«Demokratiyadan qaçmaq artıq mümkün deyil və buna dirəniş çox ağır başa gəlir»
Sülhəddin Əkbər: «Hakimiyyət gec də olsa ölkədə demokratik islahatlara başlamalıdır»
Ukraynada demokratik inqilabın qələbə qazanması gözlənildiyi kimi Rusiyanın sərt təpkisinə səbəb oldu. Əslində Ukraynadakı proseslərin bu cür miqyas alacağı proseslərin əvvəlində gözlənilən deyildi. Hər şey Yanukoviç hakimiyyətinin Avropa Birliyinə inteqrasiya siyasətindən imtina etməsiylə başladı. Mövzuyla bağlı suallarımızı bu gün Milli şuranın üzvü, Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbərə ünvanladıq:
– Ukraynada baş verən proseslər gözlənilən və proqnozlaşdırılan idi. Sadəcə olaraq hakimiyyətin bir qədər səhvi ucbatından proseslər daha sürətlə getdi. Müxalifətin də buraxdığı bəzi səhvlər üzündən proses ağırlaşmalarla davam etməkdədir. Birincisi onu qeyd edim ki, hadisələr Ukraynanın əvvəlki hakimiyyətinin Avrointeqrasiya kursundan imtina etməsindən sonra başladı. Ona görə də etirazçıların tələbləri Qərb, ABŞ tərəfindən prinsipial olaraq davamlı şəkildə dəstəkləndi. Ukrayna cəmiyyətinin keçirilən etirazlara kütləvi şəkildə dəstək verməsi, ortaya iradə qoyması sonucda toplumun istəyini nəzərə alan demokratik qüvvələrin uğuru ilə başa çatdı. Artıq Ukraynada keçid hökuməti formalaşdırılıb, dövlət başısı vəzifəsindən kənarlaşdırılıb. Bu hadisələr baş verməmişdən əvvəl mətbuata açıqlamda bildirmişdim ki, müxalifət gərək Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılmasında tələsməsin. Çünki bu ağırlaşmalara, Ukraynanın parçalanmasına gətirib çıxara bilər. Təəssüf ki, bir tərəfdən Yanukoviçin atdığı addımlar, razılaşmaya əməl etməməsi, Ali Radanın 2004-cü il Konstitusiyasına geri qayıtmaması ilə bağlı qərarına imza atmaması onun hakimiyyətdən uzaqlaşdırılmasına gətirib çıxardı. Bu təxribat idi. Müxalifət gərək buna getməyəydi. Müxalifət Rusiyanın prosesə müdaxiləsinin qarşısını almaq üçün gərək müdrik qərarlar qəbul edəydi. Təbii ki, Ukrayna hazırda ağır günlərini yaşayır. Artıq 100-ə yaxın insanın qanı axıdılıb. Ukraynada inqilab başa çatmaq üzrədir. Amma Ukrayna bunun bədəlini də ağır formada ödəməkdədir. Qərbin baş verən proseslərdə demokratik qüvvələri də müdafiə etməsi gözlənilən idi.
“Ukrayna Avrointeqrasiya məsələsində GUAM ölkələrinə öncüllük edirdi”
– Ekspertlərin fikrincə, Azərbaycan da Ukrayna ilə Şərq Tərəfdaşlığı proqramında eyni mövqeyi paylaşırdı. Hazırda Ukraynada baş verənləri nəzərə alaraq, Azərbaycan hakimiyyəti və cəmiyyəti hansı dərsləri götürməlidir?
