Con Kerri: «Krımda referendum keçirilsə, Rusiyaya qarşı sanksiyalar tətbiq olunacaq»
«Martın 17-də həm ABŞ-da, həm də Avropada çox ciddi addımların şahidi olacaqsınız»
Ukrayna parlamenti Milli Qvardiyanın yaradılması barədə qərar verib. Ali Radada müvafiq qanun layihəsinə 262 deputat səs verib. Milli Qvardiya daxili qoşunların funksiyasını yerinə yetirəcək. Yeni hərbi struktura Maydan fəalları daxil olacaq. Qvardiya həmçinin terrorçuluqla mübarizə və sərhədlərin mühafizə funksiyalarını yetirəcək. Ukrayna baş nazirinin müavini Vitali Yarema bildirib ki, Milli Qvardiyanın əsgərləri və Maydan fəalları ölkənin cənub və şərqinə göndərilə bilər. Onun sözlərinə görə, Qvardiyanın əsgərləri Ukraynanın Rusiya ilə sərhədinin mühafizəsinə cəlb ediləcək.
Ali Rada BMT-yə müraciət etdi
Ukrayna Ali Radası həmçinin Krımda yaranmış problemin həlli üçün Birləşmiş Millətlər Təşkilatına müraciət edib. 250 deputatın səs verdiyi müraciətdə bildirilir ki, Ukrayna BMT-nin təsisçilərindən biri kimi, BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndi, 2-ci maddəsinin 3-cü və 4-cü bəndinə əsaslanaraq və 11-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq təşkilatı Rusiya Federasiyası tərəfindən beynəlxalq hüququn təməl prinsiplərinin kobudcasına pozulması nəticəsində Krımda yaranmış vəziyyətə təcili şəkildə baxmağa çağırır. Sənəddə deyilir ki, BMT Nizamnaməsinin 51-ci maddəsində tanınan özünümüdafiə hüququna uyğun olaraq Ukrayna lazım gələrsə istənilən dövlətə və regional kollektiv təhlükəsizlik sisteminə öz ərazi bütövlüyünü təmin etmək məqsədilə hərbi kömək üçün müraciət etmək hüququnu özündə saxlayır.ÿAli Rada Ukraynanın avrointeqrasiya kursunun rəsmən bərpa olunması haqqında da qərar qəbul edib. Qərarın lehinə 252 deputat səs verib. “Ukraynanın avrointeqrasiya kursu bərpa olundu, bu münasibətlə Ukrayna xalqını təbrik edirəm”, – deyə Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov bildirib.
Ukrayna MDB-dən çıxır
Ukrayna Müstəqil Dövlətlər Birliyini tərk etməyə hazırlaşır. Bunu ölkənin xarici işlər naziri Andrey Deşitsa Rusiya radiostansiyalarından birinə açıqlamasında deyib. Onun sözlərinə görə, MDB öz üzvləri arasındakı anlaşılmazlıqları yoluna qoymaq iqtidarında deyil. Andrey Deşitsa bildirib ki, Ukrayna Krımdakı son hadisələrlə bağlı MDB Xarici Işlər Nazirləri Şurasının iclasının keçirilməsi təşəbbüsü ilə çıxış etsə də, buna nail ola bilməyib: “Bir ölkə qonşusuna qarşı hücuma keçir. MDB-yə sədrlik edən Ukrayna Şuranın iclasının çağırılması üçün Icraiyyə Komitəsinə müraciət edir. Amma heç bir reaksiya yoxdur. O zaman bu təşkilat nəyə lazımdır?”.
Dünya Bankı Kiyevə 3 milyard ayıracaq
Dünya Bankı 2014-cü ilin sonunadək Ukraynaya 3 milyard dollar ayıracağını bildirib. Bu məbləğ hazırda qüvvədə olan Dünya Bankının Ukrayna iqtisadiyyatına investisiyalar üzrə proqramına əlavə olunacaq. Qüvvədə olan proqramın ümumi həcmi 3,7 milyard ABŞ dolları təşkil edir. Bundan əvvəl ABŞ-da səfərdə olan Ukraynanın baş naziri Arseni Yatsenyuk Dünya Bankının prezidenti Cim Yen Kim ilə görüşüb.
