NİDA Vətəndaş Hərəkatı AXCP-yə qarşı təzyiqlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“Son günlər Azərbaycan hakimiyyətinin Azərbaycan Xalq Cəbhəsi Partiyasına və onun üzvlərinə qarşı ardıcıl repressiya və təzyiqlərə start verdiyi müşahidə edilir.
Ötən ayın sonundan etibarən bu partiyanın üzvlərinə qarşı edilən təzyiqlərin yekunu kimi 10-a yaxın AXCP üzvü uydurma ittihamlarla məhkəməyə çıxarılıb və 10-20 sutkaya qədər inzibati həbs cəzasına məhkum edilib.
Bu qanunsuz həbslərin məntiqi davamı kimi isə bu həftənin bazar ertəsi günü partiyanın mərkəzi qərargahının zirzəmisində baş verən və sonradan hakimiyyət tərəfindən məqsədli şəkildə törədildiyi məlum olan partlayış faktından istifadə edilərək, AXCP öz qərargahından çıxarılıb. Eyni zamanda başqa bir qanunsuzluğa yol verilərək, Azərbaycan vətəndaşının mülkiyyət hüquqi kobud şəkildə pozulub və partiyanın icarə əsasında istifadə etdiyi qərargah binası hakimiyyət orqanları tərəfindən uçurdulub.
NİDA Vətəndaş Hərəkatı olaraq baş verən bu hadisələri qəti şəkildə pisləyir, bütün bunları Azərbaycan hakimiyyətinin uzun illərdən bəri müxtəlif formalarda repressiya və təzyiqlərə məruz qoyduğu AXCP-yə qarşı atılmış növbəti qanunsuzluqların tərkib hissəsi hesab edirik.
Bildiririk ki, hakimiyyətin illərdir öz müxaliflərinə qarşı tətbiq etdiyi bu siyasət heç bir halda və heç bir zaman öz məqsədinə nail olmayıb və gözlənilən effekti verməyib.
Müxalifət partiyaları və onların üzvləri hakimiyyətin hər cürə təzyiq və repressiyalarına rəğmən geri çəkilməyib və baş verənlərə müqavimət göstərib.
Azərbaycan hakimiyyətini öz vətəndaşlarına qarşı törətdiyi siyasi terrora son qoymağa çağırır, öz müxaliflərinə qarşı sivil mübarizə metodlarından istifadə etməyə dəvət edirik”.


