Çağın çağırılmışları

Kimsə çağa çağırılmır, ancaq çağın çağırılmışları olur. Bunu başqa cür də demək olar: çağın seçilmişləri. Elə bu seçilməliyin, seçkinliyin özündə də hayandansa çağırmaqlıq var. Haradan, hayandan? Içdənmi, dışdanmı? Bunu demək çətindir. Səni dışdan da çağıra bilərlər, içdən də. Sən hansısa dışdan olan çağırışın da ardındca gedə bilərsən, hansısa içdən olan çağırışın da. Hər ikisində yaxşılıq da ola bilər, yamanlıq da.

Başqa cür desək, hər ikisində sən yaxşılıq ardınca da gedə bilərsən, yamanlıq ardınca da. Istər dışdan, istər içdən olan çağırışın hər birində yaxşılıq istəyi də ola bilər, yamanlıq istəyi də. Başqa cür desək, hər ikisində yaxşılığa çağırış da ola bilər, yamanlığa çağırış da. Bax, burada seçim sənindir, seçim  yiyəsi sənsən. Yaxşı, yaman demək düz, əyri deməkdir. Lap dərinə getsək, belə olar: düz yollu, əyri yollu.

Mənim düz yollu dostum

Filologiya elmləri doktoru, professor Nazif Qəhrəmanlının ölümündən az qala iki il ötdü. Indi onunla bağlı keçmişi yada saldıqca elə bil yuxu görürəm. Qaç-qovla dolu qatmaqarışıq bir yuxu. Aradan vur-tut 30 ilə yaxın çağ keçib, ancaq bu az çağ mənə min il gimi görünür. Olub-keçənlərin çoxunu unutmuşam. Bir çox olmuşları da unutmuşam, tanıdığım bir çoxlarını da. Kimlərsə buna görə məni qınaya bilər, ancaq tək elə 1988-dən bu yana başıma gələnləri, içində olduğum olayları yazıya alsam, bircə-bircə yazıya alsam, qınağa yer qalmaz. Arxayın olun, bir daha deyirəm: olub-keçənlərin çoxunu unutmuşam. Eləcə də çox-çox illər qabaqcadan tanıdığım bir çoxlarını unutmuşam. Bu yerdə kimsə mənim yaddaşımın korlandığını düşünə bilər. Yox, bu, yaddaşlıq deyil: içi qaç-qovla dolu, qatmaqarışıq çağın, dönəmin suçudur. Böyük Çin düşünəri Konfusi demişdi: “Ən pis şey dəyişiklik dönəmində yaşamaqdır”. Biz belə bir PIS dönəmdə yaşayası olduq. Mənə gəlincə, mən o başdan bu başa bu PIS dönəmin qaynarında oldum. 

Bizim yaşadığımız dönəm kimi çağların el arasında çox düzgün, illərin sınağından çıxmış dəyərləndirməsi var: it yiyəsini tanımır. Bütün qanunların – içdənlik-mənəviyat qanunlarından tutmuş yüksək dövlət qanunlarınadək – hamısının baş-ayaq, kəsərsiz-gərəksiz duruma düşdüyü dönəm içində DÜZYOLLU olmaq, DÜZYOLLU olaraq qalmaq hamının deyil, yalnız – az-az, tək-tək seçilmişlərin üzərinə götürəcəyi, daşıyacağı bir yükdür. Bu isə yalnız dözümlü, ərdəmli kimsələrin tutacağı yol, boynuna götürəcəyi yolçuluqdur. Mənim yüz illik, min illik, milyon illik dostum Nazif Qəhrəmanlı belə kimsələrdən idi. Onunla sonralar dostluğa çevrilən tanışlığım yükünü kirayədə qaldığı bir evdən kirayədə qalacağı başqa evə köçürməkdən başladı. Məni onunla tələbəlik yoldaşım, çoxillik dostum Əli Həsənov tanış elədi (indi o da yoxdur!). Kirayədən kirayəyə köçmək, 20-ci yüzildə, Azərbaycanın başkəndində köçəri yaşamı yaşamaq  alın yazısı kimi… bizim yalnız bioqrafiyamızın deyil, dostluğumuzun da parlaq atributlarından olub. Biz türklərik, deyilmi?! 

