Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatı AXCP üzvlərinin həbsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda bildirlir ki, fevralın 27-də AXCP-nin bir neçə saat içində 4 fəalının saxlanılması artıq bu şəxslərin təqdim edildiyi kimi, hansısa qeyri-qanuni əməli ilə deyil, siyasi sifarişlə həbs olunmasını təsdiqləyir. Hakimiyyət siyasi fəallara, xüsusilə gənclərə qarşı repressiv təzyiq metodlarından istifadə etməklə, cəmiyyətdə ciddi bir aqressiya mühitini yaradır ki, bu da çox təhlükəlidir. Bir müddət öncə heç siqaret belə çəkməyən VHP-çi gəncin narkotik istifadəçisi kimi həbsi, evində oturan gəncin “polisə müqavimət” adı ilə polis idarəsinə aparılması və incibati cəza verilməsi artıq Azərbaycanda növbəti siyasi təzyiqin başlandığının sübutudur.
VHP gəncləri olaraq hesab edirik ki, dünyada baş verən vətəndaş qarşıdurmaları fonunda hakimiyyətin heç bir nəticə çıxarmadan əvvəlki üsullardan istifadə edərək fəal gənclərə qarşı bu cür total hücumu ölkəmizi təhlükəli bir uçuruma sürükləyir. Vətəndaş cəmiyyəti, qarşılıqlı dialoq, siyasi dözümlülük əvəzinə get-gedə artırılan repressiya nəticə etibarilə ölkəmizdə arzulanmaz proseslərin sürətlənməsinə xidmətdən başqa bir şey deyil.
Biz, VHP gəncləri olaraq, hakimiyyətin gənclərə qarşı bu siyasətini qətiyyətlə pisləyir, bu həbsləri hakimiyyətin öz inzibati resurslarında istifadə edərək müxalif düşüncəli insanlara qarşı repressiyası sayırıq. Həbs olunanların azadlığa buraxılmasını, hakimiyyətin beynəlxaqlq qurumlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyi və Azərbaycan Konstitusiyasına əməl etməyi tələb edirik.