Bir də sənət dərdi

Biz ya dünyanın bir parçası ola bilmirik, ya da heç olmaq istəmirik. Başqa məsələləri kənara qoyuram. Bu sual mənim kimi çoxlarını düşündürür hər halda. Nədən dünya məşhurları sırasında mübahisəsiz yer ala bilən neçə-neçə sənətçimizi ölkədən kənarda tanıda bilmirik? Istisna tanışlıqları demirəm. Şübhəsiz, söhbət yüksək səviyyədə təqdimatdan gedir. Hələ başqalarını demirəm, heç Üzeyir Hacıbəyov və Qara Qarayev kimi korifeylərimizi də türk dünyasında yaxşı tanıda bilməmişik. Nə mane olur, anlamıram ki.  Rəssamlarımız, aktyorlarımız, musiqi ifaçılarımız, başqa sənətkarlarımız da onlar kimi. Ölkədə isə belə bir görüntü var ki, sənət adına çox işlər görülür, bəli məhz görüntü…

Hərdən insana elə gəlir ki, Azərbaycanda Səttar Bəhlulzadə adlı bir dahinin doğulduğu da unudulub. Bəlkə sənətkarın adına bağlı görülən işləri xatırladıb, məni qınayanlar da tapılacaq. Amma Səttar sıradan bir sənətkar deyil axı. Onun dünyanın ən ünlü rəssamları ilə rəqabət apara biləcək bir fırça ustası olduğuna şübhə də yox. Sovetlər zamanında rəssamın Norveç, Kanada, Belçika, Fransa, Yaponiya və onlarla başqa ölkəsində fərdi sərgiləri açılıb. Elə bu gün də dünyanın onlarla muzeyində onun əsərləri daimi eksponat olaraq saxlanılır. Bunlar hamısı gözəldir. Amma bu təqdimatın dairəsini daha da böyütmək olmazmı? Sözün həqiqi anlamında, Səttar sənət dünyasının bir qrupu çərçivəsində məhdudlaşıb qalacaq şəxsiyyət sayıla bilərmi? Niyə Səttarın adı da başqa millətlərin dilində bizim dilimizdə Van Qoqun, Pikassonun, Rembrandtın, Dalinin adı qədər əzbər olmasın? Məlum, təbliğat aparmağın və tanıtmanın xüsusi təsirli yolları var. Önəmli olan o yolları arayıb tapmaqdır.  

Başqa xalqlar bu işin incəliklərini yaxşı bilir anlaşılan. Böyük holland rəssamı Van Qoqla bağlı dünyada məşhur olan bir layihə var. Müəllifi Kameron Kross buna “Böyük molbert” adı verib. Bu, rəssamın 7 “Günəbaxanlar” tablosu ilə bağlı həyata keçirilən çox maraqlı bir sənət layihəsidir. Layihə əsasında həmin tabloları dünyanın yeddi ölkəsində nümayiş etdirilməsi nəzərdə tutulur. 7×10 metrlik ölçüdə işlənmiş 7 tablo sıra ilə, ümumi hündürlüyü 25 metr polad molbertlər üzərində təyin olunmuş sahədə ucaldılacaq. Bu div molbertlərdən ibarət kompozisiya üçün hər ölkə üzrə 17 ton polad işlənib. Ilk molbert 1998-ci ildə Kanadada, ikincisi Avstraliyada, üçüncüsü isə Amerikada ucaldılıb. Növbəti məkanlar olaraq müəllif Cənubi Afrika və Yaponiyanı seçib. Kross layihə uğurla tamamlandığı halda, onun Ginnesin “Rekordlar” Kitabına düşəcəyini bəyan edib. 

Səttarla bağlı buna bənzər layihələri yaxın-uzaq ölkələrdə reallaşdırmaq niyə mümkün olmasın ki. Sənət adamlarımıza böyük stimul və dəstək ola biləcək belə layihələr öz şəhərlərimizdə niyə həyata keçirilməsin? Dünyada böyük rəssamların adını daşıyan sənət məktəblərinin fəaliyyət göstərdiyini hamı bilir. O zaman Azərbaycanın ayrı-ayrı bölgələrində Səttar məktəbləri niyə açılmasın ki? Məgər tarix üçün yeni dahilər, məşhurlar yetişdirməyin başqa yolu var? Axı hamımız bilirik ki, onlarla istedadlı gənc məhz imkansızlıq və şəraitsizlik üzündən öz bacarığını reallaşdıra bilmir, sonra da həvəsdən düşüb ortalıqda solub gedir. 

Hər hansı xalqın öz sənətini və sənətkarını geniş arenada təbliğ etməyin yolu bir yandan maddi dəstəklə, o biri yandan səmimi istəklə bağlıdır. Bu istək olduğu halda, tanıtmanın da yolu tapılır, onu reallaşdırmaq üçün pul da. Bəlkə, elə buna görə stimul və yetərli dəstək olmadığından xaricə üz tutan bəzi istedadlı rəssamlarımız məskunlaşdığı ölkədə daha çox tanına bilir, nəinki Azərbaycanda. Mənim suallarım da elə bu məsələnin “niyə”sindən doğur. Ölkənin dərdi başından aşır, doğru. Amma elə dərdin biri də bu deyilmi?

*