlayan ilk saatlarda məlumat yayaraq, aksiyaya 3 min nəfərin çıxdığını deyib.

Rusiya mediasındakı xəbərlərə görə, aksiyanın belə izdihamlı alınacağını nə təşkilatçılar, nə də polis gözləyirmiş.

İzdihamın önündə Rusiya müxalifətinin Nemçov, Qudkov, Mitroxin kimi liderləri yürüyüb. Aksiyaya musiqiçi Andrey Makareviç və başqa tanınmış sənət adamları da qatılıblar.

Nümayişdə Azərbaycan bayrağı da qaldırılıb.

Aksiyada Rusiya və Ukraynadan olan ictimai xadimlər çıxışlarında Krıma qoşun yeritdiyinə görə Putini tənqid ediblər. Çıxışçılardan biri deyib: “Ölkədə imperialist isterika geri dönür. Təəssüflər olsun ki, bizim vətəndaşlarımızın çox hissəsini də buna cəlb ediblər. Ola bilsin, biz azlıqdayıq, bizi xəyanətdə ittiham edirlər, bizi «5-ci kolon» adlandırırlar. Vətənpərvərlik bəlkə televiziyada hakimiyyətin dediklərinə inanmaqdır? Yox. Vətənpərvərlik azlıqda olmaq və Ukraynaya təcavüzə qarşı səsini qaldırmaqdır.  Bura yığışanlar «müharibəyə yox!» deməyə gəliblər. Bu hakimiyyət özü-üzünə ölüm hökmünü imzalayıb. Biz Kremldəki anti-Ukrayna, anti-Rusiya siyasətinə qalib gələcəyik…”.

Rusiyanın başqa şəhərlərində də “Müharibəyə yox!” şüarı altında “Sülh yürüşünə” dəstək aksiyaları keçirilib.