Əliyevin Qarabağ sükutu

Əslində bu sükut 1993-cü ilin yay-payız aylarında, erməni-rus birləşmələri tərəfindən Qarabağ və ona bitişik altı rayonumuz işğal ediləndən başlamışdı. Bu sükuta gedən yol nə qədər təhrif edilsə də, həqiqəti ört-basdır etmək mümkün olmadı. Illər boyu daxili auditoriyaya hesablanmış səs- küylü, mövsümi xarakter daşıyan Qarabağ bəyanatlarından irəli gedə bilməyən iqtidar, artıq yorulub desək, yəqin ki, yanılmarıq. BMT TŞ-nin 874 saylı qətnaməsi istisna olmaqla ortada heç bir uğur yoxdur, əlbəttə, buna uğur demək olarsa… 

Əsas məsələyə keçməzdən əvvəl, çoxlarımızın gözü qarşısında baş vermiş yaxın keçmişə, 1992-1993-cü illərə qısa bir nəzər salaq. 

Danılmaz həqiqətdir ki, Əbülfəz Elçibəy hakimiyyətinin son günlərinə qədər, təxminən 5%-ə qədər torpaqlarımız düşmən tapdağında idi. Qalan 20% indiki hakimiyyətin, yəni Heydər Əliyevin zamanında işğal edildi. Ədalət naminə demək lazımdır ki, Qarabağın işğalı rəhmətlik Əbülfəz Elçibəyin zamanında da baş verə bilərdi. Lakin bunu ona bitişik rayonlara şamil etmək ədalətsizlik olardı. Güclü rus ordusunun qarşısını almaq nəzəri cəhətdən çox çətin olsa da, Qarabağda nələrin olacağına dəqiq proqnoz vermək də o qədər asan olmayacaqdı. Istənilən halda torpaqlar uğrunda döyüşəcəkdik və çox güman ki, bu qədər torpağımız işğal olunmayacaqdı. AXC iqtidarı o zaman Qarabağ ermənilərinin  Azərbaycanın tərkibində muxtariyyətindən belə imtina edirdi. Rusiyada vəziyyət o qədər də yaxşı deyildi, Çeçenistan başda olmaqla 5-ə yaxın münaqişə ocağı var idi, övladları Qarabağ və digər qaynar nöqtələrdə həlak olmuş anaların ictimai birliyi Kreml önündə mitinqlər təşkil edirdi. Iş o yerə çatmışdı ki, ovaxtkı prezident Boris Yeltsin Əbülfəz Elçibəylə görüşmək üçün hətta Dərbəndə belə səfər etməyə hazır idi. Moskva və Sankt-Peterburq başda olmaqla iri şəhərlərdən Qarabağa əsgər çağırılması qadağan edilmişdi. Rusiya münaqişələr içində boğulurdu və Qarabağda Ermənistanın maraqlarına belə cavab verməyəcək sülhə hazır idi…

Bu gün çoxlarının dilə gətirməyə ehtiyat etdiyi gerçəklik budur ki, işğal olunan ərazilərimizin nə az, nə çox, düz 20%-i məhz Qarabağa bitişik ərazilərdir. Yəni variantlardan biri və ən ağlabatanı da bu idi ki, Elçibəy o ərazilərin işğal edilməsi ilə barışmayacaqdı və böhran içində olan Rusiya və onun nisbətən demokrat, bir az da əhlikef  prezidenti Boris Yeltsin aza qane olacaqdı. Ermənistan da ağır böhran içində idi, əsgərləri ruh düşkünlüyü içində idilər və Qarabağda vuruşmaqdan imtina edirdilər. Müqayisə üçün deyək ki, o vaxt təkcə Sumqayıt hərbi komissarlığına  80 minə yaxın könüllü ərizəsi daxil olmuşdu…

Məhz belə bir məqamda başqa bir tərəfdə mərhum Heydər Əliyevin “Qarabağı almağa gəlirəm”, “pencəyimi çiynimə atıb Xankəndinə gedərəm” kimi şüarları səslənirdi. Diqqət edirsinizsə, Əliyevin şüar və vədlərində Qarabağa bitişik ərazilərdən söhbət belə getmirdi, çünki o vaxt 6 rayon və Qarabağın azərbaycanlılar yaşayan bir çox məntəqələri əlimizdə idi. Hədəf Xankəndi və Şuşa idi. Belə bir vəziyyətdə hakimiyyət dəyişikliyi baş verdi və ardınca 20% torpaqlarımız epizodik və nə qədər qəribə görünsə də simvolik döyüşlər nəticəsində işğal edildi… Vəd edilən möcüzə baş vermədi… 

O vaxtdan 20 il keçib və Qarabağ ümummilli məsələdən iqtidarın xalqa və beynəlxalq aləmə təzyiq alətinə çevrilib və YAP iqtidarı bundan öz məqsədləri üçün istifadə edir. 

“Qarabağ boyda dərdimiz var” deyib, ölkəni talayan iqtidar, Azərbaycan hakimiyyətinə demokratik çağırışlarda bulunan beynəlxalq birliklərə israrla “Qarabağdan danışaq” deyə təkid edir. YAP-ın seçkiqabağı təbliğatı isə “müxalifətin Qarabağ biganəliyi” üzərində qurulur. 

Ukrayna-Rusiya, xüsusən də Krım ətrafında cərəyan edən hadisələr Əliyev rejiminin Qarabağ siyasətini, eləcə də müstəqil xarici siyasət kimi gözə soxduqları avantürasını darmadağın etdi. 

