Nəqliyyat naziri «Baku Taxi Company»nin rəhbərini bu təriqətə bağlı olduğuna görə işdən çıxarıb
Nəqliyyat naziri Ziya Məmmədov nazirliyin nəzdində fəaliyyət göstərən daha bir şirkətin rəhbərini işdən uzaqlaşdırıb. “Aznews.az”ın xəbərinə görə, bir neçə gün əvvəl “Baku Taxi Company”nin rəhbəri Ilqar Qasımov tutduğu vəzifədən azad olunub.
Ilqar Qasımov məlumatı təsdiqləyib. Onun sözlərinə görə, işdən uzaqlaşdırılması qərarı fevral ayının sonunda verilib, lakin əmr bir neçə gün əvvəl imzalanıb. Nəqliyyat sferasında fəaliyyətini davam etdirdiyini deyən Ilqar Qasımov hazırda çalışdığı sahə haqqında məlumat vermək istəməyib.
Hazırda “Baku Taxi Company”nin rəhbəri vəzifəsini qurumun maliyyə idarəsində çalışmış Vüqar Ibrahimov icra edir.
Bu məsələ ilə bağlı “Azadlıq”a da maraqlı məlumatlar daxil olub. Məlumatda bildirilir ki, Ilqar Qasımov heç də iddia etdiyi kimi fevral ayında işdən çıxarılmayıb. Nazir onu bu günlərdə tutduğu vəzifədən azad edib. Səbəb isə Ilqar Qasımovun nurçularla əlaqəli olması ilə bağlıdır. Iddialara görə, Ilqar Qasımov nurçu kimi tanınır. Ziya Məmmədov “nurçu təhlükəsi”nin gündəmə gəlməsindən sonra narahat olub və onu işdən çıxarmağı qərara alıb.


