AXCP-yə kütləvi axın

Partiya sədri Əli Kərimliyə qarşı hakimiyyətin apardığı iyrənc kampaniya əks effekt verir

 

Hakimiyyətin AXCP və onun sədri Əli Kərimliyə qarşı apardığı kampaniya əks effekt verib. Son bir neçə gündə yüzlərlə vətəndaş “Azadlıq”ın redaksiyasına telefon açaraq hakimiyyətin Əli Kərimliyə qarşı apardığı iyrənc kampaniyanı pisləyir və AXCP sədrinə dəstək ifadə edirlər. Onlardan bir çoxu isə iqtidara etiraz olaraq AXCP-nin sıralarına üzv olmaq istədiklərini bildirirlər.
Bunların arasında Astara sakini, keçmiş hərəkatçı Vaqif Əhmədoğlunun, Bakı sakinləri Çəməngül Məmmədovanın, Orxan Darçıyevin adlarını çəkmək olar. Vaqif Əhmədoğlu bizimlə söhbətində bildirib ki, o hər zaman Azərbaycanda ədalətli cəmiyyət uğrunda mübarizə aparsa da, heç bir partiyanın üzvü olmayıb: “Mən AXCP sədri Əli Kərimliyə qarşı aparılan iyrənc kampaniyadan sonra qərara aldım ki, bu partiyaya üzv olum. Bu addımımla AXCP-yə və onun sədri Əli bəyə dəstəyimi ifadə edirəm”.   
Çəməngül Məmmədova isə bildirib ki, AXCP sədrinə qarşı aparılan kampaniya hakimiyyətin hansı mənəviyyatın sahibi olduğunu göstərir: “Əli bəyin ünvanına nalayiq ifadələr səsləndirirlər, amma özləri bu ifadələrə layiqdir. Artıq ”AzTV” və “Lider” kanalına tüpürməkdən boğazımız quruyub. Mən bu iyrənc kampaniyaya etiraz olaraq AXCP-yə üzv olmaq istəyirəm”.
Orxan Darçiyev isə bildirib ki, o aprelin 2-də Ictimai Palatanın mitinqində iştirak edib: “Mitinqdə bu hakimiyyətin mahiyyəti mənə tam aydın oldu. Təsəvvür edin, məni həbs edəndə polislər telefonumu götürüblər hələ də ala bilmirəm. Eyni zamanda mən AXCP-yə və onun sədri Əli Kərimliyə qarşı aparılan kampaniyaya etiraz olaraq bundan sonra bu partiyanın üzvü olmağı qərara almışam”.
Redaksiyamıza telefon açan dəyərli vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, AXCP-yə üzvlük məsələsinin “Azadlıq” qəzetinə heç bir aidiyyatı yoxdur. Biz onların mövqelərini işıqlandıra bilərik, amma vətəndaşlar partiyaya üzvlük məsələsi ilə AXCP sədrinin müavini Gözəl Bayramlıya (əlaqə telefonu: 050 311 35 15) müraciət etsələr yaxşı olar.

 

İnformasiya şöbəsi