Eldar Mahmudov keçmiş müavinini niyə “vurmaq” istəyir?

Pərviz Həşimlinin açıqladığı faktlar hakimiyyət daxilində ciddi qarşıdurmanın olduğunu ortaya qoyur

Milli Təhlükəsizlik Nazirliyi daxilində qruplararası ziddiyyətlər barədə dəfələrlə yazılıb. Eldar Mahmudov nazir təyin olunandan sonra yayılan məlumatlarda bildirilirdi ki, onunla həmin vaxt MTN-də nazir müavini işləyən, hazırda isə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəis müavini vəzifəsində olan Əli Nağıyev arasında ziddiyyətlər var idi.

Əli Nağıyevin MTN-dən Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə gətirilməsi də bu ziddiyyətlərlə izah edilirdi. MTN tərəfindən qondarma ittihamlarla həbs olunan jurnalist Pərviz Həşimlinin son məhkəmə prosesində verdiyi açıqlamalar yayılan məlumatların əsassız olmadığını göstərir. Pərviz Həşimli məhkəmədə deyib ki, ondan Əli Nağıyevin əleyhinə ifadə almağa cəhd ediblər. “MTN rəhbəri Ilham Əliyevə yalan məlumat verir. Guya mən MTN-nin keçmiş müavini, indi Korrupsiyaya qarşı Mübarizə Idarəsinin rəisi Əli Nağıyevin qardaşı Vəli Nağıyevdən, deputat Cavid Qurbanovdan pul alıb müxalifətə verirəm. Antiterror mərkəzinin rəisi Elçin Quliyev ”Quran” kitabın gətirdi ki, buna əl bas ki, pul çatdırmamısan. Əlimi kitaba qoyub dedim ki, mən pul göndərməmişəm”,- deyə Pərviz Həşimli bildirib.

Bu MTN-nin idarə rəisi Elçin Quliyevin özfəaliyyəti ola bilməz. Heç şübhəsiz idarə rəisi nazirin tapşırığı ilə bu addımı atıb. Pərviz Həşimli məhkəmədə bildirib ki, ondan bu ifadələri almaq ona təzyiqlər edilib. Görünür, Eldar Mahmudov hər vəchlə Əli Nağıyevi “vurmağa” çalışır. Əli Nağıyev hazırda MTN-də çalışmır. Bu baxımdan düşünmək olar ki, bu təkcə nazirlə keçmiş müavini arasında ziddiyyətlər deyil. Bu bütövlükdə hakimiyyətdaxili qarşıdurmanın təzahürüdür.