Polisə müqavimət adı ilə 20 sutka həbs cəzası verilən AXCP-nin gənc fəallarından biri Türkel Əlisoyun polisdə saxlanma zamanı işgəncəyə məruz qaldığı üzə çıxıb. Bununla bağlı partiya bəyanatla çıxış edib. Bəyanatda deyilir:
“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) qondarma ittihamlarla həbsə atılan gənc siyasi fəal, AXCP üzvü Türkel Əlisoyun martın 8-də ictimailəşən məktubunu yerli və beynəlxalq aləm üçün həyacan təbili sayır.
Türkel Əlisoy 5 martda heç bir əsas olmadan, ancaq tənqidi müxalif mövqeyinə görə polis tərəfindən oğurlanıb. Bir sutka gizlədildikdən sonra məhkəmə önünə çıxarılaraq “polisə müqavimət göstərmə” adı ilə 20 sutka həbslə cəzalandırılıb.
Ötən gün təcridxanadan Türkel Əlisoy məktub göndərərək ona Xətai rayon polis idarəsində əqidəsindən döndərilmə, ələ alınma cəhdindən, “polisin adamı olması” üçün ona verilən işgəncələrdən yazıb.
Bəlli olub ki, Azərbaycan hüquq mühafizə orqanları hakimiyyətin siyasi sifarişlərinin icraçısı deyil, əksinə siyasi hakimiyyətin özüdür.
Türkel Əlisoy yazır ki, polis idarəsində və bölməsində onu qandallayaraq döyüb, təhqir ediblər, yemək-içməkdən məhrum ediblər. Bütün bunlar ancaq ona görə olub ki, cəbhəçi gənci öz iradəsi əleyhinə yönəltmək olmayıb.
Daha sonra cəbhəçi gənc “ya narkotik, ya da polisə müqavimət maddəsi” seçimi qarşısında qoyulub.
Çox simvolikdir ki, Türkelə bu işgəncələri verənlərin başında İlham Əliyevin “igidliyə görə” medalla təltif etdiyi Cavid Usubov dayanıb.
AXCP baş verənləri şiddətlə pisləyir və polisin bu anti-insani hərəkətinə görə birbaşa İlham Əliyevin məsuliyyət daşıdığını bəyan edir.
Azərbaycan polisinin siyasi fəallara qarşı belə vəhşi davranışının əsas səbəbi heç şübhəsiz ki, İlham Əliyevin “mən heç bir polisi cəzalandırmayacağam” bəyanatına dayanır.
AXCP hakimiyyətdən tələb edir ki, qanunsuz həbsləri dayandırmağa cəsarət göstərə bilmirsə, heç olmasa mərdlik göstərib, ləyaqətli düşmən olmağı bacarsın. Tutduğu günahsız insanların tam müdafiəsizliyindən istifadə edib, onlara əsir və girovlara tətbiq edilən işgəncələri verməsin.
AXCP beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarını Azərbaycanda polis sistemində yer alan “işgəncə ocaqlarına”, Avropa Şurasına üzv olan dövlətin hansı biyabırçı əməllərlə məşğul olmasına diqqət ayrımağa çağırış edir”.