– Əvvəlla mən o fikir ilə razı deyiləm ki, Azərbaycan Avropa Birliyinə inteqrasiya məsələsində Ukrayna ilə eyni səviyyədə idi. Tam əksinə Ukrayna Avropa Birliyinə inteqrasiyada Gürcüstan və Moldovadan da irəlidə idi. Ukrayna assosiativ və azad ticarət zonası haqqında sazişi artıq paraflamışdı. Moldova ilə Gürcüstan isə bu sazişləri yalnız Vilnüs sammitində parafladılar. Ukrayna Avrointeqrasiya məsələsində GUAM ölkələrinə öncüllük edirdi. Azərbaycana gəldikdə isə hakimiyyət açıq şəkildə bəyan edir ki, o nə assosiativ sazişi, nə də sərbəst ticarət anlaşmasını imzalamaq niyyətində deyil. Azərbaycan hakimiyyəti sadəcə olaraq Avropa Birliyi ilə strateji münasibətlər, fərdi tərəfdaşlıq qurmaq istəyir. Azərbaycan Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramının qoyduğu tələbləri, xüsusilə siyasi sahədə olan məqamları yerinə yetirmək fikrində deyil. Siyasi tələblərin yerinə yetirilməsi Azərbaycan hakimiyyətinin maraqlarına uyğun deyil. Çünki Avropa Birliyinin siyasi tələblərinin yetirilməsi o deməkdir ki, Azərbaycanda demokratik seçkilər keçirilməlidir. Azad ticarət zonasının yaradılması isə o deməkdir ki, Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmalıdır. Bu da Azərbaycanın daxili bazarını nəzarətdə saxlayan məmur oliqarxların maraqlarına böyük zərbə olacaqdır. Ona görə də “daxili bazarı” qorumaq üçün Azərbaycan nəinki Avropa Birliyi ilə müqavilə imzalamaq fikrində deyil, eyni zamanda Gömrük Ittifaqına da girməyəcək. Buradan təbii ki, həm Azərbaycan müxalifəti, həm cəmiyyət, həm də hakimiyyət lazımi nəticələri çıxarmalıdırlar. Birincisi biz hamılıqla dünyada və regionda gedən başlıca tendensiyaları nəzərə almalıyıq. Demokratiyanın genişlənməsi artıq tarixi inkişafın əsas aparıcı istiqamətidir. Bundan qaçmaq mümkün deyil və buna dirəniş çox ağır başa gəlir. Nəticələr həm cəmiyyət, həm demokratik qüvvələr, həm də hakimiyyət üçün ağır olur. Ukrayna təcrübəsi göz öünündədir. Azərbaycan bütövlükdə hakimiyyəti, müxalifəti ilə Ukrayna təcrübəsini nəzərə almalıdır. Ölkədə gec də olsa demokratik islahatlara başlanılmalıdır. Bunun üçün də hakimiyyətlə demokratik qüvvələr arasında dialoqun başlanmasına ehtiyac var. Bu mərhələyə kemək naminə isə dialoq üçün əlverişli mühit yaradılmalıdır. Hakimiyyət demokratik islahatlar, siyasi məhbuslarla bağlı ciddi addımlar atmalıdır.
“Ukraynada hakimiyyət dəyişikliyinin səbəbi Azərbaycandakı kimi məmur harınlığı idi”
– Həqiqətən də hakimiyyətin davranışlarından görünür ki onlar AB-ya inteqrasiyada maraqlı deyillər. Amma hakimiyyət təmsilçiləri heç də elə düşünmürlər ki, Yanukoviçin sonuna səbəb onun AB ilə inteqrasiyadan imtinası oldu. Əksinə hakimiyyət təmsilçiləri düşünür ki, baş verənlərin əsas səbəbi Yanukoviçin ciddi səhvləri idi. Digər bir tərəfdən başqa bir səbəb kimi məmurların harınlaması və xalqdan uzaqlaşması göstərilir. Eyni göstəricilər Azərbaycan hakimiyyətində də varmı?
– Bu tendensiya Azərbaycanda daha böyük miqyasda, daha kəskin formada təkrarlanır. Əsas fərq ondan ibarətdir ki, Ukraynada hazırkı proseslərin başlamasının birinci səbəbi hakimiyyətin Rusiyanın təzyiqi ilə Avrointeqrasiya ilə bağlı verdiyi vəddən imtina etməsi oldu. Hadisələrin genişlənməsi, dərinləşməsi və Ukraynada hakimiyyət dəyişikliyinə gətirib çıxarmasında isə iqtidarın səhvləri, məmur harınlığı əsas rol oynadı. Hakimiyyət dəyişikliyindən sonra xoşagəlməz hadisələrin baş verməsi, hakim partiya nümayəndələrinin mülkiyyətlərinə hücum xalqın qəzəbinin və müxalifətin onları idarə etməməsinin nəticəsi idi.
“Hakimiyyət nəticə çıxarmalıdır”
– Dövlət Departamentinin kifayət qədər sərt hesabatı dərc olunub. Müxalifətin illərdir dedikləri bu hesabatda əksini tapıb. Hesabatda məhkəmələrin müstəqil olmaması, qanunsuz həbslərin reallaşması pislənilib. Amma hakimiyyət bu hesabatı ənənəsinə sadiq qalaraq qərəzli sayır…
– ABŞ Azərbaycanda baş verənlərlə bağlı kifayət qədər məlumatlıdır. Bu hesabatlar getdikcə daha əhatəli, dərin, obyektiv olur. Azərbaycandakı durum hesabatda kifayət qədər obyektiv şəkildə əksini tapıb. Hakimiyyət bu hesabatlardan düzgün nəticə çıxarmaq, ölkədə hüquqi, siyasi, iqtisadi, hərbi islahatlar aparmaq əvəzinə tam tərsinə addımlar atır. Hakimiyyət anlamalıdır ki, dünyada demokratiya genişlənir. Artıq 193 ölkəsindən 150-i demokratikdir. Dünyada istehsal olunan məhsulun 75 faizi demokratik ölkələrin payına düşür. Yalnız 43 ölkə avtoritar və totalitar üsullarla idarə olunur. Dünyanın qlobal demokratikləşməsi prosesi gedir. Bu yalnız siyasi deyil, eyni zamanda geopolitik prosesdir. Təbii ki, bunu Azərbaycan hakimiyyəti də görməmiş deyil. Düşünürəm ki, hakimiyyət dünyada, regionda, Ukraynada gedən prosesləri nəzərə almalıdır. Azərbaycan GUAM-da demokratik inkişaf yolu tutmayan yeganə ölkədir. Dünyada Azərbaycana diqqət bundan sonra daha da artacaqdır. Nəhayət hakimiyyət ölkədə əməkdaşlıq, dialoq mühiti yaratmalı, dərin demokratik islahatlara başlamalıdır.
