Aydın Taş, Ankara
Türkiyədə elə bir gün olmur ki, bir kaset qalmaqalı meydana çıxmasın, yeni bir xəbər skandalı partlamasın. Türkiyə olaraq anladığımız budur ki, ağla gələn hər bir şeyin altında bir səs yazısı var. Hər gün və hər gün maraqlı gözləntilər var. Xalqımız bu kaset olaylarını televizyon dizisi kimi gözləməkdədir hər gün. Həyəcan içindəyik: Bu gün hansı skandal partlayacaq? Bu günkü kaset yazılarında nə qədər paranın hesabı ortaya çıxacaq? 50 milyon dollarcıqmı, yoxsa 100 milyon avrocuqmu? Yoxsa Türkiyəni kupçalayıb satıblar, bizim xəbərimiz yoxdur və bizi «belə bir ölkə vardır» deyə, aldadırlarmı bu neçə illər ərzində?
Jurnalist olduğumu bilənlərdən yaxamı qopara bilmirəm. Hər kəs sorub durur: “Qardaş, bu kaset xəbərləri doğrudurmu, yalandırmı? Sən biıməmiş olmazsan, bu gün hansı kaset yayınlanacaq? Bu kasetlərin videogörüntüləri də yayınlanacaqmış, deyirlər, doğrudurmu, yalandırmi?” Və daha nələr, nələr…
Azərbaycanlı oxucularımdan üzr istəyirəm. Onları bu yolsuzluq, rüşvət, şantaj, basqı kimi olayların adını çəkməklə hyrətləndirməyə zərrə qədər də çalışmıram. Orası da bir türk yurdudur. bizdən artıq bilgiləri var bu işləklərdən…
Əlimizi hara vursaq, bir skandal partlayır. Sanki hər yer Azərbaycanda Xalq Cəbhəsinin qərargahı misallı bir yerdir! Türkiyənin başbakanı Rəcəb Tayyib Ərdoğan daha hansı kasetlərin çıxacağını qabaqcadan bilir. Bunu açıq-aşkar seçim meydanlarında söyləyir. Yaxşı, bu zamana qədər Ərdoğana dəstək verənlərin arqumentləri nədir? Onun tərəfdarları nə düşünürlər? Ortalığa atılan bu kaset olayları AKP-nin səs faizini düşürərmi, düşürməzmi? Bir düşmə olacaq, təbii ki. Amma nə qədər düşəcəyini söyləmək də çox zordur. Çünki seçim gününə qədər daha nələrin ortalığa çıxacağını söyləmək mümkün deyil. Faiz enişi də AKP-ni «ekonomik sabitlik davam etsin», «adamlar yeyir, işləyir» kimi söyləmlərlə ananların hesbına və ya bəlkə də, AKP-nin azadlıqları gətirdiyinə inananlar sayəsində olacaq. Ancaq bu olaylara başqa bir anlamdan yanaşanlar da var: “Oğurlanan paralar Türkiyənin deyil, İranındır; O paralar, zatən, zəkat parasıdır; Dövlət çevrilişi yapmaq istəyənlər var; Xarici güclərin oyuncaqlarının işidir…” deyənlər də çoxdur. Bu kütlə kəsin kütlədir. Onları fikrindən döndərmək mümkün deyil əsla! Onlar AKP-nin də deyil, başbakan Ərdoğanın qatı tərəfdarlarıdır və heç bir qalmaqal onların inamını sarsıda bilməz. Hətta Tayyib Ərdoğan özü ortalığa çıxıb hansısa kompromatları etiraf etsə də, bu kateqoriyadan olanları fikrindən daşındırmaq mümkün deyil.
“Azərbaycan saatı” diqqətlərdə
Uzun bir məcburi aradan sonra Azərbaycan xalqının maraqla gözlədiyi “Azərbaycan saatı” keçən həftə yenidən yayına başladı. Üstəlik, adıyla da qulağa xoş gələn bir televizyon kanalında: «Can Erzincan»da. Türkiyədə hər kəsin sıx-sıx söylədiyi «Can Azərbaycan» sözü kimi. Gözəl bir təsadüf də deyə bilərəm. Aha, mən niyə indi bu proqramdan bəhs etdim? Həmən ərz edim. Məlumdur ki, Türkiyədə bələdiyyə seçimləri var. İqtidarı da, müxalifəti də propoqanda ilə uğraşmaqda. Daha öncə Azərbaycandakı diktator rejim tərəfindən proqramımız media terroru ilə üzləşmişdi. Bu media terroru ilə bağlı sənədlərin çoxu Türkiyənin bir çox siyasətçilərinə təqdim edilib artıq. Təbii ki, media terroruna yenə də baş vura bilərlər. Amma bu dəfə əvvəllər olduğu kimi, səssiz qalmayacaq. Salamat qalın…