Avroparlament Ukraynaya 11 milyardlıq yardım paketini təsdiqlədi
Avropa Parlamenti martın 13-də keçirilən plenar iclasında Ukraynaya maddi yardımla bağlı Avropa Komissiyasının təklifini qəbul edib. Avropa Komissiyası Ukraynaya 11 milyard avro maliyyə yardımı ayırmağı təklif etmişdi. “Avropa Parlamenti Ukrayna hökumətinin siyasi, iqtisadi və sosial sahədə islahatlar planını alqışlayır. Biz Avropa Komissiyasının Ukraynaya qısa və orta müddətli maliyyə köməkliyi və 11 milyard avro məbləğində yardım paketi barədə qərarını dəstəkləyirik”, – deyə Avroparlamentin qətanməsində bildirilir. Ayrılan yardım Avropa Birliyinin büdcəsi və Avropa maliyyə institutlarının hesabına təmin olunacaq. Qətnamədə həmçinin Rusiyanın Krımdakı fəaliyyəti mühakimə edilir və Ukraynanın yeni hökumətinə dəstək ifadə olunur. Sənəddə o da bildirilir ki, Krım Ukraynanın ayrılmaz hissəsidir.
GUAM Ukraynanın suverenliyini dəstəklədi
GUAM-a üzv dövlətlər Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiklərini bildiriblər. GUAM-ın martın 11-12-də keçirilən Milli Əlaqələndiricilər Şurasının iclasında Azərbaycan XIN nümayəndəsi, Gürcüstanın Ukraynadakı səfiri Mixail Ukleba, Moldovanın xarici işlər və Avropaya inteqrasiya üzrə müavini Valeri Kiver,ÿUkraynanın nümayəndəsi və GUAM-ın Baş Katibi Valeri Çiçelaşvili iştirak edib. Tədbirdə o da bildirilib ki, Krımın statusu haqqında referendum yalnız beynəlxalq sülh və təhlükəsizliyin qorunması prinsiplərinə əsasən Ukrayna Konstitusiyasına uyğun keçirilə bilər.
Kreml əks-hücuma keçdi
Rusiya ABŞ və Avropa Birliyinə qarşı sanksiyalar tətbiq edə bilər. Bunu Rusiya iqtisadi inkişaf nazirinin müavini Aleksey Lixaçov bəyan edib. O qeyd edib ki, Moskva bu addımı Qərbin sanksiyalarına cavab olaraq ata bilər: “Bununla belə ümid edirik ki, Qərb iqtisadi-ticarət əlaqələrinə toxunmadan siyasi sanksiyalarla kifayətlənəcək. Biz hadisələrin istənilən inkişaf variantına hazırıq. Sanksiyalarımız simmetrik olacaq”.
Merkel: “Rusiya cəngəllik qanunları ilə hərəkət edir”
Almaniya Bundestaqında çıxış edən Almaniya kansleri Angela Merkel bildirib ki, Rusiya Krım məsələsində cəngəllik qanunları ilə hərəkət edir. Onun sözlərinə görə, Vladimir Putinin addımları 19-cu prinsiplərinə uyğundur. Merkel Rusiyanın Krımı özünə birləşdirmək cəhdini beynəlxalq hüququn açıq-aşkar pozulması və Ukraynanın zəifliyindən istifadə etmək cəhdi adlandırıb: “Krımdakı münaqişəni Kosovodakı durumla müqayisə etmək düzgün deyil. Rusiya Ukraynadakı böhranın həllində tərəfdaş rolunda çıxış etmək əvəzinə bu ölkənin zəifliyindən istifadə edib”. Almaniya kansleri əmindir ki, bu kursun davam etdirilməsi təkcə Ukrayna üçün deyil, həm də Rusiya üçün faciə ilə nəticələnəcək”. Merkel qeyd edib ki, Aavropa Birliyi sanksiyalar tətbiq etməyə hazırdır, zamanla onlar sərtləşdiriləcək və Rusiya ilə bütün istiqamətlərdə iqtisadi əməkdaşlığa təsir edəcək.