– Belə bir hesabatın gündəmə gəlməsi əslində Azərbaycan xalqının Ukrayna xalqı kimi haqları uğrunda ayağa qalxacağı təqdirdə beynəlxalq birlikdən dəstək alacağı anlamına gəlmirmi?
– Əvvəlla demokratiya ABŞ-ın Azərbaycanla bağlı siyasətinin 3 əsas istiqamətlərindən biridir. Ikincisi ABŞ dəfələrlə bəyan edib ki, Vaşinqton demokratik ölkələrlə, xalqlarının mövqeyini ifadə edən hakimiyyətlərlə strateji münasibətlər qurur. Digər tərəfdən də geosiyasi mübarizə də kəskinləşir. Bu mübarizənin aparıcı elementlərindən biri də demokratik inkişafdır. Bu mənada demokratik inkişaf ABŞ siyasəti üçün həm də strateji önəm qazanıb. Bu gün artıq ABŞ dünyada mili maraqlarını sabit və davamlı şəkildə inkişaf etdirmək üçün bu yolu seçib. Amerikanın maraqlarının inkişafı həm də demokratiyanın inkişafı ilə bağlıdır. Bu baxımdan ABŞ nəinki Azərbaycanda bütün dünyada demokratiyanı təşviq edir, demokratiya uğrunda bütün dünyada ayağa qalxan xalqları müdafiə edir. O başqa məsələdir ki, bəzən bu müdafiə daha güclü, bəzən də zəif olur. Amma bu müdafiə hər zaman bu və ya başqa şəkildə olur.
“Hakimiyyət gənclərin aktivliyindən narahatdır”
– Hakimiyyət əksinə narazılıqdan nəticə çıxarmaq əvəzinə həbsləri artırıb. Demokratik düşərgə fəalları həbs olunur. AXCP üzvlərinə qarşı təzyiqlər, həbslər davam edir. Bu nəyin görsənişidir? Hakimiyyət nədən çəkinir?
– Bunun bir ümumi, bir də xüsusi səbəbi var. Ümumi səbəb ondan ibarətdir ki, bu Azərbaycan hakimiyyətinin daimi apardığı repressiv siyasətdir. Ikinci xüsusi hal da ondan ibarətdir ki, dünyada demokratikləşmə ilə bağlı kəskin proseslər baş verdikdən sonra Azərbaycan hakimiyyətinin repressiv siyasəti daha da sərtləşir. Xatırlayırsınızsa, ərəb baharı başlayandan sonra da hakimiyyətin davranışlarında dəyişiklik özünü sərt şəkildə göstərdi. Bir tərəfdən hakimiyyətin addımları fevralın 26-da Xocalı soyqırımı ilə bağlı yadetmə mərasimindən sonra gənclərin aktivliyi ilə bağlıdır. Mən də həmin hadisə yerində idim. Polisin necə narahat olduğunun şahidi oldum. Təbii ki, hakimiyyət bu tədbirləri görməklə Azərbaycan gənclərinin artan aktivliyinin qarşısını almaq istəyir. Hakimiyyət bununla “demokratiyanı beşikdə boğmağa” çalışır. Azərbaycan hakimiyyəti profilaktik tədbirlər görür.
– Ölkəni intihar dalğası bürüdüyü, vətəndaşların mülkiyyət hüquqları yenə də pozulduğu bir zamanda Milli Şuranın üzərinə hazırda hansı vəzifələr düşür?
– Milli Şuranın qarşısında çox ciddi məqsəd və vəziflərə dayanır. Milli Şura yaranərkən qarşısına ölkədəki avtoritar rejimdən dinc və demokratik şəkildə demokratiyaya keçməyi təmin etməyi vəzifə kimi qoyub. Bu çox ciddi və ağır vəzifədir. Bu vəzifənin yerinə yetirilməsi ölkənin bütün demokratik qüvvələrindən ciddi iş tələb edir. Biz ölkədəki bütün demokratik qüvvələri mobilizasiya edib, təşkilatlandırmalıyıq.
Xəyal