Srağagün qəlbim acı xəbərlə sarsıldı: Tağı Əhmədov işdən çıxarıldı! Kaş qulaqlarım kar olaydı, bu xəbəri eşitməyəydim. Bu bomboz, yorucu, darıxdırıcıdı, rəngsiz ölkədə bizə yaşamaq şövqü verən, həyatı maraqlı edən tək-tük məmurlardan biri, hətta deyərdim, birincisi idi.
Çoxları onu aqrar danışmaqda, jurnalistlərə qarşı kobud rəftarda ittiham edirlər. Bir neçə dəfə yazmışam, yenə yazım, əslində buna görə Tağı müəllimi qınamaq yox, alqışlamaq lazımdır. Bəli, o, bu hakimiyyətin ən səmimi, əsla maskalanmayan məmuru idi. Digər yaptokratlara, oliqarx-məmurlara baxırsan, hamısı oğurluqla, talanla məşğuldurlar, bu çağdışı, qeyri-insani, antidemokratik rejimi gücləndirmək, onun ömrünü uzatmaq üçün hətta çoxunun öz qoçu dəstələri, şilləvuranlar ordusu, üzəduranlar batalyonu var. Amma elə ki, kamera qarşısına keçirlər, ütülü, bər-bəzəkli cümlələr qururlar, sifətlərinə elə ifadə verir, elə danışırlar ki, baxan və dinləyən də deyər, süddən çıxmış ağ qaşıqdırlar, bunlardan ömür billah qonşunun toyuğuna “kiş” deyən, qul haqqı yeyən olmaz. Amma belə riyakarlıq Tağı müəllimə yad idi. O özünü gizlətmirdi. Malalamırdı. Necə vardısa, eləcə danışır və davranırdı.
O, bu rejimin gerçək üzü, gerçək sifəti idi. Indi onun işdən çıxarılması ilə biz həyatımıza rəng qatan, bizi güldürən və güldürübən düşündürən, Azərbaycanı hansı zehniyyətdə, səviyyədə bir qrupun idarə etdiyini gözlərimiz önünə boyasız və riyasız şəkildə sərən bir məmurla vidalaşdığımızın
fərqində deyilik. Guya onun yerinə təyin olunan metro bossu nəyi dəyişəcək? Bəlkə metroda basabas aradan qalxacaq? Regionlar məhv edilib, ayağı yer tutan Bakıya qaçır, buna Tağı müəllim nə edə bilərdi?
Rəsulzadənin metrodakı şəkili götürüləndə çıxıb demədimi ki, “mən buyruqquluyam, kimin desələr, onun da şəklini vuracam”.
Bəlkə “hər nazirin nazirliyi onun öz obyektidir, metro da mənim obyektimdir” deyəndə haqsız idi? Bu səmimiyyəti alqışlamaq yerinə çoxları onu topa tuturdu. Hamı ondan Ziya Məmmədov, Kəmaləddin Heydərov-zad kimi çıxıb bəzəkli-düzəkli cümlələr qurmalarını, nəzakətli danışmalarını gözləyirdi.
Mənsə hər dəfə belə başa düşürdüm ki, artıq bizə riyakarlığı və saxtakarlığı sevdiriblər, yoxsa biz gerçək (kobud, aqrar, yekəxana, özündənrazı, lovğa, qoçu təfəkkürlü) YAP məmuru görəndə niyə onu asıb-kəsmək istəyirik, ondan etika, nəzakət tələb edirik, niyə istəyirik ki, onlar özlərini zorla bu cür aparsınlar?
Idarəetmə sistemi kobud, aqrar, zora, qoçuluğa dayanırsa, siz də bu sistemin vintciklərindən, təkərciklərindən nəzakət, etika gözləyir, amma idarəetmə sistemini əsl mahiyyətini öz danışıq və davranışlarında real və səmimi əks etdirən Tağı Əhmədov kimi məmurları qınayırsınızsa, daha sözüm yoxdur – bu cür idarə edilməyə layiq və məhkumsunuz. Aşağıdakı şeir parçası isə Tağı Əhmədovun poetik yaradıcılığından bir damladır. Yəqin siz onu oxuyub “Tağı Sadiq” təxəllüsü ilə yazıb-yaradan keçmiş metro şefinə yenə güləcək, onu topa tutacaqsınız.
Halbuki bu şeir parçası Azərbaycanın istənilən xalqsız xalq şairinin, ədəbiyyatda “Yaxşı padşahın nağılı”nı yazıb həyatda pis padşaha nökərçilik edənlərin bütöv külliyyatından daha qiymətli, daha səmimi, daha içdəndir:
Bu dünyanın qarası var, ağı var
Sevənlərin sevgi kimi dağı var
Hər bülbülün cəh-cəh vuran bağı var
Məhəbbət büdrəyib xışa toxundu.
Könlümüzü açdıq sevgi dağında
Bir çiçəkli çəmən, bir yaz çağında
Sadiq qərar tutdu hicran bağında
Güllü baharımız qışa toxundu.
Şəxsən mən bundan sonra ancaq Tağı müəllimin şeirlərini oxuyacam.