“Amnesty İnternational”dan hakimiyyətə sərt tələb

“Etiraz aksiyalarının keçirilməsinə icazə verilməlidir; həbs olunanlar dərhal azad edilməlidir”

“Azərbaycan rejimi açıq-aşkar göstərir ki, istənilən fərqli düşüncəni boğacaq”

 

“Azərbaycan hakimiyyəti müxalifət liderlərinin qorxudulmasına son qoymalıdır. Bu, hökumət əleyhinə etiraz aksiyalarının iştirakçılarının saxlanılması və polislər tərəfindən döyülməsində özünü biruzə verib”. Bunu “Amnesty İnternational” beynəlxalq hüquq-müdafiə təşkilatı aprelin 7-də yaydığı bəyanatda bildirib.
“Müsavat və Xalq Cəbhəsi partiyalarının fəalları aprelin 2-də «Böyük Qəzəb Günü» saxlanılıblar və ictimai asayişi ciddi şəkildə pozmaqda ittiham olunublar.
Hakimiyyət rəsimisi çərşənbə günü xəbərdarlıq edib ki, hökumət aprelin 16-na təyin edilmiş növbəti aksiyanın qarşısını da qətiyyətlə alacaq.
Azərbaycan rejimi açıq-aşkar göstərir ki, istənilən fərqli düşüncəni sistemli şəkildə və amansızca boğacaq”, – deyə “Amnesty İnternational”ın direktor müavini Con Dalusen bildirib.

«Aparıcı müxalifət xadimlərinin bu cür məqsədyönlü təqibinə son qoyulmalıdır və hakimiyyət ictimai etiraz aksiyalarının keçirilməsinə icazə verməlidir», – deyə o bildirib.

Dalusen bildirib ki, yüzlərlə polis Yaxın Şərq və Şimali Afrikada xalq hərəkatlarından ilham almış etirazçıların qarşısını almaq üçün Bakının mərkəzinə cəm edilmişdi. Aksiyanın dağıdılması zamanı 200-ə yaxın iştirakçı saxlanılıb, daha 17 fəal və təşkilatçı aksiyadan bir neçə gün əvvəl həbs edilib.
«Azərbaycan hökuməti sadəcə dinc yolla siyasi dəyişikliklər tələb etdiklərinə görə həbs edilənləri dərhal azad etməli və bütün amansızlıq və fəalların təqibi faktlarını ətraflı araşdırmalıdır», deyə Dalusen bildirib.

Azərbaycan hakimiyyəti müxalifət fəallarını kütləvi iğtişaşlar törətməkdə və polisə tabe olmamaqda, qanunsuz silah saxlamaqda və milli ayrı-seçkilik salmaqda ittiham edib.

Azərbaycan hakimiyyəti həmçinin Fransada olan, facebook 11 mart və 2 aprel aksiyalarına çağırış səhifələrinin hazırlanmasında iştirak etmiş gənc fəal Elnur Məcidliyə qarşı cinayət işi açıb (“Turan”).