Azərbaycan Xalq Hərəkatı başlayanadək biz çox yaxın olduq (elə Əli ilə, bir çox başqa dostlarla da). Hərəkat məni bir sel kimi alıb apardı… Siyasi yığıncaqlar, çalışmalar, çarpışmalar… Gerçəyə qalsa, o çağlar bizim hərəmizi bir sel alıb apardı. Illərin ayrılmaz dostları ikən biz istər-istəməz bir-birimizdən aralanıb-ayrılıb… ayrılıqlara qovuşduq. Arada görüşürdük, ancaq bizim üçün bu görüşlər yenisini qura bilmədiyimiz dağılmış bir dövlətin dağıntıları üzərində keçirilən görüşlər idi. Bizim yaşantılarımız da eləcə darmadağın idi. Çağın intellektualları olaraq illərlə dövlətimizin suverenliyini istəmiş, bu yolda ideya çarpışmalarından tutmuş Azadlıq meydanınadək hansısa çalışmalarımız da olmuşdu. Azadlıq meydanından, 20 Yanvardan keçməklə dövlət suverenliyini qazanmışdıq. Ancaq… düşmən dövlətlərin, düşmən güclərin yardımı, “sapı özümüzdən olan baltaların” qatqısıyla ölkədə kriminal rejim quruldu. Beləliklə, dövlət suverenliyimiz xalqımızın sovet rejimindəkindən qat-qat artıq hüquqsuzluğuna – köləliyinə gətirib çıxardı. Ideya-düşüncə adamları olaraq bunlar hamısı bizim dağıdıcı yaşam yaşantılarımıza dönüşdü. Belə bir sosial-siyasi axar içində biz ötən yüzilin başlanğıc çağlarının Amerikasında olduğu kimi… ITIRILMIŞ SOY (nəsil) statusu qazandıq! 

Sovet dönəmində, yeniyetməlik çağlarımızda Amerika yazıçılarında – T.Drayzerdə, C.Londonda, sonralar E.Heminqueydə, F.Fisceraldda – oxuyub-gördüklərimiz yerli özəlliklərə uyğun olaraq öz başımıza gəldi. Dağılmaqda olan bir dövlətdən qurulmaqda olan bir dövlətə gedən yolda nələr ola bilərsə, hamısı oldu. Mən, sən, biz – hamımız birlikdə, ayrı-ayrı sosial-siyasi çevrələr içində istər-istəməz o yolu keçəsi olduq. Keçib gəldiyimiz bu uzun, ağrı-acı dolu yolda biz üzümüzü güldürməkdən hələ də uzaq görünən SUVEREN dövlət qazandıq – öz dövlətimizi! Özgələr əlində ÖZ dövlətimiz – burası yamandır! Bu qansız-amansız yamanlıq içində  DÜZYOLLULARIN yolu dalana, çıxılmaz dağa dirəndi. Bu dönəm DÜZYOLLULAR üçün iynəylə gor qazmaq dönəmi oldu. Mənim DÜZYOLLU dostum Nazif belə bir dönəm içində yaşayıb-yaratmaq ağrılarına qatlaşanlardan oldu. 

Çətindən çətin keçənəcək-dolanışıq içində o, filologiya elmləri doktoru, professor adını qazandı. Bir çoxları kimi başqa çağırışa uyub, başqa yol tutsaydı, çox yaxşı yaşayardı. Ancaq o, başqa yol tutmadı, BAŞ yolu tutdu – ÖNCƏ Ölkəm yolunu! Bunu onun – tənqidçi, araşdırıcı, publisist, yazıçı, çevirməçi Nazif Qəhrəmanlının – geniş yaradıcılığından da görmək olar. Onun yaradıcılıq sferası çox geniş, amacı aydın, yolu düzgün idi. Nazifin yaradıcılığı qısaca desək, ulusal, demokratik yönümlüdür. Bunu onun çoxsaylı araşdırma örnəkləri açıq göstərir. Baxın: Mikayıl Müşfiq, Əhməd Cavad, Almaz Ildırım, Nəsib bəy Yusifbəyli, Bəkir Çobanzadə, Salman Mümtaz, Səməd Mənsur, Əliyusif Yusifzadə… Bilənlər bilir “37″lərdən, sovet repressiya rejimindən keçmiş bu adamların hər birinin yaşam yolu, bunların hər biri ilə bağlı aparılan araşdırma araşdırıcıdan böyük dözüm istəyir. Onların ağrı-acı dolu yaşam yolunu araşdırdıqca istər-istəməz sən özün də o çağkı yaşantıları yaşamalı olacaqsan. Yuxarıda göstərildiyi kimi, çağımızın gerçəkləri ilə o çağkı gerçəklər, çağımızın yaşantıları ilə o çağkı yaşantılar arasındakı oxşarlıq, bu oxşarlığın assosiativ etkisi ilə Nazif bəlli araşdırmalara baş vurmuşdu. Beləcə, onun özünün, çağdaşlarının yaşantıları ilə obrazlarının yaşantıları; özünün, çağdaşlarının sarsıntıları ilə obrazlarının sarsıntıları yalnız keçmiş deyil, BUGÜN olaraq da etkili, aktual idi!       

