“Nurçu”luq zülmün yanında yer almaqdırsa…

I yazı

Son iyirmi ildə Azərbaycan sözün əsl mənasında dini təriqətlərin poliqonuna, sınaq meydanına çevrilib. “Yahova şahidləri”ndən tutmuş buddizmin fərqli inanclarına qədər dünyanın ən əsrarəngiz dini cərəyanları çox qısa müddətdə bu ölkədə təşkilatlanmağı bacara bilmişdir. Bu çox geniş və araşdırma tələb edən bir mövzudur. Bəri başdan deyim ki, bunun tolerantlıqla heç bir əlaqəsi yoxdur. Əksinə, araşdırmalar bu təriqətlərə qulluq edənlərin hansı sosial kəsimə aid olması ilə paralel surətdə aparılan zaman ortaya danılmaz gerçəklər çıxır. Bəlkə də sizə qəribə gələcək, amma təriqətlərin çox qısa müddətdə özlərinə bu qədər tərəfdar toplaması ilk növbədə insanların maddi vəziyyətinin dözülməz olması ilə əlaqədardır. Kiçik bir maddi stimul nəticəsində zavallı insanları təsir altına almağın bu qədər asan olduğu ölkədə yaşadığımız acı bir gerçəkdir. O səbəbdən təriqətlər, xüsusən də islami cərəyanlar inanılmaz sürətlə təşkilatlanırlar və getdikcə gücə çevrilməyi bacarırlar. 

…”Hizmət”lə “xidmət”in arasındakı elə bir güclü fərq olmasa da, razılaşın ki, hizmət sözü şüurumuza bir az təmənnasız kimi hopub. Yəni xidmətin hər sahəsi üçün tələb edilən müəyyən ödəniş olduğu halda, ilahi və humanitar bir fraza olan hizmətdə pul söhbəti ikinci dərəcəlidir. Qardaş Türkiyədə, eləcə də keçən əsrin əvvəllərində Azərbaycanda adının qabağında “hizmət” olan qurumlar adətən dövlətə,  humanizmə söykənirdi və fəaliyyəti də təmənnasız olurdu. Hazırda Azərbaycanda “hizmət” kəlmənin tam anlamında öz əski mənasını itirib və ilk ağla gələn “nurçu”lar, vətəndaşlara xidmətə görə sunulan yüksək tarif, Xəzər televiziyası və…  qalmaqal olur. 

… Keçən ilin noyabr ayında mənim “Azadlıq”da “Beləmi söyləmişdi Fəthullah Gülən?” adlı köşə yazım çıxmışdı. O zaman nə Ərdoğan-Gülən savaşı var idi, nə də Azərbaycandakı “nurçu” qalmaqalları. Həmin yazımda “nurçu”ların Azərbaycanda haqqın yanında olmadıqlarından, ideya və missiyalarını “haradasa” unutduqlarından yazmışdım.  Yazıya səbəb özəl bir klinikanın Ibrahim adlı “nurçu” baş həkimin qeyri-humanist davranışı idi və mən ilk dəfə bir “nurçu”nun iqtidarın adından hədə-qorxu gəlməyini eşidirdim. Cəmi bir neçə ay keçdi və onun nədən bu qədər arxayın olması məlum oldu…

Sünni təmayüllü “nurçu” təriqətinin, əhalisinin əksəriyyətinin şiə olduğu Azərbaycanda gücə çevrilməsinin səbəbləri haqda müxtəlif fikirlər, iddialar irəli sürülür. Kimi bunu onların təhsildəki uğurları ilə, kimi iqtidar nümayəndələrini və deputatları pulla ələ almağında, kimisi isə bunu təhdid və şantaj yolu ilə əldə edildiyini söyləyir (növbəti saylarımızda bu məsələ haqqında ətraflı söhbət açmağa çalışacam – X.Ə.).

Iki deputatın – Qüdrət Həsənquliyevin və Etibar Hüseynovun “nurçu” qalmaqalı ilə bağlı daban-dabana ziddiyyət təşkil edən fikirləri ilə tanış olaq. Əvvəlcə “nurçu”larla əlaqəsi olduğu güman edilən deputat Qənirə Paşayevanı müdafiə edən Q.Həsənquliyevdən sitat gətirək: “Millət üçün bütün gücünü, enerjisini və potensialını əsirgəməyən bir adamı (Qənirə xanımı nəzərdə tutur – X.Ə.) ”nurçu”luqda itiham etmək ədalətsizlik və qanunsuzluq bir yana, ən böyük günahdır”.

Indi isə E.Hüseynovun fikirləri ilə tanış olaq: “Əgər ”nurçu”luq millətə və dövlətə sədaqətlə, vicdanla yorulmadan xidmət etməyə deyilirsə… Onda bu gündən mən də “nurçu”yam”. 

Göründüyü kimi, təriqətin bəzi deputatlara ayda 5 min manat verməsi xəbərindən qəzəblənənlər də var, həvəsə düşənlər də…

Azərbaycandakı fəaliyyətindən çox Türkiyə səfərləri ilə gündəmə gələn Qənirə Paşayevanın, eləcə də qalmaqalda adı keçən digər deputatların indiyədək susmaları və dağınıq savunmaları da olduqca maraqlıdır. Onların başqa bir qismi  isə, ənənəvi olaraq “nurçu”ların ölkəmizdə gördüyü işləri təqdir edir, lakin onlarla əlaqələrinin olmasından diplomatik şəkildə yayınırlar.

“Nurçu”ların maliyyə qaynaqlarının yeganə mənbəyi Azərbaycan xalqı olduğu halda, onun bir hissəsini xeyriyyəçiliyə də sərf etmək olardı. Lakin Fəthullah Gülənin Azərbaycandakı tərəfdarları nədənsə xalqı əzən bir rejimi bəsləməyə üstünlük verirlər. Başa düşürük, ölkədə korrupsiya və rüşvətxorluq baş alıb gedir. Lakin onsuz da zor şərtlər altında yaşayan insanların belinə bir də “hizmət” yükləmək Allaha da xoş getməz.

“Biz siyasətə qarışmırıq, amalımız türk toplumuna hizmətdir” deyən Fəthullah Gülən, razılaşın ki, Azərbaycandan o qədər də səmimi görünmür…