Rusiyaya qarşı tətbiqi gözlənilən sanksiyalar MDB ölkələrinə də təsir edəcək
Qubad İbadoğlu: «Sanksiyalar Rusiyada iqtisadi tənəzzülə, son nəticədə siyasi böhrana gətirib çıxara bilər»
Krımı işğalına görə beynəlxalq aləmin Rusiyaya təzyiqləri artmaqdadır. Artıq ABŞ və Avropa Birliyi martın 16-da keçirilməsi nəzərdə tutulan referendum baş tutacağı təqdirdə Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb. Avropa Birliyinin fərdi sanksiya tətbiq edəcəyi Rusiya məmur və oliqarxlarının siyahısı da yayılıb.
Sanksiyaya məruz qalacağı deyilənlər Putinin ən yaxın ətrafından deputatlar, güc nazirliklərinin rəhbərləri, məmurlar və onun biznes ortaqları olan oliqarxlardır.
Siyahını “facebook”da “Hərbi-siyasi təhqiqatlar mərkəzi” ictimai təşkilatının rəhbəri Dmitri Timçuk paylaşıb. Onun iddiasına görə, siyahı barədə Avropa Birliyindəki mənbələrdən məlumat alıb.
Siyahıda Federal Təhlükəsizlik Bürosunun (FSB) şefi Aleksandr Bortnikov, Prezidentinin müşaviri Sergey Qlazev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Müdafiə naziri Sergey Şoyqu, Prezidentin köməkçisi Vladislav Surkov, Qara dəniz donanmasının komandanı Aleksandr Vitkov,
Federasiya Şurasının sədri Valentin Matvienko,
Dövlət Dumasının xarici işlər komitəsinin sədri Aleksey Puşkov, hökumət başçısının müavini Dmitri Roqozin, deputat Vladimir Jirinovski, Çeçenistan prezidenti Ramzan Kadırov, “Rusiya bu gün” informasiya agentliyinin direktoru Dmitri Kiselyov, “Qazprom”un sədri Aleksey Miller, “Rosneft”in prezidenti İqor Seçin, “Rusiya dəmir yolları” Səhmdar Cəmiyyətinin prezidenti Vladimir Yakunun da adları var.
Siyahıya Putinin özünü salıb-salmadıqları isə bəlli deyil.
Xatırladaq ki, Avropa Parlamenti Rusiyaya qarşı sanskiyaların birinci mərhələsinə razılıq verib və Krımdakı fəaliyyətindən geri çəkilməsə daha şiddətli sanksiyalarla üzləşəcəyi haqda Kremli xəbərdar edib.
Rusiya isə Krımda geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir. Belə olan halda şimal qonşumuz hansı problemlərlə üzləşəcək?
İqtisadçı Qubad İbadoğlu Rusiyanın əsasən iqtisadi sanksiyalarla üz-üzə qalacağını deyir. Eyni zamanda bu ölkəyə qarşı embarqoların tətbiq olmasın gözlənilir. Bu da Rusiya iqtisadiyyatının onsuz da pis olan indiki vəziyyətində yaxşı perspektiv vəd etmir. Belə ki, rus rublu məzənnəsini sürətlə itirə bilər və bunun qarşısını almaq üçün Rusiya hökuməti külli miqdarda valyuta sərf etməyə məcbur olacaq. Bu isə havaya güllə atmağa bənzəyir. Çünki vəsaitlər boş yerə xərclənəcək və Rusiyanın valyuta rezervlərinin tükənməsinə gətirib çıxaracaq.
Ekspertin sözlərinə görə, Rusiya iqtisadiyyatında, eyni zamanda büdcədə müəyyən gərginlik yarana, sahibkarların vəziyyəti pisləşə bilər. İnflyasiya, qiymət artımı gözlənilir. Sosial iqtisadi problemlərə ciddi təsir edə biləcək yeni tendensiya başlaya bilər. Bu da Rusiyada iqtisadi tənəzzülə, son nəticədə siyasi böhrana gətirib çıxara bilər.
Ekspert Rusiyanın üzləşəcəyi sanksiyaların Kremlin genişləndirmək istədiyi Gömrük İttifaqına üzv olan ölkələr üçün də çox ciddi sosial-iqtisadi fəsadlar doğura biləcəyini deyir. Ermənistan, Qazaxıstan, Belarusun iqtisadiyyatı Rusiyanın inadkarlığından ciddi ziyan çəkə bilər.
Fizzə


