Tağı Əhmədovun həbs olunacağı barədə ehtimallar təsdiqlənir
Metroda söküləcək köşklərin sayı açıqlandı; Ticarətçilərə altenativ yerlər təklif olundu
Qəzetimizin dünənki sayında Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun həbs oluna biləcəyi barədə məlumat vermişdik. Məlumatda bildirilirdi ki, metroda ticarətə qadağa qoyulması məsələsinin gündəmə gəlməsi Tağı Əhmədovun maxinasiyalarını üzə çıxarıb. Sabiq rəis AzadlıqRadiosunun “Işdən sonra” verilişinin qonağı olarkən metro ticarətindən ayda 70 min manat gəlir götürüldüyünü, yer haqqının 100 manat olduğunu bildirmişdi. Lakin indi bəlli olur ki, icarədarlar köşk almaq üçün birdəfəlik ödədikləri məbləğdən başqa ayda 600-750 manat civarında pul ödəyiblər.
Tağı Əhmədovun həbs olunacağı gözlənilir
“Azadlıq” yazmışdı ki, bununla bağlı araşdırmalara başlanılacaq. Artıq Respublika Prokurorluğu və Vergilər Nazirliyi Bakı Metropolitenində genişmiqyaslı yoxlamalara başlayıb. “Qafqazinfo”nun yaydığı məlumata görə, yoxlama korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilir. Buna səbəb metropolitenin keçmiş rəisi Tağı Əhmədovun rəhbərliyi dövründə külli-miqdarda vəsaitin dövlət büdcəsindən yayındırılması olub. Məlumatda bildirilir ki, ötən ilin sonlarında dövlət orqanlarına Bakı Metropolitenində külli-miqdarda vəsaitin mənimsənildiyi barədə məlumat daxil olub. Aparılan ilkin araşdırma məlumatın əsaslı olduğunu üzə çıxarıb. Məsələ barədə prezident Ilham Əliyevə məruzə olunduqdan sonra Tağı Əhmədovun vəzifədən azad edilməsi və onun rəhbərlik etdiyi qurumda yoxlamalar başlanması barədə qərar qəbul olunub.
Yoxlama nəticəsində müəyyən edilib ki, metropolitendən və geniş ticarət şəbəkəsindən hər il əldə olunan 11-12 milyon manat vəsait müxtəlif vasitələrlə dövlət büdcəsindən və vergidən gizlədilib və mənimsənilib. O da bəlli olub ki, metroda fəaliyyət göstərən ticarət obyektlərinin tam əksəriyyəti Tağı Əhmədovun ailə üzvlərinin, qohumlarının və ona yaxın olan şəxslərin adlarına rəsmiləşdirilib. Yaxın zamanlarda yoxlamanın nəticələrinin ictimailəşdiriləcəyi və Tağı Əhmədovun həbs olunacağı gözlənilir.
Metroda neçə köşk söküləcək?
Bu arada Bakı Metropoliteninin stansiya və keçidlərində sökülməsi nəzərdə tutulan ticarət obyektlərinin sayı məlum olub.
APA-nın məlumatına görə, metronun “Nəriman Nərimanov” stansiyasında 185, “Neftçilər” stansiyasında 186, “Koroğlu” stansiyasında 109, “Qara Qarayev” stansiyasında 94, “Əhmədli” stansiyasında 93, “Xalqlar Dostluğu” stansiyasında 96, “Inşaatçılar” stansiyasında isə 88 ticarət obyekti söküləcək.
Ümumilikdə isə sökülməsi planlaşdırılan ticarət obyektlərinin sayı 1194-dür.
APA-nın əldə etdiyi siyahıda metronun “28 May” stansiyasında heç bir obyektin sökülməyəcəyi qeyd olunub.
Bakı Şəhər Icra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin sədri Ramiz Hacıyev də APA-ya açıqlamasında söküləcək ticarət obyektlərinin sayının 1194 olduğunu təsdiqləyib.
