
Bu gün Bakı Metropoliteni İdarəsinin qarşısında keçirilən etiraz aksiyasının səbəbi stansiyalarının keçidlərindəki ticarət köşklərinin yığışdırılması barədə qərar olub. Aksiyanı keçirən köşklərin sahibləri və işçiləri onların hüquqlarının pozulduğunu bəyan ediblər. Qeyd edək ki, stansiyalarda ticarətin ləğvi barədə Metropolitenin yeni rəisi Zaur Hüseynovun əmri köşk sahibləri və işçilərinə elə martın 11-i səhər saatlarında elan olunub. Maraqlıdır ki, hələ bir müddət əvvəl metrodan qəzet və kitabların satışı qadağan olunan zaman Əli Həsənov bildirmişdi ki, ümumiyyətlə stansiyalarının keçidlərindəki ticarətlə məşğul olmaq qeyri-qanunidir.
Bu baxımdan hazırda belə bir məsələnin gündəmə gəlməsi təsadüfi sayılmır. Amma hər bir halda o da nəzərə alınmalıdır ki, stansiyalardakı ticarət köşklərinin son təmirinin vəsaitinin bir hissəsi sahibkarlardan alınmışdı. Digər tərəfdən uzun müddətdir ki, stansiyalarda ticarətlə məşğul olan şəxslərin birdən-birə fəaliyyətinin qanunsuz elan edilməsi də maraq doğurur. Çünki əgər bu şəxslərin fəaliyyəti qanuna zidd idisə, nəyə görə ötən müddət ərzində onlar barəsində heç bir tədbir görülmürdü. Amma əvəzində köşklərin sahibləri hər ay icarə haqqı ödəyirdilər.

Müzəffər Baxışov: «Vaxtından əvvəl icarə müqaviləsinə xitam verilirsə, bu barədə xəbərdarlıq edilməlidir»
Hüquqşünas Müzəffər Baxışovun sözlərinə görə, əgər stansiyaların keçidlərindəki sahibkarların Metropolitenlə icarə müqaviləsi varsa və ikinci ona xitam vermək istəyirsə, imzalanan müqavilənin şərtlərin nəzər salmaq lazımdır. Bilinməlidir ki, müqavilənin şərtlərində birtərəfli qayda da müqaviləyə xitam verilməsi nəzərdə tutulub yoxsa-yox: «Əslində icarə müqaviləsinin tələblərinə görə vaxtından əvvəl icarə müqaviləsinə xitam verilirsə, bu barədə əvvəlcə xəbərdarlıq edilməli, daha sonra məhkəməyə müraciət olunmalıdır. Artıq məhkəmədə tərəflərin müqavilənin ləğv edilməsiylə əlaqədar hansı ziyan çəkməsi məhkəmədə sübut olunmalıdır. Normal hüquqi dövlətdə bu məsələlər məhkəmə yolu ilə tənzimlənir. Amma Azərbaycanda Metropoliten rəhbərliyi həmin ərazinin ağası olduğuna görə onlar istənilən qanunsuz tələblərini həyata keçirə bilir. Çünki Metropoliten rəhbərliyinin əlinin altında mühafizə xidməti, polislər var. Əgər sahibkar icarə müqaviləsini yerinə yetirməsələr onlar öz məqsədlərinə nail olacaqlar. Amma demokratik dövlətlərdə bütün bu proseslər məhkəmə yolu ilə tənzimlənir və tərəflərin hansı dərəcədə ziyan çəkməsi həmin məhkəmədə sübut olunur».
Məhəmməd Talıblı: «Sahibkarlara kompensasiya verilməli və onlar başqa yerdə ticarət obyekti ilə təmin olunmalıdırlar»
İqtisadi Təhlil İnstitutunun rəhbəri Məhəmməd Talıblı bildirdi ki, keçidlərdəki köşklərin sahibləri uzun müddətdirlər ki, Metropolitenin rəhbərliyi ilə müqavilə əsasında kommersiya fəaliyyəti ilə məşğul olurlar. Artıq müqavilənin özü təərəflər arasında öhdəliklər nəzərdə tutur. Əgər bu müqavilənin tələbləri pozulubsa, deməli sahibkarların hüquqları pozulub: «Əgər sahibkarların hüquqları pozulubsa, deməli onlar kompensasiya ilə təmin olunmalıdır. Nəzərə alınmalıdır ki, köşklərin sahibləri ticarət obyektlərinin normal işlək vəziyyətə gətirilməsi üçün müəyyən vəsait də xərcləyiblər. Deməli bu vətəndaşlar bu müddət ərzində həm qanuni vergi ödəyiblər, həm də onlardan rüşvət alınıb. Elə sahibkarlar da var ki, onlar yaxın müddət üçün deyil, uzun zaman üçün gəlir əldə etməyi planlaşdırırmış. Bu məqsədlə bankdan kredit götürənlər də olub və hazırda ticarət obyektlərinin bağlanması həmin kredit ödənişlərini mümkünsüz edir». M.Talıblı vurğuladı ki, digər bir atılmalı addım vətəndaşların gediş-gəlişinə mane olmayan yerlərdə sahibkarların ticarətlə məşğul olmasına şərait yaradılmalıdır.

Vahid Əhmədov: «İşə mən gəldim dəyişdim və dağıtdım tökdüm fikri ilə yanaşmaq olmaz»
Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə AzNews.az-a bildirib ki, Metropolitendə yeraltı keçidlərdə ticarət obyektlərini birdən-birə sökdürmək qərarı düzgün deyil. Deputat deyib ki, dəyişiklik naminə qəfildən belə bir addım atmaq təhlükəlidir və yolverilməzdir: “İşə mən gəldim dəyişdim və dağıtdım tökdüm fikri ilə yanaşmaq olmaz. Belə hərəkətlər yol verilməzdir. Azərbaycanın dövlət başçısı hər zaman məmurlara deyir ki, insanlarla rəftarda müəyyən qədər ehtiyatlı olmaq lazımdır. Əgər bu, doğurdanda qeyri-qanuni idisə, nəyə görə bu günədək sahibkarlara orada ticarət işi ilə məşğul olmağa icazə verilirdi? Çünki bizdə icazəsiz heç nə etmək olmaz. Mütləq sahibkarlar haradansa icazə alıb, fəaliyyət göstərirlər”.
V.Əhmədov əlavə edib ki, metropolitenin rəhbərliyi hökmən sahibkarlarla danışıqlar aparmalıdır: “İlk öncə sahibkarlarla danışıqlar aparılmalı və onlara dəyəcək ziyana görə, müəyyən qədər kompensasiya verilməlidir. Digər tərəfdən bu iş tədricən aparılmalıdır ki, sahibkarlar öz işlərini bilsinlər. Bu işi kortəbii görmək olmaz. Ən azından ona görə ki, bu, sahibkarların maliyyə itkisinə səbəb olacaq”.
Hikmət