Nazif ürəyindən getdi. Nazifin başlıca araşdırma materialları ideya-siyasi, mənəvi-psixoloji yükünə görə ən sağlam ürəyi belə sarsıdacaq materiallardır. Onun araşdırmaları nə ad, nə də pul qazanmaq istəyinə bağlı idi; bu araşdırmaların kökündə Nazifin özünün böyük Yurddaş Yanqısı dayanırdı. Götürək elə onun “Nəsib bəy nümunəsi” araşdırma toplusunu. Baş baxan olmuş Nəsib bəy bütün varlığıyla Azərbaycanı sevən, bu yolda təkcə varından deyil, canından da keçən kimsə idi. Nazifin bacısı oğlu Elçin Novruzlu dayısı ilə bağlı yazır: “O, çox nisgilli adam idi. Itkiləri ilə yanaşı, bacı-qardaşını, qohum-əqrabanı, işsizlik, kasıbçılıq ucbatından Rusiya şəhərlərinə səpələnmiş kəndimizin camaatını daim düşünən bir oğul, bir vətəndaş idi…” Mənim tanıdığım Nazif bəy bütün Azərbaycanı kəndi kimi, kəndini bütün Azərbaycan kimi görən, düşünən, sevən böyük yurddaş idi. 

Unudulmaz Nazif Qəhrəmanlı 

Filologiya elmləri doktoru, professor Vaqif Arzumanlının başçılığı ilə dostları, iş, tələbə yoldaşları Nazif bəyin adına çox yaxşı bir kitab çıxarıblar (Bakı-Qartal-2013). Bu, dostların yoldaşların, Nazifsevərlərin anım kitabıdır. Kitabın ortaya çıxmasında Vaqif Arzumanlının, bir çox dostların, eləcə də Nazifi çox sevən bacısı oğlu Elçin Novruzlunun böyük əməyi olub. Buna görə onlara böyük alqış düşür. Bu bir örnəkdir. Belə örnəklərin çoxluğu Naziflərin çoxluğuna yönəlik işlərdəndir. Açıq deyirəm: bu kitabı oxuyandan sonra çoxillik dostum Nazif Qəhrəmanlını daha yaxşı, deyərdim, bütünlüklə tanıya bildim. Belə tanıtmalar isə bir ulusun, ölkənin özünü tanıması, tanıyıb dəyərləndirməsi baxımından olduqca önəmlidir. Iş bu yazıların hansının necəliyində deyil, hamısının bütöv bir obraz – Nazif Qəhrəmanlı obrazı yaratmaq dəyərindədir. 

Bizim hər birimizin özümüzə görə baxış bucağımız, dəyərləndirmə ölçümüz var. Sözsüz, burada bütövlük ola bilməz. Ən obyektiv kimsə olsaq belə. Gerçəkdən obyektiv dəyərləndirmə, ayrı-ayrı baxış bucaqlarının, ayrı-ayrı ölçülərin toplusu gərəkdir. Bir örnək: tələbə yoldaşları-dostları Rəhim Əliyevlə Əli Əmirlinin Naziflə bağlı yazıları ürəkdən süzülən çox dəyərli, gözəl söz sovqatıdır, ancaq… bütöv Nazif obrazı deyil. Bütöv Nazif obrazı toplu olaraq bir kitabdan ortaya çıxır. Mən bununla kiminsə, kimlərinsə əməyini aşağılamaq düşüncəsində deyiləm, istəyim bizdə çox az ortaya çıxan belə kitabların gərəkliliyini vurğulamaqdır. Bu sayaq kitablar yalnız bu gün üçün deyil, bəlkə də, bugündən çox gələcək üçündür, gələcəyimiz üçün gərəklidir. Kitabdakı ayrı-ayrı yazılarda elə yerlər var onları yalnız bir obrazın, bir xarakterin ideya-mənəvi portreti deyil, bütöv bir dönəmin, bütöv bir epoxanın sosial-siyasi, mənəvi-psixoloji portreti saymaq olar. 