Məlum oldu ki, Krım məsələsində susmaqla Ermənistanla eyni mövqedə dayanmışıq və Rusiyanı dəstəkləyirik. Hazırda rus işğalından əziyyət çəkən ölkələr inanılmaz şəkildə hərəkətə keçib. Istər Gürcüstan, istər Moldova, eləcə də ərazisində konservləşdirilmiş Qarabağı olan digər ölkələr bu gün Ukraynanın yanındadır və onun bölünməzliyini dəstəkləyir. 

Yəqin siz də fərqindəsiniz, Ukrayna hadisələri başlanandan bəri başda ölkə başçısı olmaqla, digər rəsmilərin dilindən “Qarabağ” kəlməsi eşidilmir. Bir neçə deputat Qarabağın gününə düşmək təhlükəsində olan Krım haqda obyektiv fikirlər söyləməyə cəhd etsələr də, Krım-Qarabağ paralelindən diplomatik bir şəkildə yayına bildilər. 

Fəlakət ondadır ki, iqtidar hazırda Qarabağı ermənilər işğal edib deməyə də qorxur. Nədir bu həmrəylik, kimin kimlə həmrəyliyidir? Yəni Krıma olan diqqətdən istifadə edib, Qarabağ məsələsini gündəmə gətirmək bu qədərmi qorxuludur? 

Ölkədə demokratiyanın problemləri qabardılan zaman YAP-ın  ştatlı “Qarabağdan danışın” truppası da susmaqda davam edir. Son bir ayda telekanallar da bu haqda susur, sanki Qarabağ deyə bir problemimiz-filanımız yoxdur. “Alın”lardakı döyüş və Qarabağ yazıları da şou-bizneslə əvəz olunub. 

Halbuki tarixi bir fürsət yaranıb və dünya Qarabağı işğal edənlərə qarşı səlib yürüşünə start verib. Deməli, onların Ermənistan kimi forpostları da hədəfdədir. Aydın məsələdir ki, Qərb Ermənistanın Rusiyanın Krıma müdaxiləsinə münasibətini hardasa “anlayışla” qarşılaya bilər. Lakin Azərbaycanın hazırda Ukrayna ilə ən azı Krım məsələsində həmfikir olmaması, dolayı yolla rus-erməni işğalına haqq qazandırmaqdır. 

Ukraynada baş verənlər dünyanı Rusiyaya qarşı səfərbər etməkdə davam edir. ABŞ və Kanada, eləcə də Avropa Birliyinin ciddi sanksiyalar anonsu artıq öz işini görməkdədir – Rusiyada iqtisadi-siyasi böhran artıq başlayıb. Rublun kursu, “Qazprom” başda olmaqla bütün transmilli şirkətlərin səhmləri sürətlə aşağı düşməyə başlayıb. Iqtisadçılar ölkənin gündəlik itkisini 72-80 milyard civarında qiymətləndirirlər. Rusiyanın Ukrayna dirənişi bir neçə ay da davam edərsə, SRRI-nin 90-cı illərin əvvəlində yaşadığı aqibəti yaşaması qaçılmazdır. 

Bizimlə eyni dərddə olan, ərazisində ruslar tərəfindən işğal edilmiş, tanınmamış “Dnestyanı Respublikası” olan Moldova artıq hərəkətə keçib. Təkcə fevral-mart aylarında bu ölkəyə ABŞ-ın vitse-prezidenti Cozef Bayden və Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali müşaviri Ketrin Eşton səfər ediblər. Hər iki səfər Moldova hökumətinin səyi nəticəsində baş tutub. Bəli, Moldova hazırda Rusiyanın nüfuz dairəsində olsa da, gələcəyini Avropa Birliyində görür və bunu gizlətmək niyyətində deyil. 

Rusiya prezidenti Vladimir Putin bu dəfə ənənəsini pozaraq səfərlərin heç birinə reaksiya vermədi, çünki yuxarıda qeyd etdiyimiz kimi, o hazırda Qərbin təyziqləri haqda düşünür. Rusiya iqtisadi-siyasi böhranın astanasındadır və siyasi ambisiyalarında korrektə etmək zorundadır. 

Əvəzində Azərbaycan iqtidarı Qərbin Ukraynaya “başı qarışdığını” zənn edərək, müxalifətə, daha doğrusu Azərbaycan Xalq Cəbhəsi Partiyasına qarşı amansız repressiyaya start verib. Ukrayna hadisələri ilə paralel olaraq partiyanın qərərgahı partladıldı və ardından da söküldü. Eyni zamanda partiyanın ona yaxın funkisoneri və sıravi üzvləri həbs edildi. Özü də analoqu olmayan, heyrət doğuran motivlərlə. Hətta buna motiv deməyə də adamın dili gəlmir. Təsəvvür edin, bir gündə bütün cəbhəçilər həbs edilir və onların hamısının “günahı eyni olur” – ictimai asayişi pozmaq… 

Bu, “Azadlıq” qəzetinin bir neçə il əvvəl keçirilən yubileyində şadlıq evində “elektrikin kəsilməsi”nə bənzəyir. 

Işıqların kəsilməsinə baxmayaraq.., məclisin davam etməsini görən iqtidar, mərasimə müdaxilə etdi və biz oranı yarımçıq tərk etmək zorunda qaldıq. 

Iqtidar bununla kifayətlənmədi, ən yüksək səviyyədə “adamın işığını da kəsərlər, hələ o yana da keçərlər” deməkdən özünü saxlaya bilmədi. 

Qeyd etmək yerinə düşərdi ki, o vaxt da dünyanın başı ərəb inqilablarına qarışmışdı. 

Ilham Əliyev və komandası bir daha sübut etdi ki, onları Azərbaycanın, Qarabağın taleyindən çox yığdıqları milyardların taleyi maraqlandırır. 

Düşmənləri isə Qarabağı işğal edənlər yox, haqqını tələb edən Azərbaycan xalqının iradəsini ifadə edən müxalifət imiş…