Mirvari Qəhrəmanlı: “Ya ARDNŞ-i versinlər Təhsil Nazirliyinin tərkibinə, ya da Təhsil Nazirliyini tamamilə versinlər Dövlət Neft Şirkətinə”
İlham İsmayıl: “Ola bilsin, “nurçu”ların təsirini, təzyiqini azaltmaq üçün bu addımlar atılsın”
Dövlət Neft Şirkətinin təsisçiliyi ilə Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyi yaradılıb. Bu birliyə Azərbaycanda fəaliyyət göstərən, bir sıra xarici ölkələrə məxsus nüfuzlu məktəblər daxil olub. Dövlət Neft Şirkəti bu birliyə daxil olan məktəblərin bəzilərinin adlarını açıqlayıb. Belə ki, 11 Türk kurikulumları ilə işləyən “Çağ” Öyrətimin məktəbləri, 13 Araz kursları Azərbaycan Beynəlxalq Təhsil mərkəzinin tərkibinə birləşib.
Xatırladaq ki, bu vaxta qədər Dövlət Neft Şirkətinə məxsus bağçalar, xəstəxanalar, diaqnostika mərkəzləri müvafiq qurumlara verilib. Belə olan halda ARDNŞ-nin yenidən, özü də son aylarda həm Türkiyə, həm də Azərbaycanda gündəmin əsas mövzusuna çevrilən “nurçu”lara məxsus təhsil müəssisələrini öz tabeçiliyinə alması təsadüfi görünmür.
ARDNŞ-nin bu addımı nəyə xidmət edə bilər?
Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı Dövlət Neft Şirkətinin səlahiyyətsiz bir qurum olduğunu deyir. Yəni ARDNŞ hansısa qurumu öz tərkibinə daxil edib, yaxud çıxara bilməz: “Hələ 2000-ci ildə Heydər Əliyev bir fərman imzalamışdı. Xeyli vaxt yerinə yetirilmədi. Yalnız 10-15 ildən sonra artıq qurumlar ARDNŞ-nin tərkibindən çıxarıldı və bu çox düzgün addım idi. Beynəlxalq audit şirkəti ARDNŞ-nin tərkibində islahatlara ehtiyacın olduğunu dedi və şirkətdə ciddi struktur islahatları, ixtisarlar həyata keçirildi. Belə olan halda bir yandan da yenidən ARDNŞ-nin tərkibinə təhsil qurumlarının daxil edilməsi biabırçılıqdır. Bir yandan artıq qurumdur deyib çıxarırlar, digər tərəfdən Təhsil Nazirliyinin tərkibində olmalı olan qurumlar yenidən ARDNŞ-nin tərkibinə verilir”.
M.Qəhrəmanlı bununla bağlı maraqlı təkliflə də çıxış etdi: “Təklif edərdim ki, ya ARDNŞ-i versinlər Təhsil Nazirliyinin tərkibinə, ya da Təhsil Nazirliyini tamamilə versinlər Dövlət Neft Şirkətinə”.
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl isə “nurçu”ların Azərbaycanda müəyyən bir inkişaf tapmasının və bəzi məsələlərə təsirinin Türkiyədə baş verən hadisələrdən sonra qabardıldığını deyir. Görünür, bundan sonra dövlət bu istiqamətdə konkret addımlar atmağa çalışdı: “Hər halda mənə elə gəlir ki, Azərbaycanda belə şeyləri tədricən yox, qəflətən etmək də mümkündür. Belə praktika da var. Ola bilsin ki, tədricən “nurçu”ların təsirini, təzyiqini azaltmaq üçün bu addımlar atılsın. Bunu son dövrlərdə gedən müzakirələrin nəticəsi kimi də dəyərləndirmək olar”.
Fizzə


