Müəmmalı partlayış və sifarişli həbslər…

«Amnesty International» AXCP ətrafında baş verənlərdən yazır

 

“Azərbaycanın müxalifət həyatında bir gün”

“Birinci gün saat 4.35-də telefon zəng çalanda Natiq Ədilov bildi ki, pis xəbərlər eşidəcək. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sözçüsü telefonu qulaqlarına yaxınlaşdıranda iki həmkarının həyəcanlı səsini eşitdi. Ona paytaxt Bakıda yerləşən qərərgahlarının partladıldığını söylədilər”.

Bu sətirlər AXCP-nin icarəyə götürdüyü qərargahın partladılaraq sökülməsi, eyni zamanda partiya fəallarının ardıcıl həbsi barədə «Amnesty International» təşkilatının hazırladığı məqalədəndir.

Məqalənin davamında deyilir:

“Natiq qərargaha çatanda artıq səhər açılmışdı və orada dağıntı səhnəsi var idi. Binanın sağ tərəfində pəncərələr zirzəmidən qalxan tüstülərdən qapqara olmuşdu”.

Natiq “Amnesty International”a bildirdi ki, mən orada paslanmış və deşilmiş qaz balonunu gördüm.

Yanğınsöndürənlər bildirdilər ki, partlayış zirzəmidə yerləşən bərbərxanada propan qazının sızmasından baş verib. Bərbər isə deyir ki, bərbərxanada qazdan istifadə olunmur və orada qaz balonları yox idi.

Hüquq-müdafiə təşkilatları, həmçinin “Amnesty International” hesab edir ki, Azərbaycan hakimiyyəti onu tənqid edən siyasi partiya mənsublarını, ictimai fəalları və jurnalistləri dayandırmaq üçün hər cür yoldan istifadə edir.

Natiq hesab edir ki, birinci gün baş vermiş partlayış təsadüfi deyil: “Partlayış haqda eşidəndə nəyin baş verdiyini təxmin etdim və şok olmadım. Bizim partiyamız təşəkkül tapan gündən biz belə hücumları qarşılayırıq və bu kimi hadisələrə hazırıq”.

Binanın Türkiyədə yaşayan sahibi hökumət nümayəndələrindən  özünün və ailəsinin ünvanına hədələr aldığını bildirir. Partlayışdan bir gün sonra o, hökumət nümayəndəsilə danışıqlarının gizli yazısını mediaya ötürdü və internetdə yaydı.

Sahibi deyir ki, bu bina uzun illərdir onun mülkiyyəti olmasına baxmayaraq, hədələri, ancaq binanı 2012-ci ildə bir siyasi partiyaya icarəyə verdikdən sonra alıb. Bu hədələr 12 oktyabr 2013-cü ildən daha da artıb.

“AXCP-nin qərargahının partladılması onun işini pozmaq yolunda sonuncu xətt idi. Bizim üzvlərimiz hər gün təzyiqlərə məruz qalırlar. Bəziləri işlərini itirirlər, bəziləri bizneslərini itirirlər, bəziləri isə həbs olunurlar. Mən 1996-cı ildən partiyanın üzvüyəm və üzvlərimizin həbsdə olmadığı bir ili xatırlamıram”, – deyə Natiq bildirir. Əlavə edir ki, partiyanın regiondakı şöbələri üzvlərin evlərində  fəaliyyət göstərməli olur və bu halda da onları rahat buraxmırlar. Son iki həftə ərzində partiyanın 6 fəalı polisə müqavimət iddiası ilə həbs olunub. Onların arasında 18 yaşlı Tofiq Dadaşov da var. O, 22 fevralda mülki geyimli polislərin onun evinə girməsi və kompüterinin müsadirə edilməsilə həbs olunub.

Tofiq daha sonra Binəqədi Rayon Polis Idarəsinə gətirilib və orada iki gün ac-susuz saxlanılıb. Fevralın 24-də Tofiq polisə müqavimət ittihamı ilə 10 sutka həbs olunub. Ailəsi hesab edir ki, o, “facebook” səhifəsində Bakı meri əleyhinə etiraz aksiyasına çağırış etdiyinə görə həbs olunub.

Bir neçə gün sonra – 27 fevralda partiyanın Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli öz evində həbs olunub. Polis iddia edir ki, Təzəxan Mirələmli telefonla danışarkən özünü şübhəli aparıb və təhqiramiz ifadələr səsləndirib və bu səbəbdən həbs olunub. Təzəxan Mirələmli də polisə müqavimət ittihamı ilə 15 sutka həbs cəzası alıb. O da etiraz aksiyasında iştirak etməyi planlaşdırırdı.

Natiq deyir ki, gizli əməliyyatlar və həbslər partiyanın işinə, həmçinin partiyaya olan dəstəyə çox da mane olmur. Onun sözlərinə görə, təmsil etdiyi partiyaya ictimai etimad günü-gündən artır: “Biz mübarizəmizi heç nəyə baxmayaraq, davam etdiririk. Hesab edirik ki, dinc yolla demokratiyaya keçidi təmin etmək üçün mübarizənin önündə olmalıyıq”.

P.S. Bu məqalə 5 martda “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatının saytında (www.amnestyusa.org) yayımlanıb.