Özgə “nur”a boyanan Azərbaycan

Başqa sferalar bir yana, Gömrük sistemi bütünlüklə korrupsiyaya bulaşmış Azərbaycanı yad-yağı ideologiyalar başına götürüb. Başqa dövlət qurumları kimi Gömrük sisteminin də bütünlüklə korrupsiyaya bürünməsi ölkəmizi yad-yağı ideologiyaların geniş, əngəlsiz yayılma alanına çevirib. Biz illərlə bu yöndə yazılar yazdıq, uyarılarda bulunduq. Sayılmadıq! Budur, çağı çatıb, yad-yağı ideologiyaların yetirmələri yer-yerdən baş qaldırır. 

Bir yandan Iran Islam Respublikasının, o biri yandan Səudiyyə Ərəbistanının ölkəmizdəki çoxillik, demək olar, əlaltı işləri indi özünü göstərməkdədir: azərbaycanlılar irançı, vəhabi-səudçu olaraq Suriya savaşına qatılır, bir-birinə güllə atır, bir-birini öldürür. 300 milyonluq ərəb öz kefində, eyş-işrətdə ikən azərbaycanlı Suriyadakı iç savaşa qatılır. Özü də yalnız Azərbaycan kişiləri deyil, Azərbaycan qadınları da Suriyaya savaşmağa gedir. Soruşulur: niyə, nəyin uğrunda? Onlardan – manqurtcasına öz ata-analarını belə danan, “siz bizim kimi müsəlman deyilsiz” deyə ata-analarının üzünə ağ olan o fanatiklərdən nəsə soruşmağa dəyərmi? Onlar üçün nə Qarabağ var, nə Azərbaycan. Onlar üçün illərlə başlarına yeridilən “o dünya” ideyasından başqa nəsə yoxdur. Korrupsiyanın DÖVLƏT SIYASƏTINƏ çevrilməyi, təhsil sisteminin dağıdılmağı Azərbaycanı düşmən güclərin asanlıqla ələ keçirəcəyi, çətinliksiz doldura biləcəyi BOŞ BAŞLAR ölkəsinə çevirib! 

Bu biri yandan da ölkəni “nur”çu hərəkat başına götürüb. Politoloq V.Quluzadə “nur”çuları az qala Azərbaycanın doğma işığı kimi tanıtmağa çalışır. Ancaq belə deyil. “Nur” ərəbcədir, türkcə IŞIQ deməkdir. Biryolluq anlamalıyıq: bizə doğma Azərbaycan IŞIĞI gərəkdir, yad Fətullah Gülən “nuru” yox. V.Quluzadə “nur”çuluqda mənfi nəsə görmədiyini, Azərbaycanda “nur”çuların özlərini çox yaxşı apardıqlarını bildirir. Bunu hansısa neytral, özü üçün yaşayan siyasətçi desəydi, anlayışla yanaşmaq olardı; ancaq bunlar qocaman bir politoloqun dedikləridir. Hansısa dövlətin ordusu ölkəmizə girib, bu başdan o başa ölkəmizi sarıbsa, “sıxıntıya gərək yoxdur”, axı, onlar özlərini HƏLƏLIK çox yaxşı aparırlar – indilikdə politoloq Quluzadənin dediyi budur! Elə indiki rejim başçıları uzun illər belə düşündüklərinə görə, bu sayaq düşüncə yiyəsi olduqlarına görə ölkəmiz BABIL QÜLLƏSI kimi dağıdıcı durumla üzləşib. 

“Çağ” Öyrətim Işlətmələrinin başqanı, türkiyəli iş adamı Ənvər Özərin ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənə məktubu yayılıb. Özər məktubu yalanlamağa çalışır. Bizcə, yalanlamanın özünü yalan saymaq daha düzgün olardı. Məktubda Azərbaycandakı “Xidmət hərəkatının”, başqa cür desək, “nur”çuluq hərəkatının qazandığı uğurlardan danışılır. Uğurlar isə, məktubda da göstərildiyi kimi, çox böyükdür. Özərin özünün göstərdiyi kimi, “nur”çu hərəkat Azərbaycanın bütün dövlət qurumlarında özünə çox yaxşı yer edib. Qazanılan hərəkat uğurlarının daha da dərinləşib genişlənməsi üçün Özər Gülənə görüləsi gərəkən işləri sadalayır. Son çağlar Türkiyədə baş verənlər Özəri Gülənə belə bir məktub yazmaq qaçılmazlığı ilə üzləşdirib. Özər çox düzgün olaraq Türkiyədə “nur”çuluğa qarşı getdikcə genişlənən sürəcin Azərbaycana da keçəcəyini düşünür. 

YAP rejimi məktubdakı bir sıra PARALEL DÖVLƏT faktlarını araşdırmaq yerinə, məktubu sosial şəbəkələrə kimin ötürdüyünü araştırır. Kim bilir, bəlkə, Özərin məktubda dönə-dönə “Prezident Administrasiyasındakı dostumuz” dediyi yetkili belə buyurub. Özər “Fətullah Gülən hoca əfəndinin” Azərbaycandakı kimi dünyanın bir çox ölkələrində məktəblər açdığını bildirir. Olsun, ancaq belə bir ingilis deyimi var: “Pulsuz pendir yalnız tələdə olur”. Ərdoğan bugünlərdə Gülənə çağırışda bulundu: “Amerikada oturub Türkiyəni qarışdırma!” Ən ilginci isə Özərin “böyük bilim təhsil adamı” olaraq tanıtmağa çalışdığı Gülənin Amerikadan Türkiyəyə qarğış yağdırması idi…