İlham Əliyevin AXCP-nin II qərargahını dağıtmaqlığı

Azərbaycan Xalq Hərəkatını, eləcə də hərəkatdan doğan Azərbaycan Xalq cəbhəsini yaradanlardan biriyəm. Bu gün partiya-struktur baxımından AXCP sıralarında olmasam da, ideyaca, canımla, qanımla CƏBHƏÇIYƏM! Mən AXC Proqramına indiyədək bağlı qalan, o proqramın gerçəkləşməsi üçün bugünədək çalışan tək-tək kimsələrdənəm. AXC-nin başında duran bir çoxları o proqrama dönük çıxdılar: Proqramı gerçəkləşdirməyə çalışmaq yerinə, AXC-ni parçalamaq yoluyla hərəsi özünə qondarma-qurama partiya yaratdı; kimi bu yolu agent olduğu üçün tapşırıq yerinə yetirərək tutdu, kimi də başından böyük ambisiyalarını cilovlaya bilmədiyinə görə. Bilənlər bilir: o çağlar – 1991-ci ilin sonları, 92-nin başlanğıcında – yersiz partiyalaşmanın qarşısını almaq üçün çox çalışdım… Alınmadı! Biz AXC-ni yaradanlar olaraq sonadək AXCP Proqramını gerçəkləşdirməyə borclu idik. Ancaq nə yazıqlar, indi yaxşı tanınan bir sıra subyektlər üçün BORC anlayışı yox imiş! Borc anlayışının yoxluğu üzündən də onlar bugünlər öz yanlarından yığışıb… Ictimai Palatanın buraxıldığını bildirdilər! Beləcə, illərdir onlar bir birlik yaradıb dağıdır, sonra başqasını yaradıb dağıdırlar. Bu yolla da xalqı içindən sındırır, onda güvənsizlik sindromu yaradırlar… Dünyanın ən korrupsioner dövlətinin başında duran, buna görə ABŞ prezidenti Barak Obamadan çox-çox güclü prezident olan Ilham Əliyev AXCP-nin qərargahını dağıtdı: II qərargahını. Birinci o, Xaqani küçəsindəki AXCP qərargahını dağıtmışdı. Olduqca güclü özülü, 1 metr qalınlığında divarları olan o binanın dağıdılması açıq xəyanət idi; o dağıdılası bina deyildi. Ancaq dağıdılmalı idi: üç yol bütün xalqın prezidenti olmağa and içmiş Ilham Əliyevin AXCP-yə – müxalifətə sonsuz nifrətinə görə! ADR hakimiyyətindən sonra, bütün çatışmazlıqları ilə yanaşı, milli ideallara ən yaxın olmuş hakimiyyəti – AXC hakimiyyətini partiya qurultayında “anti-milli hakimiyyət” adlandıran, cəbhəçi-müxalifətçiləri “xain”, “satqın” deyə, “ermənidən betər düşmən” gözündə görən I.Əliyevdən ayrı nəsə ummağa dəyərmi? Üç yol içdiyi prezident andını, bəlkə, 300 yol pozan kimsədən başqa nəsə gözləmək olarmı? Ayırmaq, bölmək, parçalamaq, dağıtmaq, damğa vurmaq, şərləyib tutdurmaq: beləcə, baş qaldıranların başından basmaqla korrupsiya rejiminə – ANTI-MILLI, ANTI-DEMOKRATIK rejimə yaşarılıq qazandırmaq – 93-dən üzü bəri siyasət bu, sürəc bu, gerçəklik bu! AXCP-nin II qərargahının dağıdılması ölkəni əngəlsiz yeyib-dağıtmağa yönəlik siyasi korrupsiya aktlarındandır! Biz AXC-nin ilkin yaranış yığıncaqlarını Sovetin hələ dağılmadığı çağlarda – indiki Azər Cəfərov kimi bir sıra qorxmaz adamların evlərində, həyətlərində keçirirdik. Çox yığışdığımız ev “Gənclik” metrosunun yaxınlığında idi. Canbaxış Umudovun “Kubinka”dakı həyəti də bizim yığıncaq yerlərimizdən idi. Demək istədiyim nədir: biz AXC kimi güclü bir qurumu hansısa qərargahda yaratmadıq, ilkin siyasi qurulmanı, çarpışmanı da hansısa qərargahda aparmadıq. Indi AXCP-ni, ulusal çarpışma yolçularını hansı yolla olur olsun, qərargahsız qoymağa çalışanlar eləcə gözünü pul örtmüş, varlığını var-dövlət yanğısı bürümüşlərdir. Böyük Füzuli bu yerdə deyərdi:

Ey olub sultan, deyən dünyada məndən qeyri yox, Sən səni bir cüğd bil, dünyanı bir viranə tut!

Müxalifətin içində gedən son proseslər, – bəlli bir qrupun öz yanından yığışıb Ictimai Palatanı buraxması faktının özü də, – arınıb-ayrılma baxımından çox önəmli görsənişlərdir: rejim özü 2013-cü ildən bəri üzləşdiyi çoxsaylı problemlər üzündən gerçək müxalifətlə özünün əlaltı-yalançı müxalifətini, eləcə də gerçək liderlərlə özünün əlaltı-yalançı liderlərini (qısaca, satılmışlarla satılmayanları) bir-birindən ayırır. Bu isə rejimin istəyindən asılı olmayaraq, gerçək müxalifətin, gerçək müxalifət liderlərinin yolunu açır, işini asanlaşdırır, aparılan siyasi-ideoloji çarpışmanın uğurlu gələcəyinə qarantiya yaradır…