“YouTube” və “Facebook”da 2 aprel mitinqinin videogörüntülərinə baxıram…
Aksiya iştirakçılarının, xüsusilə gənclərin “AZADLIQ!” hayqırtısı, mitinq generalı Yaşar Əliyevin cızdığı plan əsasında polislərin asayişi bərpa etməsinin necəliyi öz yerində… Iki kameradan lentə alınan eyni mahiyyətli bir detal diqqətimi çəkir.
Birincidə 3 polis bir gənc müxalifətçini zorla maşına aparır və onların əlindən qurtulmaq istəyən gənc birdən ucadan deyir: “Cibimə girmə!”
Ikinci videoda orta yaşlı bir kişini 4-5 polis “zərərsizləşdirir”. Polislərin cəngindən xilas olmağa çalışan kişinin səsi videoda lap aydın eşidilir: “Cibimə girmə!”
YAP-ın idarə etdiyi Azərbaycanın əksər hökumət strukturlarında vətəndaşın cibinə girirlər. Açıq-aşkar, qorxmadan və çəkinmədən. Cibinə girib ya oradakıları qamarlayırlar, ya da o cibə nəsə atırlar – tiryəkmi, marixuanamı, kokainmi, tapançamı, avtomatmı, qumbaramı, yaxud başqa bir şey – bu artıq “əməliyyatı” gerçəkləşdirənlərin humanizmindən asılıdır.
Etiraf etmək gərək, mitinqin qızğın vaxtında kameraların gözü qarşısında vətəndaşın cibinə girməyə cəhd etmək əlahiddə bir qabiliyyətdir. Və bu qabiliyyətin formalaşmasının səbəbləri var.
Azərbaycanda öncə doğum evində cibə girirlər. Fundament burada qoyulur…
Sonra uşaq bağçasında cibə girirlər.
Məktəbdə cibə girirlər.
Universitetdə cibə girirlər.
Işə girəndə cibə girirlər.
Vəzifəyə qoyanda cibə girirlər.
Arayış alanda cibə girirlər.
Məhkəmələrdə cibə girirlər.
Polisdə cibə girirlər…
Nədən ki, vətəndaşa Azərbaycanda MÜŞTƏRI kimi baxılır. Özü də vətəndaşın – müştərinin nə sosial durumuna fikir verirlər, nə yaşına diqqət edirlər. Hansı ölkədə bir ayağı burda, o biri gorda olanın, şikəstin, yetimin cibinə göz dikərlər?
Azərbaycanda isə:
– “VTEK”də şikəstin cibinə girirlər;
– Yetimin cibinə girirlər;
– Ahılın cibinə girirlər.
Bunu aşağı ranqlı cibgirlər edirlər. Yuxarı ranqlılar isə DÖVLƏTin cibinə girir. Elə buradaca sual edirəm: Nədən cibimizə girirlər? Nədən ingilisin, fransızın və almanın cibinə yox, bizim cibimizə girirlər?
Cavabını da elə özüm verirəm: Çünki ingilisin, fransızın, almanın arxasında DÖVLƏT dayanır. Elə bir DÖVLƏT ki, vətəndaşının həyatı və rifahı onun üçün hər şeydən önəmlidir.
Bizdə isə DÖVLƏT cibinə girilənlərin deyil, cibə girənlərin arxasında dayanır, onları müdafiə edir. Etməsəydi, dövlətdən aldığı illik maaşı mədəsindən savayı rusun bir “07″ model ”Jiquli”sini almağa bəlkə də çatmayan nazir milyon manatlıq villalarda yaşaya bilərdimi? Nazir oğlu yüz minlərlə manatlıq zirehli “Jeep”ə minə bilərdimi?
Deməli, bizdə DÖVLƏT cibgirlərin başını tumarlayır. Tumarlamırsa, bütün nazirlərdən, komitə sədrlərindən, icra başçılarından, sayı-hesabı bilinməyən rəislərdən, müdirlərdən mal varlıqlarını açıqlamağı tələb etsin…
Azərbaycanda cibə girmək artıq bir mentalitet elementidir.
Analoqsuz inkişaf gedən ölkələrdə analoqsuz təzahürlərin baş verməsi təbiidir.
Cibimizi qoruya bilmirik…
Torpağını qorumağı bacarmayan cibini necə qoruya bilər ki?! Ağır da olsa, razılaşmaq zorundayıq. O vaxta qədər ki…
2 APREL haqqında yenidən düşünün. Və “cibini qorumaq üçün hansı addım atmısan?” sualını öncə özünüzə, sonra cibgirlərdən lələdağlılara ünvanlayın.
Cibimə girmə!
•