Yatsenyuk ABŞ prezidenti ilə görüşdü
ABŞ prezidenti Barak Obama və Ukraynanın baş naziri Arseni Yatsenyuk arasında Ağ evdə görüş keçirilib. Görüşün əsas mövzusu Ukraynanın ərazi bütövlüyünün qorunub saxlanması olub. Görüş zamanı Obama Rusiyanı beynəlxalq hüququ pozmaqda ittiham edib. Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən ABŞ prezidenti eyni zamanda, Putini yeritdiyi kursu dəyişməyə çağırıb. Öz növbəsində, Yatsenyuk Ukrayna hakimiyyətinin Rusiya ilə dialoqa hazır olduğunu vurğulayıb. O qeyd edib ki, hər şey Rusiyanın danışıqlara başlamağa hazır olmasından asılıdır. “Biz heç vaxt təslim olmayacağıq”, – deyə Yatsenyuk bildirib.
Obama: “Putini cavab verməyə məcbur edəcəyik”
“Əgər Vladimir Putin öz davranışını dəyişməsə, ABŞ və beynəlxalq birlik onu buna görə cavab verməyə məcbur edəcək”. Bunu Obama Yatsenyukla görüşdən sonra bildirib. O qeyd edib ki, digər əlverişli yol da var. Belə ki, Rusiya Krım məsələsinə öz baxışını dəyişərsə, Ukrayna Konstitusiyası çərçivəsində Krım üzrə digər sazişlərin bağlanması mümkündür.
Yatsenyuk isə görüşdən sonrakı açıqlamasında bildirib ki, Ukrayna eyni zamanda həm Qərb dünyasının tərkib hissəsi, həm də Rusiyanın yaxşı dostu və tərəfdaşı ola bilər. Baş nazir Putini müharibə xofu yaratmamağa, hərbi təcavüzə son qoymağa çağırıb. Yatsenyuk xəbərdarlıq edib ki, Rusiya Krımla kifayətlənməyə, mərkəzi Ukraynaya girə bilər: “Gəlin, dayanaq və sakitləşək”.
Ağ ev: “Rusiya mövqeyini dəyişməsə, kifayət qədər itkilər verəcək”
“Rusiya Ukrayna ilə bağlı mövqeyini dəyişməsə və Krımdakı referendumu dəstəkləməyə davam etsə, kifayət qədər itkilər verəcək”. Bu bəyanatla Ağ evin təmsilçisi Cey Karni çıxış edib: “Bu halda ABŞ bütün mümkün cəza tədbirlərənə əl atacaq. Rusiya bu mövqeyinə görə itkilər verib və verməkdə davam edəcək. ABŞ administrasiyası sanksiyalara məruz qalacaq şəxslərin siyahısı üzərində işləyir. Əgər Rusiya hazırkı mövqeyində israrlı olsa, bu siyahı işə düşəcək”.
Kerri xəbərdarlıq etdi
ABŞ dövlət katibi Con Kerri xəbərdarlıq edib ki, əgər Krımda referendum keçirilsə, Rusiyaya qarşı sanksiyalar tətbiq olunacaq. Onun sözlərinə görə, artıq ABŞ-da sanksiyaların kimlərə tətbiq olunacağı ilə bağlı dəqiq siyahı hazırlanıb. Kerri bildirib ki, referendum baş tutsa, martın 17-də həm ABŞ-da, həm də Avropada çox ciddi addımlar atılacaq və üç gün sonra dünya bunun şahidi olacaq.
Kravçuk: “Putinin sözləri ”abrakadabra”dır
“Rusiya prezidenti Vladimir Putinin Ukraynanın SSRI-dən qanuni yolla çıxmadığı barədə son bəyanatı elə Rusiyanın özünə aid oluna bilər. Putinin məntiqindən belə çıxır ki, o özü o qədər də qanuni olmayan ölkənin o qədər də qanuni olmayan prezidentidir”. Bunu Ukraynanın birinci prezidenti Leonid Kravçuk bildirib. Onun sözlərinə görə, Putin ancaq özünə sərf edəni danışır və qətiyyən fikir vermir ki, bəyanatları beynəlxalq sənədlərə nə dərəcədə uyğundur: “Putin düşünmür ki, dediklərinin hüquqi nəticəsi necə olacaq. Onun fikirləri reallıqdan tamam uzaqdır. Ona görə belə danışır ki, Ukraynanı və Krımı dünyaya özünün görmək istədiyi kimi təqdim etsin. Onun bu bəyanatları ”abrakadabra”dır”.


