Nərminin bayramı

“Fələklər yandı ahından, dövlətin qəlbi yanmazmı?!” – Son günlər ağır xəstəliyinə və ona dəstək üçün keçirilən xeyriyyə marafonlarına görə gündəmə gələn Nərmin Hüseynli haqda nəsə oxuyanda dərhal köhnə “şeirimi” yada salıram. Şeirin hansı bulaqdan qaynadığını bilmiş olarsınız, çoxbilmiş oxuculara da söyləyim ki, kobud şəkildə yonqarladığım misranın mənim şerim olduğunu zarafatla söyləyirəm. Mən şair deyiləm, amma nəzmə çəkiləcək çox dərdlər bildiyimi çəkinmədən iddia edə bilərəm.
Özünüz gördünüz, fələklər Nərminin ahından alovlandı, gənclər haray tonqalı qaladı hər kəsin görə biləcəyi yerlərdə, marafonlar keçirdilər fərqli-fərqli məkanlarda, dövlət isə Nərmini nə görür, nə də dinir. 
Nərmin indi Azərbaycan qadınının tipik obrazı ola bilər. Mən bunu hər şeydən öncə pozitiv mənada da deyirəm. Bəli, Nərmin ağrı içindədir, amma gənclərin fərəh verəcək qeyrəti ilə böyük sevgi də gördü, hər yandan onun hayına çatmaq istəyənlərin səsini eşitdi. Amma Nərmin həm də bizlərə sevginin nə olduğunu göstərə bildi. Bizə də sevginin nə qədər vacib olduğunu bir daha xatırlatdı öz taleyi ilə.
Düzdür, Nərminin obrazı Füzulinin, Nizaminin yaratdığı Leylinin obrazı qədər ədəbi deyil, amma bizi sevgiyə bəlkə də daha çox yaxınlaşdırdı. Nizaminin və Füzulinin zəifliyindən də deyil, tariximizin təzadlarındandı. Anladıq ki, biz Leylilərimizi ən adi məişət və sosial problemlərdən də qoruya bilmirik. Daha gerçəkçi oluruq bu hallarda.
Bu mənada Nərmin bizim qadınların daha tipik nümayəndəsidir. Acıları ilə, çarəsizliyi ilə. Zəngin neft ölkəsində sığortasızlığı ilə. Dövlətin onun taleyinə susması ilə. Bax, mən qadınlar haqda həmişə bunları demək istəmişəm.
Uzun müddətdir mətbuatda bizim qadınlar haqda haqlı-haqsız yazılar gedir, artıq qadınlarımız da kişilər barədə yazmağa başlayıblar. Qarşılıqlı tənqidlər Tükəzban-Novruzəli müzakirələri adını qazanmaqdadır. Bəzən aşırı fikirlərlə davam etsə də, faydasız da saymıram bu yazı və müzakirələri. Amma burada çatmayanlar var. Tamamlanmır söhbətlər. Unuduruq ki, Azərbaycan qadını və kişisi bu ictimai şərtlərlə arzu etdiyimiz ola bilməyəcək.
Biz çağdaş insanlar olmaq üçün çağdaş üsullarla idarə olunan dövlətə yiyələnməliyik. Çabalarımız, müzakirələrimiz, maariflənməyimiz, mübarizə və davalarımız həmin dövləti əldə etməyə yönəlməlidir.
Bu əsrdə çağdaşlıq hüquqlar və sosial rifahlarla qidalanır. Əks halda, istəsək də normal təhsil sistemi qura bilməyəcəyik. Normal rifah da olmayacaq. Ədalət də olmayacaq. Onda biz nə istəyirik, cəmiyyətin Xudayar bəyin qaydaları ilə idarə olunduğunun və bu amansız qaydaların mənfi rolunu danırıqmı?!
Indi o zaman deyil ki, təkcə mədəniyyət alətləri ilə cəmiyyəti ürəkaçan vəziyyətə gətirmək barədə düşünəsən. Həm də hüquq dövləti, mülki cəmiyyət, mütərəqqi birgəyaşayış qaydaları qurmalısan. Elə problemlər var, bizim çağın problemi deyil. Xəstəlik, talesizlik, ayrılıq, uğursuz sevgi, qəza, itki həmişə var, hər ölkədə var. Amma indi qadının ər puluna ehtiyac olduğu zaman deyil. Indi həkimsizlik, dərmansızlıq dövrü deyil. Indi qadının təhsilsiz, işsiz olmaq çağı deyil və s. Üstəlik, indi nəinki qadın, elə kişi də ehtiyac içindədir, təhsil sistemi pozulub, cəmiyyəti yaltaqlıq və əyrilik bürüyüb, ədalət yoxsulluğu hökm sürür.
Demək istəyirəm ki, bu əsrdə cəmiyyətin bütün problemləri maarifçiliyin və xeyriyyəçiliyin üzərinə atıla bilməz. Indi cəmiyyətin problemi yalnız qadının və kişinin mədəni halı ilə də izah oluna bilməz. Indi elə dövr deyil. Maarif də gərəkdir, mədəniyyət də, xeyirxahlıq da. Amma dövlət maşını gərəkən yükləri və işləri üzərinə götürməsə, çətindir. Gördünüz ki, insanlar nə qədər qeyrət göstərsə də, Nərminin çətinliyini həll etmək hələ də mümkün olmayıb. Belə problemi olanlar isə bir deyil, iki deyil. Halbuki, dövlət hər kəsi tibbi sığortaya sahib edəcək qədər sərvətimizə nəzarət edir. Gülməyin, bəlkə də bütün ölkə əhalisinin hətta Almaniyada, ya Türkiyədə ağır xəstəliklərə görə tibbi sığortasını qurmaq olardı.
Mən bunları demək istəyirdim. Məqsədim isə, bilmirəm təbrikə oxşayırmı, Nərmini təbrik etmək idi. Onun timsalında bütün qadınlarımızı. Xüsusən də, azadlıq davasına görə zindanda olan kişilərin doğmaları olan xanımları. Və kişilər qədər, bəzən kişilərdən də artıq azadlıq davası aparmağı bacaran xanımları. Başqalarından sərvətin və gülüşün oğurlandığı bir dövrdə gülüş arzulamağın xüsusi yeri var. Üzünüz gülsün, əziyyətlər ölkəsinin xanımları!