Qərbin diqqətini Krımdan yayındırmaq istəyən Putinin Qarabağda və Dnestryanıda vəziyyəti alovlandıracağı ehtimal edilir
Arif Yunus: «Qarabağda geniş miqyaslı müharibədən söhbət gedə bilməz»
Vəfa Quluzadə: «Heç bir respublika öz maraqlarının ziddinə olaraq rusların əmrini yerinə yetirməyəcək»
Rusiyanın Krımın Ukraynadan qoparmaq cəhdləri və beynəlxalq aləmin buna kəskin reaksiyası Moskvanı çıxılmaz duruma sala bilər. Bu baxımdan Rusiya rəhbərliyinin dünya birliyinin diqqətini Krımdakı vəziyyətdən yayındırmaq üçün digər addımlar atacağını gözləmək olar. Artıq bir çox ekspertlər Kremlin MDB məkanında münaqişə ocaqlarında vəziyyəti gərginləşdirmək niyyətində olduğunu ehtimal edir. Belə ki, Dağlıq Qarabağ və Dnestrayanı bölgədə müharibəni alovlandırmaqla Putin Qərbin mövqeyini yumşaltmağa çalışa bilər.
Artıq Azərbaycanda da bununla bağlı müəyyən narahatçılıq hiss olunmaqdadır. Son günlər ehtiyatda olan zabitlərin səfərbər edilməsi ilə bağlı mlumatların yayılması, ardınca isə Müdafiə Nazirliyindən Azərbaycanın zirehli texnikalarının döyüşə hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı açıqlamanın gəlməsi bunu deməyə əsas verir.
Xatırladaq ki, bir neçə gün əvvəl ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik də Krımdakı hadisələrin Dağlıq Qarabağ münaqişəsinə təsir edə biləcəyini bildirdi.
Ortada olan ehtimallarla bağlı fikirlər birmənalı deyil.
Konfliktoloq Arif Yunus Rusiyanın Krımdan diqqəti yayındırmaq üsün Qarabağda vəziyyəti gərginləşdirəcəyinin inandırıcı olmadığını deyir. Çünki erməni cəmiyyətində də Krım hadisələrinə yanaşma birmənalı olmadı. Ermənistanda anlayırlar ki, Rusiya Krımda Qərbə uduzsa, hirsini Ermənistana tökəcək. Bu baxımdan Ermənistanın Putinin avantürasına gedəcəyi inandırıcı deyil.
Digər tərəfdən ekspert Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki rolunu da həddən artıq şişirdilmiş hesab edir. Belə olan Qarabağda geniş miqyaslı müharibədən söhbət gedə bilməz. Dnestryanı ilə bağlı da vəziyyət eynidir. Hətta tərəflərdən biri Rusiyanın təxribatına getsə də, Moldovanın bu təxribata gedəcəyini real görünmür.
Politoloq Vəfa Quluzadə isə Putinin Qarabağda və Dnestryanıda vəziyyətin gərginləşdirilməsində maraqlı olduğunu deyir. Bununla Kreml rəhbəri ABŞ-a mesaj verir ki, regionda əməliyyatları başlayıb Qərbin maraqlarına zərbə vura bilər.
Bununla belə ekspert Rusiyanın Azərbaycana ağır zərbə endirməsini də mümkünsüz hesab edir. Çünki bu Rusiyanı Amerika ilə müharibə vəziyyətinə gətirib çıxara bilər. Ona görə də Putinin addımlarının təhdiddən o yana keçəcəyi inandırıcı deyil.
Krımda baş verənlərin Azərbaycana təsir etməsi haqqında bəyanatlara gəldikdə, ekspert bu təsirin müsbət xarakter daşıyacağını deyir: «Rusiya Azərbaycanın ermənilərə Dağlıq Qarabağda referendum haqqı verməsini istəyirdi. İndi bu ideyanı Krımda həyata keçirir. Artıq bütün dünya Krımda milli azlığa referendum haqqının verilməsini pisləyib. Ona görə bu ideya Krımda batacaq. Bundan sonra ermənilər də referendum ideyasını dəfn edə bilərlər. Hesab edin ki, referendum ideyası Minsk qrupunun gündəliyindən çıxdı. Çünki bu xalis Rusiya imperiyasının ideyası idi. Öz ölkəsindən kənarda maraqları olduğu yerdə bu cür referendumlar keçirib həmin əraziləri özlərinə birləşdirmək istəyirlər. Amma Rusiya öz ərazisində referendum keçirməyin tamamilə əleyhinədir. Çeçenlərə, tatarlara, başqırlara imkan verilsin ki, Rusiydan ayrılmaq üçün referendum keçirsinlər. Amma Rusiya öz ölkəsində heç kəsə bu haqqı vermir. Ona görə Rusiyanın bu çürük ideyası Dağlıq Qarabağda baş tutmadı və referendum ideyası gündəmdən çıxarıldı».
Ekspertin sözlərinə görə, atəşkəs xəttində yeni müharibə başlasa, bunu Rusiya ancaq ermənilərin əli ilə edə bilər. Azərbaycan ordusu isə erməniləri tamamilə dəf etməyə hazırdılar. Üstəlik indiki şəraitdə Rusiya erməniləri Azərbaycana hücum etməyə məcbur edə bilməz. Çünki ermənilər vəziyyəti görür və başa düşürlər: «Ermənilərin hər yerdə, Vaşinqtonda, Parisdə informatorları var. Ermənilər başa düşür ki, Rusiya məğlubdur və uduzacaq. Ona görə Ermənistan Rusiyanın əmri ilə Azərbaycana hücum etməz. Rusiyanı nə Belarus, nə Qazaxıstan dəstəkləyir. Onların heç biri Krıma öz müşahidəçilərini göndərmirlər. Ermənistan da göndərmir. Onlar çox gözəl başa düşürlər ki, bu avantüra Rusiyaya baha başa gələcək. Ona görə də heç bir respublika öz maraqlarının ziddinə olaraq rusların əmrini yerinə yetirməyəcək. Ermənilər isə Azərbaycana hücum etməkdə tamamilə maraqlı deyillər».
Fizzə


