Əli Kərimli xanımları təbrik etdi

AXCP sədri Əli Kərimlinin 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə təbriki:

Hörmətli xanımlar, əziz analar və bacılar!
Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizlər dünyanın ən qiymətli hədiyyələrinə, ən xoş, tərifli sözlərinə layiqsiniz.

Bu bayram günlərini qayğı və çətinliklərdən, əzab-əziyyətdən uzaq, sevinc və firavanlıq içərisində, doğmalarınızla birgə arzuladığınız kimi keçirəsiniz. Sizlər, qoçaq və qorxmazlığınız qədər, həm də zərif və qayğıkeş olan Azərbaycan xanımları buna layiqsiz. Öz  mətanətiniz, cəsarətiniz və ağlınızla ən yaxşılarına haqq etmisiniz.

Ölkə həyatının müxtəlif sahələrində parlaq uğurlara imza atan xanımlarımız tarixən qürur yerimiz olub. Azərbaycan qadınları həmçinin, ta qədimdən ictimai-siyasi proseslərin fəal iştirakçıları olublar, bu gün də iştirakçılarıdırlar. Hazırda ölkəmizin demokratiyaya qovuşması, cəmiyyətdə azadlıq və ədalətin bərqərar olması uğrunda mübarizəmizə illərdir əvəzsiz töhfələr verən çoxlu sayda qadınlarımız, qızlarımız var. Onların hər birinə bu çətin, ancaq şərəfli yolda alqış deyir, uğurlar arzulayıram. Eləcə də, bu mübarizə yolunda oğulları, ərləri və ataları şərlənərək həbs edilən, təqib və təzyiqə məruz qalan xanımlarımıza yaşadıqları çətinlikləri mərdliklə qarşıladıqları üçün eşq olsun deyirəm. Onlar hərtərəfli diqqət, qayğı və dəstəyi haqq ediblər. Onlar hamımızın əzizləridir, onlara ehtiram hər birmizin borcudur.

Çox təəssüf ki, Azərbaycanın indiki avtoritar rejimi xanımlara xüsusi ehtiramla yanaşmaq, qadını toxunulmaz bilmək kimi tariximizin dərinliklərindən süzülüb gəlmiş yüksək mənəvi keyfiyyətimizi də ayaqlar altına atıb. Hazırda Leyla Yunus və Xədicə İsmayıl kimi cəsur ictimai xadimlərimiz sırf siyasi mövqelərinə görə məhbus həyatı yaşayırlar. Bu bayram günündə onları və günhasız yerə azadlıqdan məhrum edilən, təqib və təzyiqə məruz qoyulan bütün xanımlarımızı acılar içində yada salıb, onlara qarşı haqsızlıqların aradan qaldırılması və hesabının sorulması üçün mübarizəmizdən bir addım da geri çəkilməyəcəyimizi bildirirəm. Əminəm ki, tariximizin bu qara səhifələri çox tezliklə örtə biləcəyik.

Əziz xanımlar, bir daha sizləri bayramınız münasibətilə təbrik edir, hər birinizə uzun ömür, can sağlığı, azad və ədalətli cəmiyyətdə rahat həyat, müqəddəs amallarınıza nail olmaq üçün daha böyük əzm, mütəşəkkillik və təşəbbüskarlıq arzulayıram!

Tanrı sizləri qorusun!