AXCP-yə hücum əks effekt verdi

Həbslərdən sonra partiyaya üzvlük üçün müraciət edənlər artıb

 

Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin sədri (AXCP GK) sədri, eyni zamanda “Azadlıq” qəzetinin yazarı olan Ilham Hüseyn dünən inzibati qaydada cəzalandırılaraq həbsə göndərildi. Srağagün işdən qayıdarkən “banka borcunuz var” bəhanəsilə polisə aparılan Ilham Hüseynin məhkəməsi Xəzər rayonunda keçirilib.

Məhkəmə gözlənildiyi kimi də olub. Bir mülki geyimli və bir polis Ilham Hüseynin üzünə durub ki, guya, o, küçədə söyüş söyür, uca səslə danışırmış. Polis də onu intizama dəvət edəndə, o, polisə müqavimət göstərib. Ilham Hüseyn Inzibati Xətalar Məcəlləsinin 310-cu (polisə müqavimət) maddəsilə 20 sutka həbs cəzasına məhkum edilib.

Ilham Hüseyn məhkəmədə çıxışında ona qarşı iddiaları tam rədd edib, ittihamı “uydurma” adlandırıb və baş verənlərin siyasi sifarişin nəticəsi olduğunu vurğulayıb.

Dünən günün əvvəlində AXCP GK-nin daha bir üzvü ilə bağlı gərgin anlar yaşandı. Saat 12.00 radələrində polislər Gənclər Komitəsinin fəalı Elnur Məcidlinin (Elnur Məcidli “2 aprel” aksiyası zamanı həbs olunan vicdan məhbuslarından olub) evinə gələrək, qapını döyüb. Açılmadığını görəndə isə polislər qapını sındırıb içəri girməyə cəhd ediblər. Bir qədər keçəndən sonra həyətə daha bir polis avtomobili gəlib. Təxminən bir saata qədər qapını döyəcələyən və ərazidən güdükçülük edən polislər hanısa komandadan sonra geri dönüblər.

Elnur Məclidli bildirib ki, ona polisə dəvət barədə heç bir yazılı, şifahi xəbər göndərilmədiyi halda, ailə üzvlərilə birlikdə yaşadığı evə bu müdaxilə aşkar qanun pozuntusu, hüquq-mühafizə orqanlarının siyasi alət kimi istifadə edilməsinin göstəricisidir.

Xatırladaq ki, fevralın 27-də AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənliyə də Suraxanı rayon məhkəməsinin qərarı ilə 20 sutka həbs cəzası verilib. Bəhruz Həsənli də polisə müqavimət göstərməkdə ittiham edilib.

Elə həmin gün AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli də həbs edilərək, Nərimanov rayon məhkəməsinin qərarı ilə 15 sutka azadlıqdan məhrum olunub.

Həbslər davam edən müddətdə AXCP Gənclər Komitəsinin üzvləri Fuad Əhmədli, Taleh Səmədov da saxlanılaraq polisə aparılıb, amma sonra onlar sərbəst buraxılıb.

Hakimiyyətin AXCP-yə qarşı təzyiq kampaniyası elə ilk andan effektiz olub. Sosial şəbəkələrdə iki gün boyunca bu həbslərə görə Ilham Əliyev ittiham olunur, hakimiyyətin inqilab təlaşı yaşadığı vurğulanır. Eyni zamanda, bir çox “facebook” istifadəçiləri həbs olunan cəbhəçi fəallara dəstək ifadə etmək üçün onların fotolarını öz profillərinə qoyublar.

AXCP Təşkilat Şöbəsinin məlumatına görə, təzyqiqlərə sipər olmaq üçün partiyaya realda da dəstək verənlər çoxdur. On nəfərə qədər bitərəf insan AXCP-yə üzvlük üçün müraciət edib. Bir o qədər insan da həbs olunan gənclərin ailəsinə baş çəkib dəstək vermək arzusunu ifadə edib.

Natiq