Mübariz Qurbanlıdan maraqlı Ukrayna açıqlaması

«Məmur harınlığı, səhv siyasət bu cür hadisələrə gətirib çıxarıb»

Həsən Kərimov: «Ukraynada baş verənləri xalqın etirazı kimi qiymətləndirib, Azərbaycandakı etirazları xarici qüvvələrlə əlaqələndirmək savadsızlıqdan irəli gəlir»

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı “Olaylar” qəzetinə müsahibəsində Ukraynada baş verən hadisələrdən danışıb və bu hadisələrdə xarici amilin təsirinin olmadığını deyib. Deputatın sözlərinə görə, məmur harınlığı, Yanukoviçin özünün səhv siyasəti bu cür hadisələrə gətirib çıxarıb.
M.Qurbanlı bildirib ki, məhz yuxarıların sərt və səhv siyasəti bu cür inqilabları yetişdirir. Millət vəkilinin özlərinə görə, Yanukoviçin hakimiyyətindəki bu və ya digər nöqsanları, qeyri-qanuni hərkətləri ifşa edəcək və ya onun qarşısını alacaq, onu zamanında əzə biləcək bir siyasət yeritmiş olsaydı, o hadisələr baş verməzdi.
Maraqlıdır ki, YAP-çı deputat Azərbaycanda vəziyyətin tamamilə fərqli olduğunu və xarici cəhdlərin ölkəmizdə alınmadığını deyir.
M.Qurbanlının Azərbaycanı inqilabların baş verdiyi digər ölkələrlə müqayisə etməməsi anlaşılandır. Çünki bir qayda olaraq rəsmilər ölkədə yaranan acınacaqlı durumu etiraf etmək istəmir. Bir qayda olaraq ölkədə hər hansı problemlə bağlı etirazlar baş qaldıranda, narazılıq yarananda burda xarici amilin rolu axtarılır. M.Qurbanlının Ukraynadakı vəziyyəti Azərbaycanla müqayisə etməməsi də bunun göstəricisidir.

AXCP Ali Məclisinin sədri Həsən Kərimov M.Qurbanlının belə yanaşmasını doğru hesab etmir. Çünki Mübariz Qurbanlının təmsil olunduğu hakimiyyət elə bir idarəetmə formasını seçib və xalqın başına elə oyunlar açır ki, ölkədə narazılıq son həddə çatıb. Ona görə Azərbaycanda baş verən hadisələri xarici amildə deyil, hakimiyyətin daxili siyasətində, idarəetməsində və ölkədə tüğyan edən korrupsiya və rüşvətxorluqda axtarmaq lazımdır. Xarici qüvvələrin Azərbaycan müxalifəti, Azərbaycan xalqı ilə heç bir əlaqəsi yoxdur.
H.Kərimovun sözlərinə görə, Ukraynada baş verənləri xalqın etirazı kimi qiymətləndirib Azərbaycandakı etirazları xarici qüvvələrlə əlaqələndirmək savadsızlıqdan irəli gəlir. Bu, hakimiyyət təmsilçisinin özünə bəraət qazandırmaqdan başqa bir şey deyil: “Yaxşı olar ki, Mübariz Qurbanlının təmsil olunduğu hakimiyyət öz ciblərinə yox, xalqa xidmət etsin. Onda bilərlər ki, xalq etirazları xarici qüvvələrin təsiri ilə deyil, daxildə yaradılan narazılıq fonunda baş verir”.

Fizzə