Qüdrət Həsənquliyevdən maraqlı açıqlamalar
“Bir gün ”Avrasiya dialoq” jurnalı mərhum prezident Heydər Əliyevin doğum günü ilə bağlı “Gülüstan” sarayında tədbir keçirirdi. Orada bizə bir jurnal payladılar. Jurnalda cəmisi iki material Heydər Əliyevə həsr edilmişdi. Qalanı isə Fətullah Gülən və nurçuluq ideologiyasının mahiyyəti ilə bağlı idi”. Bu sözləri deputat Qüdrət Həsənquliyev virtualaz.org saytına müsahibəsində deyib.
O daha sonra bildirib: “Həmin tədbirə gənclər, QHT nümayəndələri dəvət edilmişdi. Mən həmin jurnalı parlamentdəki çıxışımda da göstərdim və etiraz etdim ki, insanları başqa adamın adı ilə tədbirə çağırıb başqa bir adamın təbliğini aparırlar. Bunun yolverilməz olduğunu səsləndirmişdim. Jurnalda belə bir ifadə işlədilmişdi ki, beyni biliklərlə, ürəyi nurla dolu olan insanlar siyasi hakimiyyətə gəldikdə həmin ölkədə ədalətli hakimiyyət qurmaq olar.
Bu, birbaşa ortaya hansısa siyasi bir iddianın qoyulduğunu göstərir. Parlamentdəki çıxışımda da bildirmişdim ki, ölkədə başqa-başqa dini cərəyanların təsirinin olduğu məktəblərin yaranmasına icazə vermək olmaz. Həmçinin açılan bu Türkiyə məktəblərini. Bu gün də bu məsələdən narazılığımı dilə gətirirəm. Amma indi məndə olan məlumata görə, onların mülkiyyət hüququ Dövlət Neft Şirkətinə keçib. Neft Şirkəti Qafqaz Universitetinin və nurçulara məxsus olan məktəblərin mülkiyyət hüququnu alıb. Amma tədrisi həmin insanlar aparır. Onların tələbələri Prezident Administrasiyasında təmsil olunurlar…
Nurçulara bağlı universitetləri bitirən gənclər yüksək dövlət postlarında və hakimiyyət orqanlarında da təmsil olunurlar”.
Məlumat üçün deyək ki, “Dialoq Avrasiya” jurnalı Dialoq Avrasiya Platforması beynəlxalq ictimai təşkilatın dərgisidir. Qüdrət Həsənquliyevin həmkarı Nizami Cəfərov isə bu təşkilatın Azərbaycan Milli Komitəsinin sədridir.
Qüdrət Həsənquliyevin sözlərinə inansaq, o zaman Nizami Cəfərovun da nurçularla bağlı olduğu barədə şübhələr yaranır.
“Azadlıq”ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Nizami Cəfərovla əlaqə saxlamağa cəhd edib. Lakin deputat “Azadlıq”ın adını eşidən kimi telefonu qapadıb. Daha sonra isə zənglərə cavab verməyib.


