Gözəl Bayramlı: «AXCP-ni heç kim tərk etmir, əksinə partiya sıralarına gündə onlarla adam qəbul olur»
Hakimiyyətin təbliğatının əksinə olaraq AXCP sıraları hər ötən gün daha da genişlənməkdədir. Bu barədə qəzetimizə informasiyanı AXCP sədrinin müavini Gözəl Bayramlı verib. Onun sözlərinə görə, AXCP sədri Əli Kərimliyə qarşı hakimiyyətin apardığı iyrənc kampaniya əks-effekt verməkdədir:
“Azadlıq” qəzetində mənim əlaqə telefonlarım getdikdən sonra çoxlu sayda insan zəng edərək partiya sıralarına qoşulmaq istədiklərini bildirirlər. Həm də çox maraqlı və xoşagələn məqam ondan ibarətdir ki, onların əksəriyyəti AXCP-yə qarşı aparılan iyrənc kampaniyaya etiraz əlaməti olaraq bu addımı atdıqlarını deyirlər. Məni əsas kövrəldən bir məqam Imişlidən 73 yaşlı Səfər Rəhimov adlı təqaüdçünün zəng edərək bizə dəstək verməsi oldu. O bildirdi ki, ölkədə baş verən proseslər onu AXCP-yə üzv olmağa vadar edir. Bundan başqa, xeyli sayda da vətəndaş zəng edir. Bakı şəhərindən Əsədullayev Alim, Samir Əhmədov, Ağsudan Mürsəlov Rauf zəng edərək AXCP-yə üzv olmaq istədiyini vurğulayıb. Artıq onların koordinatları müvafiq rayon şöbələrinə verilib”.
AXCP-yə qarşı yönələn bu iyrənc kampaniyanın arxasında nəyin dayandığını vətəndaşların dərk etdiyini deyən G.Bayramlı vurğuladı ki, xalqdan gələn dəstək partiya yetkilisi kimi onu sevindirir. Amma bəzi üzücü olayların da yaşandığını diqqətimizə çatdıran sədr müavini qeyd etdi ki, onun nömrəsinə başqa bir təqaüdçü gizli nömrədən zəng vuraraq təhqiramiz ifadələr işlədib. Bu zəngin təşkilatçısının isə iqtidarın olduğu şübhə doğurmur: “Təbii, bu qocanın dedikləri YAP əxlaqının təzahürüdür. YAP-ın rəhəbərliyinə, Əli Əhmədova müraciətlə bəyan edirəm ki, pensiyaçılara beş-on manat verib onları xanımları təhqirə təhrik etmək lazım deyil. Azərbaycan əxlaqına uyğun olmayan metodlardan qadına qarşı istifadə olunması onu göstərir ki, bu hakimiyyət tükənib. Niyyəti səmimi olan şəxslər açıq nömrələrdən zəng vuraraq mövqelərini bildirirlər. Bizi bu cür təhqirlərlə yolumuzdan döndərə bilməyəcəklər. AXCP-ni heç kim tərk etmir. Partiya sıralarına gündə onlarla adam qəbul olur. Xalq AXCP-nin yanındadır, YAP-ın yox”.
Xəyal