ATƏT-in Minsk qrupu təhlükədə

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Kremlin Ukraynadakı son addımlarının Cənubi Qafqaza necə təsir edə biləcəyi ilə bağlı maraqlı fikirlər səsləndirib. «Azadlıq radiosu»na müsahibəsində səfir vurğulayıb ki, Qərb Rusiyanın Krımın birtərəfli şəkildə Ukraynadan ayrılmasına dəstək verməsinə sərt cavab verməlidir. R.Kozlariç hesab edir ki, əslində hazırda Rusiyanın Krımda yürütdüyü siyasətin onun Minsk qrupundakı rolunu da şübhə altına alır: «ABŞ və Avropa Birliyinin bu məsələdə əməkdaşlığı və birliyi həmin cavabın effektiv olması üçün mühümdür. İndiki şəriatdə Rusiya ilə hansı məsələlərdə əməkdaşlığın münasib olub-olmaması məsələsinə gəldikdə, məncə, yenidən baxılası məsələlərdən biri də Rusiyanın ATƏT-in Minsk qrupundakı rolu olmalıdır. 2008-ci ildə Gürcüstanda olduğu kimi, indi Ukraynada da Rusiya birtərəfli şəkildə hərbi müdaxilə yolunu seçib – həmsərhəd olduğu regionlarla bağlı məsələlərdə beynəlxalq diplomatik əməkdaşlığı seçmək əvəzinə. Bu belə bir məsələni aktuallaşdırır ki, Rusiya ATƏT-in Minsk qrupunda müsbət rol oynaya bilərmi? Axı Rusiya nəinki ABŞ və AB-nin Ukrayna məsələsində əməkdaşlıq təkliflərini rədd edib, hətta ATƏT-in orada müşahidə missiyası yerinə yetirməsinin qarşısını alıb».

Keçmiş səfir hesab edir ki, Krımda referendumla bağlı səslənən təkliflər də narahallıq doğurur. Çünki Rusiyanın bunun əslində bu tip məsələlərdə hansı addım ata biləcəyini sərgiləyir: «Rusiya bununla bir nümunə göstərir ki, Dağlıq Qarabağdakı hakimiyyət də öz referendumunu keçirə, ya müstəqil ola, ya da Ermənistana birləşə bilər».

Maraqlıdır ki, hazırda Rusiyanın hazırda Ukraynada separatizmi açıq şəkildə dəstəkləyən addımları və ABŞ-la açıq konfrantasiyada olması nəzərə alınarsa, bu ATƏT-in Minsk qurupunun işinə necə təsir edə bilər?

Vəfa Quluzadə: «Ukrayna problemi həll olunmayana qədər Minsk qrupu Qarabağla bağlı heç bir addım ata bilməyəcək»

Politoloq Vəfa Quluzadə hesab edir ki, rusiyanın hazırda atdığı addımlar bir daha təsdiq edir ki, Putin Rusiyası SSRİ-nin davamıdır. Rusiyanın imperialist ambisiyalarla yaşadığını deyən V.Quluzadə bildirdi ki, Putin özü dəfələrlə açıqlamalarında bəyan edib ki, sovet ittifaqının çöməsi ciddi səhv olub: «Rusiyanın yürütdüyü imperialist siyasət bu gün onu Ukraynada NATO və Qərblə  üz-üzə qoyub. Ukrayna problemi həll olunmayana qədər Minsk qrupu Qarabağ münaqişəsiylə bağlı heç bir addım ata bilməyəcək. Rusiyanın Minsk qrupundakı fəaliyyəti münaqişəni istədiyi istiqamətə yönəltməyə hesablanıb. Rusiya hazırda Qarabağ probleminin həllini bilərəkdən dondurub».

Amma Rusiyanın SSRİ zamanındakı kimi sərt siyasət yürüdə bilməyəcəyini deyən V.Quluzadə vurğuladı ki, Rusiya hazırda maliyyə baxımından Qərbdən asılıdır. Krımdakı hadisələrin istənilən vaxt hərbi qarşıdurmaya keçə biləcəyini deyən V.Quluzadə vurğuladı ki, NATO-nun da hətta proseslərə müdaxilə edəcəyi istisna deyil.

Xəyal