“Krım Rusiyanın boğazında qalacaq”

Ukraynanın Krım Muxtar Respublikasının separatçı rəhbərliyi Rusiya Federasiyasına birləşməklə bağlı qərar verib. Ukrayna mətbuatının çəlumatına görə, Krım parlamenti “Rusiya Federasiyasının subyekti qismində Rusiya Federasiyasının tərkibinə daxil olmaq prosedurunun başlanması haqqında” qərar qəbul edib və bu təkliflə Rusiya rəhbərliyinə müraciət edib. Müraciət Rusiya prezidenti Vladimir Putinə və Rusiya parlamentinə ünvanlanıb. Qərara 78 deputat səs verib.

Politoloq Vəfa Quluzadə Modern.az saytına prosesləri şərh edib. O bildirib ki, bu konfliktlər əvvəl-axır Rusiyanın özünün əleyhinə çevriləcək. 

“Rusiyanın ambisiyaları baş tutan sevda deyil. Bu ərazi münaqişələrinə görə separatçılara və Rusiyaya qarşı ciddi müqavimətlər olacaq”-deyə siyasi ekspert bildirib. O, hesab edir ki, Qərbin Rusiyaya tətbiq edəcəyi sanksiyalar fonunda Moskva ərazi konfliktləri ilə heç bir uğur qazanmayacaq. 

V. Quluzadə proseslərin tam olaraq Rusiyanın əleyhinə yönəlməsinin vaxt aparacağını da istisna etməyib. “Ancaq bu qarşıdurmalar Rusiyanın xeyrinə bitməyəcək”.