Bıçaq sümüyə dirənəndə

Hər gün onlarla qanlı qətl baş verir. Cəlilabadda baş verən qətl isə məişət xarakterli deyil və Azərbaycan hakimiyyətinin məzmununu o birilərindən qat-qat çox ifadə eləyir. Bu qətlin törənmə səbəbindən danışası olsaq, yekun sözlə rejimin apardığı siyasətin nəticəsidir demək inandırıcı gəlməsə də, incələmə sonucunda yenə eyni qənaəti hasil eləyəcəyik.

Əlbəttə, heç vaxt demək olmaz ki, istənilən hadisəni bir başa bu hakimiyyətin olimpində oturanlar sifariş eləyir. Məsələn, Ilham Əliyev və ya Ramiz Mehdiyev tapşırıq verir ki, gedin Seymur Həzini, ya Ramin Dekonu döyün, ağıllandırın. Hərçənd, əldə olan bəzi dəqiq bilgilər göstərir ki, hətta bu səviyyədə də tapşırıq və sifarişlər olur, bu da hakimiyyətin siyasi yox, kriminal xarakterindən xəbər verir. Lakin hər bir hadisəyə – vəhşilik faktına görə sifarişin lap yuxarıdan gəldiyini iddia eləmək də doğru olmazdı. Sadəcə, həmin o yuxarıda oturanların apardığı siyasət elədi ki, aşağıda olanlar, yuxarıda olanların rəyini və məsələlərə baxışlarını yaxşı bilirlər. Bilirlər ki, az qala dövlət başçısı səviyyəsində hansısa tənqidçi jurnalistə, ya dönməz müxalifətçiyə hədsiz dərəcədə nifrət edilir, qisas eşqi ürəklərinin bütün işığını alıb söndürür. Bunu həmin o aşağıdakı kölə təbiətli şilləvuranlar yaxşı bilirlər və elə həmin o dövlət başçısının nitqindən də dəfələrlə bu nifrəti ifadə eləyən kəlmələri eşidiblər, onun bütün bu tip cinayətlərə, oğurlanma hallarına, işgəncə faktlarına necə susduğunu müşahidə eləyiblər. Bu tip heç bir cinayət faktının üstü açılmır. Açıla da bilməz.
2003-cü il oktyabr hadisələrindən sonra polis vəhşiliyinin qanunla cəzalandırılması məsələsində də başçının necə reaksiya verdiyi hamının yadındadı; təxminən belə: bəziləri polisin cəzalandırılmasını istəyir, ancaq bu, belə olmayacaq. Yəni, papağınızı yan qoyub gəzə bilərsiniz. Təki döydüyünüz, öldürdüyünüz müxalifətçi və ya sadəcə bizdən olmayan olsun.

Təbii ki, bundan sonra Ramin Dekonu döyməyə yollananlar, heç nədən qorxmadan, kimsədən çəkinmədən istədiklərini eləyəcəklər.

Cəlilabadda baş verən hadisə də bu siyasətin yekunudu. Müxalifətçi oğlunu təhqir eləyən, döyən bir qrup məktəb yoldaşı cəmiyyətdən dərs alıblar və uşaq ağılları da onlara diktə eləyir ki, müxalifətçi oğlunu döyməklə, təhqir eləmək, məktəbdən qovmaqla sizin qılınıza da zərər gəlməyəcək. O da ola beyni qan cavanlar. Hakimiyyət ideologiyasının bölücülük siyasəti həmin uşaqların beyninə qopmaz tellərlə pərçim edilib. Nəticə isə göz qabağındadı. Bir Azərbaycan oğlu dünyadan köçdü, biri isə gənc ömrünü məhbəsdə çürüdəcək. Burada heç bir uşağın suçu yoxdu. Suç o uşaqları bu həddə çatdıran rejimdədi bir başa.

Bu cür faciədən ürəkləri soyumayan rejim nökərləri yenə də, əminəm ki, sifariş almadan, sadəcə xoşa gələcəklərinə yəqinlikdən qətli törətmiş yeniyetmənin evinin qarşısında mərhum gəncin qanı üstdə siyasi şou, alver düzəltməkdən də çəkinmir, halbuki, mərhumun atasının “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəyə inansaq, yas yiyələrindən kimsə bu şouda iştirak eləməyib, – yenə də danışan həmin “ağsaqqallar”, “müəllimlər”, “zəhmətkeşlərin nümayəndələri” və təbii ki, “istefa qəhrəmanları”dı. Bu iyrənc şounun əvəzində xəstəxanaya gətiriləndən 40 dəqiqə sonra ürəyi dayanan yaralıya anında tibbi müdaxilə göstərmək, onu ölməyə qoymamaq lazım idi. Yox, bunlara faciə lazımdı, qan düşmənçiliyi salmaq, nifaq, vətəndaşları bölmək, başlarını bir-birinə qatmaq, qisas alovunu şölələndirmək lazımdı.

Bu dəhşətli faciə bəlkə də gələcək onlarla, yüzlərlə belə faciənin qarşısını ala bildi. Bundan sonra hakimiyyətin allahsız xislətinə arxayın olub qarşı tərəfi aşağılayanlar anlayacaq ki, aşağıladıqları da insandı və hər an qəzəbə qul olub, şüursuz addım ata bilər. Bıçaq sümüyə dirənəndə, qan gözü örtür. Nə məhbəs durur gözünə, nə həyat.
Ama arxayınam ki, bu rejim son anınacan da belə qansız olaraq qalacaq. Onlar bizi qanımızın içində oynatmaqdan həzz alır, güc alır. Barı bizlər bir-birimizin qanını içməyək.