Ramiz Hacıyev onu da bildirib ki, hazırda metronun “28 May” stansiyasında yeraltı keçidində heç bir ticarət obyekti fəaliyyət göstərmir: “Əvvəllər ”28 May” stansiyasında ticarət obyektləri olub, lakin metronun təmirindən sonra yığışdırılıb. Ona görə də orada söküləcək obyekt yoxdur”.
Ramiz Hacıyev qeyd edib ki, Cəfər Cabbarlı heykəlinin altında yerləşən yeraltı keçiddəki ticarət obyektlərin sökülməsi isə nəzərdə tutulmur: “Çünki onların metro ilə əlaqəsi yoxdur. Bizə verilən tapşırıq Metropolitenin ərazisində, keçidlərdə, metronun giriş və çıxışlarında olan ticarət obyektlərinin sökülməsi ilə bağlıdır”.
Ticarətçilərə hansı yerlər təklif olunur?
Martın 13-də və 14-də isə Bakı Metropoliteni stansiyalarının keçidlərindəki köşklərdə çalışan bir qrup şəxs Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşüblər. APA-nın məlumatına görə, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) qərarı ilə metro stansiyalarından yığışdırılacaq ticarət köşklərində çalışanlar görüşdə paytaxtda ticarətlə məşğul olmaq üçün alternativ yerlərin ayrılmasını istəyiblər. Martın 13-də Bakı şəhər rayonlarının icra başçılarının da iştirak etdiyi görüşdə metro stansiyalarının keçidlərindəki ticarət köşklərində çalışanlara paytaxtda ticarətlə məşğul olmaları üçün alternativ yerlərin ayrılması məsələsi geniş müzakirə olunub.
Hacıbala Abutalıbov dünən satıcılarla yenidən görüşüb. Satıcıların APA-ya verdiyi məlumata görə, görüşdə onlara ticarətlə məşğul olmaq üçün paytaxtdakı “Yaşıl”, “Şərq”, və Keşlə bazarlarında, “Günəş” və AMAY ticarət mərkəzlərində yerlər təklif olunub. Hacıbala Abutalıbov 3 ay ərzində onlardan icarə haqqı alınmayacağı bildirib. Bakı Şəhər Icra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova APA-ya açıqlamasında bildirib ki, bu görüşlər barədə mətbuat xidmətinə hələ heç bir məlumat daxil olmayıb.
Bakı Metropoliteninin stansiyalarında fəaliyyət göstərən ticarət köşklərinin sahiblərinə ərazini boşaltmaq üçün martın 27-dək vaxt verilib. Bu qərar köşklərdə çalışanların etirazına səbəb olsa da, metropoliten rəhbərliyi qərarını dəyişməyib.
“Məmurların tamah dişini çəkib dibindən çıxarmaq lazımdır”
Deputat Fəzail Ağamalı da Tağı Əhmədovu sərt tənqid edib. O, ! “Bizim Yol” qəzetinə müsahibəsində deyib: “Vaxtilə metropolitendə sivil olmayan, orta əsrlərin dükanlarına bənzər və inkişaf etmiş ölkələrin heç birinin metropolitenində olmayan obyektlər açıblar. Metronun giriş-çıxışlarında, hətta dəhlizlərdə açdıqlarının şahidi olmuşuq. Bunu vaxtilə icazə veriblər, insanlar da dolanışıq naminə orada ticarət nöqtələri yaradıblar, eyni zamanda külli miqdarda icarə haqqı veriblər. Günah o insanlarda yox, onları ora gətirib çıxaranlardadır. Ona görə də bu cür məmurlara qarşı çox sərt addımlar atılmalıdır ki, belə vəziyyət yaranmasın. Bu məmurların tamah dişini çəkib dibindən çıxarmaq lazımdır. Bəzilərinin o dərəcədə böyük tamah dişləri var ki, faktiki olaraq, bu cür problemləri yaradır”.


