Qəzan mübarək, XALQIN CƏBHƏSİ!

Bu da qaz balonlarının tüstüsünə bürünmüş “azadlıq”. Bu tüstü dumanında Xalq Cəbhəsinin XALQIN CƏBHƏSİNƏ çevrilməsi prosesi baş verir

Cəmil Həsənli, Milli Şuranın sədri

Martın 3-də AXCP-nin kirayə etdiyi ofis parladıldı. Partlayış hadisəsinin hakimiyyət orqanları tərəfindən törədildiyi birmənalıdır. Qaz xətti olmayan zirzəmiyə qaz balonları yerləşdirilib. Zirzəmidə işləyənlər orada heç vaxt qaz balonu görmədiklərini təsdiqlədilər. Deməli, xüsusi əməliyyat keçirilib.Cəbhəni yenidən didərgin salmaq və müxalifətçiyə ofis vermiş mülkiyyətçini “ram etmək” üçün həmin binanın külünü göyə sövurdular ki, bu məmləkətdə bundan sönra bir kimsə öz mülkiyyəti ilə belə özbaşına rəftar etməsin. Əlavə təhqiqata ehtiyac yoxdur. Hər şey göz qabağındadır.
1825-ci ildə dekabristləri asanda kəndir qırıldı, kimsə dodaqaltı pıçıldadı ki, bu dağılmış məmləktdə adamı adam kimi asmağı da bacarmırlar. Əslində, hakimiyyətimiz o qədər fərsizləşib ki, inandırıcı bir şar da partlada bilmir. Kokteyl düzəldir, içindən Molotov çıxır, narkotika qoyduğu çibdən qiblənamə çıxır, kəmənd atdığı kəndir çürük çıxır. Öz ölkəsindən oğurluq edən bir yığından bundan artıq nə gözləmək olar?
Hakimiyyət orqanları konstitusiya üzrə qorumalı olduğu bir siyası qurumun ofisində terror aktı həyata keçirir. Müxalif bir partiya hədəfə alınır. Bir neçə ay öncə İlham Əliyev Avropa paytaxtlarının birində öz müxaliflərinin azadlıqda olması ilə öyünürdü. Bu da qaz balonlarının tüstüsünə bürünmüş “azadlıq”. Bu tüstü dumanında Xalq Cəbhəsinin XALQIN CƏBHƏSİNƏ çevrilməsi prosesi baş verir. Çürümüş kəndirlə kəmənd atıb cəmiyyəti çidarlamaq çətin ki, mümkün olsun.
Hər dəfə AXCP qərargahında Milli Şuranın sessiyalarını, Koordinasiya Mərkəzinin toplantılarını keçirəndə, ofisin indiyə qədər partiyanın sərəncamında qalmasından təəccübümüzü gizlətmirdik. Düzünü deyim, günləri sayırdıq. Nəhayət, martın 3-də baş verən partlayış intizarımıza son qoydu. “Hüquqi dövlətə” hədəflənmiş Azərbaycanda müxalifət olmağın bədəli belə ödənilir.
Heç bir müxalif yetkilinin can və mal güvənliyi yoxdur. Onlar canlı şəhidlərdir və bir qayda olaraq Allahın verdiyi ömrü deyil, harınlaşmış hakimiyyətin kriminal qurumlarının müəyyən etdiyi qəzavü-qədəri yaşayırlar. Qəzavət yolunda qəzan mübarək, XALQIN CƏBHƏSİ!