Hakimiyyətdəki nurçular nəzarətdə saxlanılır

İlham İsmayıl: «Bu şəxsləri nəzarətdə saxlamaqla yanaşı müəyyən profilaktik tədbirlər görülməlidir»

Azərbaycan hakimiyyətində «nurçu savaşı» nəinki səngimir, əksinə, hər gün bununla bağlı yeni məlumatlar ortalığa çıxır. Artıq rəsmilər də hakimiyyətdə və parlamentdə yer alan nurçularla bağlı narhatçılıqlarını dilə gətirir. 

Prezident Administrasiyasının şöbə müdiri əli Həsənovun ardınca vitse-spiker Bahar Muradova da nurçuların hakimiyyət dairələrində təmsil olunduğunu və onların nəzarətdə olduğunu deyib.   

“Kimlərinsə vəzifə səlahiyyətindən bu kimi məqsədlər üçün istifadə etməsi fikrini bölüşsəm də, arxayınam ki, müvafiq qurumlarımız istənilən halda bütün prosesləri nəzarətdə saxlayır”. Bu sözləri B.Muradova AzNews.az-a açıqlamasında deyib. 

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Publika.Az-a müsahibəsində bildirib ki, nurçuluğun fəlsəfəsində radikalizmin olmadığını və onların ali məqsədinin hakimiyyətə daxil olmaq, hakimiyyət qollarında yer tutmaq, təkamül yolu ilə bu prosesi həyata keçirmək olduğunu bildirib. 

Azərbaycanda hakimiyyət strukturlarında təmsil olunan nurçuların nəzarətdə saxlanılması əslində nədən xəbər verir və bu yolla hər hansı təhlükənin qarşısını almaq mümkün olarmı?

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl nurçu təriqətinə aid şəxslərin nəzarətdə olmasını düzgün hesab edir. Lakin ekspert bu sistemin birdəfəlik ləğvini də mümkünsüz hesab edir: «Bu sistemin məzunlarının hakimiyyət dairlərində yerləşdirilməsinə nəzarət olunursa, bu normal haldır. Ancaq bu sistemin birdən birə Azərbaycanda ləğv etmək də mümkün deyil. Çünki onların verdiyi keyfiyyətli təhsilə alternativ yoxdur. Nurçu məktəblərinin verdiyi təhsili əvəz edəcək keyfiyyətli təhsil olmalıdır. Ona görə də ləğv etmək əvəzinə nəzarətdə saxlamaq daha doğru olar. Azərbaycanda nurçuların konkret şəbəkəsi, başçısı yoxdur ki, onu qarşısını hansısa yolla alsınlar».

Ekspertin sözlərinə görə, bu şəxsləri nəzarətdə saxlamaqla yanaşı müəyyən profilaktik tədbirlər görülməlidir. Digər tərəfdən hakimiyyətin qeyri-qanuni yolla zəbt edilməsinin qarşısını yalnız deokratik quruluşla almaq mümkündür: «Adətən qeyri-demokratik ölkələrdə belə əndişələr olur ki, hakimiyyəti ələ keçirə bilərlər. Hakimiyyətə zorla gələ bilmək mexanizminin ən yaxşı ləğv demokratik dəyərlərə əsaslanıb demokratik seçki keçirməkdir. Onda hər hansı qüvvəni hakimiyyətə xalq seçkisi gətirəcək». 

Fizzə