21 illik “etibar hüseynov” məntiqi

Buna dünyaya Cavanşir, Babək, Şah Ismayıl, Nizami, Füzuli və onlarla dahilər bəxş etmiş bir xalqın 21 illik faciəsi də demək olar. Bizi buna məcbur edilmiş hesab edənlər də var, bununla barışan bir xalq kimi qələmə verənlər də… 

Bəlkə də 21 il, bəlkə də bir qədər az müddətdə Əliyevlər rejimində yaşayacaq olmağa məcbur edilsək, tamamilə dəyişərək, dünyanın ən mənasız bir xalqına çevriləcəyik. Ən yaxşı halda bizi itaətkar toplum adlandıracaqlar və düz də edəcəklər. 

Yəqin ki, bir çoxlarınız Afrikada bir kabusa çevrilmiş Somali dəniz quldurları haqda eşitmisiniz. Onlar həm də bu kasıb ölkədə qeyri-rəsmi iqtidar sayılır. Amma Somalidə onları çox sevirlər, çünki onlar öz xalqına bağlıdır, ələ keçirdikləri qənimətin, demək olar, hamısını xalqa xərcləyirlər, məktəb tikdirirlər, insanları ərzaqla, həyat üçün zəruri olan məhsullarla təmin edirlər. Halbuki, onların Somali xalqı qarşısında heç bir öhdəçiliyi-filanı da yoxdur. 

Niyə Somalini misal gətirdim, bilirsinizmi? Çünki bizim insanlar da iqtidarın əlinə baxmağa məcbur edilir, onlara sahib olduqları ən adi hüquqları belə hökmdarın hədiyyəsi kimi sırımağa çalışırlar. Fikir verirsinizsə, sökdükləri evlərə görə verilən biabırçı kompensasiyanı elə şəkildə verməyə çalışırlar ki, ilk baxışda elə təəssürat yaranır ki, bu insanların heç əvvəldən evi olmayıb… 

Artıq indidən bizə edilən haqsızlıqlara təbiət hadisəsi kimi baxır, zorakılıqlarda ayrı-ayrılıqda təsəlli məqamları axtarmağa başlayırıq. Yağış bizi qəfil tutanda əlimizdə çətir olmasına, zəlzələ zamanı evimizin uçmamasına, sel – daşqından az itki ilə qurtardığımıza sevindiyimiz kimi… 

Hətta suyun yuxarı mərtəbəyə qalxmasına, işığın, qazın müntəzəm verilməsinə, həbs olunan zaman cibimizə narkotik maddə atılmamasına, sökülən evimizə görə ödənilən cüzi kompensasiyaya da sevinirik. Eyni zamanda hər şeyin tərsinə olmasına da təəccüblənmirik, taleyimizdən şikayətlənirik.  

Sizə qəribə gələcək, amma mən üzvü olduğum AXCP-nin qərarhagının partladılmasında da təsəlli notları tapdım. Canlı itki olmadığına, partlayış zamanı orada ola biləcək şəxsin əvvəlcədən həbs edildiyinə görə. Fərq ondadır ki, mən bunu deməkdən çəkinmirəm… Milyonlarla vətəndaşımızın çarəni ölkəni tərk etməkdə görməsinə öyrəşmişik. Insanlarımız ulu əcdadlarının yaşadığı məskənləri asanlıqla tərk edir, başda Rusiya olmaqla dünyanın müxtəlif ölkələrində məskunlaşırlar. Genetikası, müqaviməti, varlığı əsrlər boyu Azərbaycan iqliminə, mentalitetetinə görə formalaşan soydaşlarımız da soyuq məmləkətlərdə yaşamağa məcbur edilib. 

Bu ölkənin təbii sərvətləri, iqlimi, bərəkətli torpaqları bütün əhalisinin yaxşı yaşaması üçün kifayət etsə də, Əliyev rejimi buna sadəcə imkan vermir. Təsəvvür edirsinizmi, bu gün hər kvadratmetri 200-250 manata başa gələn mənzillər Əliyev rejiminin rüşvət siyasəti nəticəsində əhaliyə 850 manatdan başlayaraq satılır. Yeni tikilən yaşayış binasının bir bloku üçün rüşvət 250 min manatdan başlayır. Təxminən o qədər də təbii qazın verilməsi üçün istəyirlər. Hesablamalar göstərir ki, sahibkar binanı tikmək üçün təxminən 40-a yaxın maneəni aşmalıdır. Vətənpərvər quldurların(!) sayəsində Somalidə belə hallar yoxdur…

…Bayaq Azərbaycanı tərk edən milyonlarla soydaşımızdan bəhs etdik. Düşünməyin ki, rejim onları “unudub”, xeyr əksinə, onları nəzarətdə saxlamaq üçün əlindən gələni əsirgəmir. Rejim onları yaşadıqları ölkədə belə sakit buraxmır, lazım gələndə onları ölkədə yaşayan yaxınları ilə təhdid edir. 

Bu günlərdə Ilham Əliyev rejiminin ölkəni hansı məntiqlə, hansı təfəkkürlə idarə etdiyi bir daha məlum oldu. Bunun adı “etibar hüseynov məntiqi” dir. O, Milli Məclisdə Kiyevdəki mitinqlərdə Azərbaycan bayrağının qaldırılmasını qanunsuz hesab etməklə bərabər, onu qaldıranların tapılıb… cəzalandırılmasını istədi. Bəli, əziz oxucu, Azərbaycan 21 ildir ki, bu mağara təfəkkürü ilə idarə olunur və xalq onun imkan verdiyi sərhədlərdə yaşamağa məhkum edilir.  

Bu sayıqlamaya xalqın iradəsini ifadə etməli olan 125 deputatın heç biri cürət edib etiraz etmədi. Edə də bilməzdilər, çünki onlar mandatı təhqir olunmuş xalqdan yox, iqtidardan hədiyyə almışdılar.  

…Istəməsəm də(!) yazımı nikbin notlarla bitirmək məcburiyyətindəyəm. Xatırlayırsınızsa, Ukraynanın Ali Radasının 450 deputatının yarısından çoxu Yanukoviçə bağlı deputatlar idi. Nə oldu? Təbii hadisə baş verdi…