Budur, iş yoldaşı, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırovanın anım yazısından bir parça: “Təmirdən sonra bizə yeni stol-stul dəstləri gətirəndə Nazif müəllim: ”Mənim stolumu pəncərənin yanına qoyun, üzü işığa işləməyi xoşlayıram”,- dedi. Sən demə, arxivlərdə neçə-neçə qaranlıq taleni dünya işığına çıxaran, öz zəka işığını az tədqiq olunmuş, fəaliyyətlərini rəflərdə toz basmış ədəbi şəxsiyyət və simaların yaradıcılıqları üzərinə salan bu təmənnasız alimin ömür sürdüyü mənzildə bircə pəncərəsi belə yox imiş. Nazif müəllimin başsağlığına gedəndə alimin yaşadığı evi görəndə çox təəccübləndik. Ilahi, o əsərlər bu yarıqaranlıq otaqdamı yazılıb?! Görünür, Nazif müəllim içindəki işığın şöləsində işləyirmiş. Ömrünü arxiv rəflərinin kənarında şam kimi əridən, özünü tükədən alimin səssiz ölümü, məncə, dözə bilmədiyi çox şeylərə səssiz etiraz idi. EPOXA! Seçilmişlərin sevilmədiyi, gözdən salındığı epoxa!

Belə! Nazif olduqca işıqlı adam idi – işıqlı adam, işıqlı alim! Istənilən işıqlı adamın qaranlıq siyasətlərin doğurduğu qaranlıq ölkədə yaşaması faciədir. Alimin, üstəlik, çox işıqlı alimin, qaranlıq ölkəsində, qaranlıq içində yaşaması yüz qat faciədir. Özü də bu yalnız alimin faciəsi deyil, bütöv bir ölkənin, o ölkədə yaşayanların faciəsidir. Ən başlıcası da o ölkə Azərbaycan kimi milyardlarla gəlir gələn neft-qaz ölkəsidirsə. Milyardlarla gəlir gələn hər hansı ölkənin olduqca çalışqan, işıqlı bir alimi (yüzlərlə alim bir yana) qaranlıq içində yaşayıb işləməli olursa, demək, o ölkənin gələcəyi yoxdur, ola bilməz! Demək, o ölkənin yalnız bügünü deyil, gələcəyi də qaranlıqdır. Bu isə istənilən gerçək alimin (rejim alimlərinin yox!) sıxıntılı gündüzləri, yuxusuz gecələri, üzüntülü yaşam yaşantıları deməkdir. Alimi urvatsız ölkə urvatlı ola bilməz – indiki Azərbaycan kimi! 

Praktik olaraq bu, bir yandan harınlayıb qudurmuşların göydələnlərə bürünmüş “neft və milyonlar səltənəti”, o biri yandan “Milli Elmlər Akademiyası” alimi 300 manata ürəyində infarkt gəzdirən korrupsiya dövləti deməkdir. Dövlətsiz alim ola bilər, ancaq alimsiz dövlət ola bilməz. Bugünkü Azərbaycan dövləti alimsiz dövlətdir, daha doğrusu, alimin alim yerinə qoyulmadığı, alimə alim dəyəri verilmədiyi, alimə alim sayğısı göstərilmədiyi  dövlətdir. “Yeni” Azərbaycan ürəyində infarkt gəzdirən alimlər ölkəsidir. Bu ölkə dəyişməlidir! Biz bu ölkəni dəyişməliyik: sosial-siyasi baxımdan! Bu ölkənin qurtuluşu yolsuzların yaratdığı yolsuzluqdan qurtulmaqdadır. Bizim önümüzdə Nazif Qəhrəmanlının da seçib sevdiyi açıq-aydın, doğru-düzgün bir yol var: Məhəmməd Əmin Rəsulzadə, Nəsibəy Yusifbəyli yolu – örnək bir yol!