Möhtərəm və adi… dilənçilərimiz

Səhv etmirəmsə, sabah axşam “Lider” telekanalında dilənçilər haqqında tok-şou olacaq. Verilişin bir dəqiqəlik anonsundan belə başa düşdüm ki, dilənçilik Azərbaycanın sürətli… inkişafı ilə paralel gedən bir proses imiş, onların çoxluğu birbaşa bu amilə bağlıdır. Tok-şou iştirakçısı olan bir xanım isə, lap “quşu gözündən vurdu”, sözlərindən belə çıxdı  ki, Avropa ilə yeganə fərqimiz dilənməyimizdi. Yəni qalan hər şeydə eyniyik… 

Söhbət yəqin ki, küçədə dilənən kəsimdən gedəcək, halbuki dilənçilərin ən böyük və “möhtərəm” təbəqəsi bugünkü iqtidarın kabinetdə oturan məmurlarıdır. Bu haqda bir az sonra söhbət açacağıq, hələlik isə adi dilənçilər haqda. Qaraçıları qabartmağa çalışsalar da, etiraf etmək lazımdır ki, dilənənlərin əksəriyyəti azərbaycanlılardır.   

Inkişafı hələlik bir kənara qoyaq, razılaşın ki, Azərbaycan adlı məmləkətdə indiyədək bu qədər dilənçi olmamışdır, hazırda Bakının elə küçələri var ki, onların əlindən tərpənmək sadəcə mümkün deyil. Dilənənlər arasında istənilən kəsimin nümayəndələrinə rast gəlmək olar. Bağça və məktəb yaşında olan uşaqlar, müharibə(!) və dinc şəraitdə sağlamlığını itirənlər, ali təhsili olan işsizlər, amansız şərtlər nəticəsində hər şeyini itirən insanlar, evsiz-eşiksizlər və s. 

Azərbaycanı dilənçilər üçün münbit bir ölkə hesab edənlər  haqlıdırlar. Biz alicənab bir xalqıq, bir parça çörək üçün uzadılan ələ biganə qalmırıq. Bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Diqqət etmisinizsə, dilənçilər adətən sadə xalqın hərəkət istiqamətlərində olurlar. Metro, ictimai nəqliyyat, məscidlərin həndəvərləri, təhsil müəsissələri və məhkəmələrin girişi, bir sözlə, sadə insanların gur olduğu məkanlar…

Hansısa bir polis idarəsinin qabağında, nazirlik binası ətrafında, gömrük məntəqəsi həndəvərində, vergi müfəttişliyi qarşısında və sadalamadığım yüzlərlə analoji obyekt qarşısında dilənçilər gördünüzmü? Cavab birmənalıdır, əlbəttə, yox!. 

Məsələ aydındır, məmurlarımız rəqabəti sevmir. Mən bir neçə dəfə məmurla dilənçinin təsadüfi randevularının şahidi olmuşam. Və həmişə də eyni mənzərəni müşahidə etmişəm. Bu buluşmalara ona görə təsadüfi deyirəm ki, dilənçilər həmişə məmurlardan qaçırlar, çalışırlar ki, onlarla yolları kəsişməsin. Amma razılaşın ki, bu, sadəcə mümkün deyil və dilənçi istəsə də, istəməsə də bu baş verir. Dilənçini çalışdığı, yaxud rəisi olduğu idarənin önündə görən məmur onu qovmağa macal belə tapmır, çünki zavallı onu görən kimi iti addımlarla oradan uzaqlaşmağa çalışır. Məmurun “gücü” yalnız arxadan onu təhqir etməyə və hədələməyə çatır. Hansısa məmurun son dəfə dilənçiyə sədəqə verməsini nəinki xatırlamır, hətta təsəvvür edə bilmirəm. 

Baş tutan (!) məmur-dilənçi randevularını isə, Real-Barselona, Qalatasaray-Fənərbaxça kimi unudulmaz futbol derbiləri ilə də müqayisə etmək olar, çünki bu ilk növbədə nüfuz toqquşmasıdır. Mütləq qalib məmurlar olsa da, dilənçilər də borclu qalmırlar, çünki onlar sadə xalqın timsalında sabit elektorata malikdirlər. Məmurların da gəlir mənbəyi xalq olsa da, kütləvilik baxımından dilənçilərə uduzurlar. Onların, “şirinlik”, “muştuluq”, kəlmə (!), “hörmət”, “halallıq” və s. adı altında aldıqları rüşvətlə, dilənçilərin topladığı pulların adı eynidir, – sədəqə… 

Lakin məmurlardan fərqli olaraq, dilənçilər oğurluq etmirlər, insanların könüllü verdikləri pulla yaşayırlar, onlar rüşvət almırlar, büdcədən də uzaqdırlar.  

Bir-birlərini nə qədər həzm etməsələr də, məmurla dilənçini birləşdirən dəyərlər var. Hər iki kəsim mövcud quruluşun, yəni avtoritarizmin hökmranlıq etməsində maraqlıdırlar. Totaliitarizm şəraitində yaşayan xalq dilənçilərə qarşı həssas olur, çünki onların özləri də oxşar aqibətdən sığortalanmamış bir şəraitdə yaşayırlar. Bundan başqa, dilənçilərin yuxarıda qeyd etdiyimiz kimi, yalnız avtoritarizmdə çoxsaylı alibiləri, dilənmək üçün müxtəlif səbəbləri daha inandırıcı görünür.

Siz müxalifətin sosial tələblərlə təşkil etdiyi mitinqlərdə heç dilənçi, yaxud məmur gördünüzmü? Əlbəttə ki, yox!. Heç görməyəcəksiniz də. 

Dilənçilər məmurlar kimi, rejimin uzunömürlü olmasında maraqlıdırlar. Xalq əzildikcə, dilənçilərə qarşı daha həssas, məmurlara qarşı isə dişsiz olmağa başlayır. 

“Avropada niyə dilənçilik yoxdur” sualı ətrafında qəsdən dolaşmamağıma səbəb, iqtidar ideoloqlarının axmaq fikirlərinə yer verməməkdir. Yəqin siz də mənimlə razılaşarsınız, adam bu sərsəm fikirlərdən sadəcə iyrənir.

Həqiqət isə budur, – Azərbaycanda dilənçilərin hökmranlığı sürür. Nə qədər qorxulu, qəddar görünməyə çalışsalar da, o qədər də aciz və qorxaqdırlar. 

Çünki dilənirlər…