Haaqada Əliyevlərə qarşı etiraz aksiyası

Nederland parlamentində təmsil olunan 4 partiyanın deputatları Azərbaycan məmurlarına sanksiya tətbiq olunacağını deyiblər

 

Dünən Hollandiyanın Haaqa şəhərində (Den Haag) azərbaycanlı siyasi mühacirlər “Azərbaycanda Diktaturaya Son”, “İlham Əliyevə istefa”, “Azərbaycanın korrupsioner məmurlarına qarşı embarqo tətbiq edilsin” və sair tələblərlə aksiya keçiriblər. Aksiyanın əsas məqsədlərindən biri də Azərbaycanda İctimai Palatanın keçirdiyi aksiyalara dəstək vermək olub. 30-dan çox siyasi mühacir və tələbənin qatıldığı aksiyaya dəstək olaraq Hollandiya Parlamentinin iki deputatı – SP Partiyasından cənab van Bommel və D66 Partiyasından xanım Hachichi, Türk Gənclik Federasiyasının nümayəndələri, Nederlandın ən böyük siyasi gənclər təşkilatı olan Gənc Demokratların beynəlxalq məsələlər üzrə katibi qatılıb.

 

Aksiyada çıxış edən siyasi mühacirlər – Eldəniz Yusifov, Fikrət Hüseynli, Rəşad Sadıqov, Sabir Budaqov və digələri İlham Əliyevi azad düşüncəli insanlara qarşı təqib və təzyiqlərə dərhal son qoymağa, saxta ittihamlarla həbs olunan müstəqil təfəkkür daşıyıcısı olan insanları azadlığa buraxmağa və ölkədə siyasi-iqtisadi islahatlara başlamağa, yeni parlament seçkiləri keçirməyə səsləyiblər.

Gənc bloqqer Araz Önər şəhid ailəsinə pul müqabilində məzar yeri satılmasını hakimiyyətin iç üzünü açan bir hərəkət olduğunu bildirərək siyasi məhbuslara azadlıq verilməsini, İlham Əliyevin istefaya göndərilməsini tələb edib.  İsa Yusifli isə öz çıxışında Yaxın Şərqdə illərdir diktatura rejimi altında əzilən xalqların azadlıq istəklərinin yenidən dirçəlməsini, yeni demokratiya dalğasının Azərbaycandan da yan keçməyəcəyini vurğulamışdır. Bunun bariz nümunəsi kimi  11 mart aksiyası və demokratik müxalifətin 12 mart, 2 aprel aksiyalarını nümunə çəkmişdir. Qeyd etmişdir ki, Azərbaycan xalqının öz müqəddəratını kiçik bir mafioz qrupun yox, özünün müəyyənləşdirəcəyi gün uzaq da deyil.

Bloqqer Tural Amin çıxışında Azərbaycan hakimiyyətinin gənclərə qarşı təqib, təzyiq və təhqir siyasətini pisləyərək bu addımların iqtidarı məhvə apardığını söyləyib. Gənc Demokratlar təşkilatının katibi cənab Burgers isə çıxışında İlham Əliyevin saxta seçkilər nəticəsində 2003-cü ildə prezident kürsüsünə əyləşdikdən sonra Azərbaycanda siyasi hüquqların de-fakto ləğv olunduğunu, İlham Əliyevin son olaylardan nəticə çıxarmasının vacib olduğunu dilə gətirib.  Aksiyaya qonaq qismindı qatılan deputatlardan cənab van Bommel də aksiyaçılar önündə çıxış edib. Cənab van Bommel çıxışına 4 müxalifət partiyası adından Azərbaycanda demokratiya və ümumbəşərləri dəyərlər uğurunda mübarizə aparan fədəkar insanlara salamlarını çatdıraraq başlayıb və Avropa ictimaiyyətinin Yaxın Şərqdəki proseslərdəki adekvat reaksiyasını Azərbaycana da şamil etmənin vacibliyini vurğulayıb. O daha sonra Hollandiya parlamentində təmsil olunan müxalifət partiyalarından dördünün Nederland və Avropa parlamentlərində Azərbaycanda insan haqları, Ana Yasa hüquqlarının vı demokratiyanın acınacaqlı durumuyla bağlı məsələ qaldırmaq, nəticə etibarıyla Əliyev iqtidarının nümayəndələrinə müxtəlif sanksiyalar tətbiqi barədə tazılaşmaya gəldiklərini qeyd edib.
Parlamentin binası önündə aksiyanı yekunlaşdıran Azərbaycan ictimaiyyətinin nümayəndələri Haaqa şəhərində böyük bir yürüş edərək şüarlar səsləndiriblər. Yürüş Nederland Xarici İşlər Nazirliyinin binası önündə başa çatıb. Aksiyanın sonunda Nederland XİN-in əməkdaşları aksiya iştirakçılarıyla görüşüb onları dinləyiblər. Aksiya iştirakçıların qətnaməni Nederland XİN-in nümayəndələrinə təqdim etmələrilə yekunlaşıb.