Mikayıl Cabbarov Hacıbala Abutalıbovu “vurdu”

Təhsil naziri meriyanın tabeliyinə verilən uşaq bağçalarının fəaliyyətindən narazılıq etdi

 

“Hazırda uşaq bağçaları saxlama kameraları, yəni uşağa baxım müəssisəsi kimi qəbul edilir”. ANS PRESS-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

O, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatındakı çıxışında, məktəbəqədər təhsil sahəsində görülmüş müsbət işlərlə yanaşı, həllini gözləyən bir sıra problemlərin də mövcud olduğunu bildirib: “Bu problemləri 3 əsas hissəyə ayırmaq olar – məzmun, müəllim və infrastruktur. Məzmun dedikdə, hazırda uşaq bağçaları təhsil müəssisələrindən daha çox obrazla desək, saxlama kameraları, yəni uşağa baxım müəssisəsi kimi qəbul edilir. Uşağa qulluq, qidalanma və uşaqla vaxt keçirmə məsələləri tədris və tərbiyə komponentlərini kölgədə qoyub. Təbii olaraq, bu amil müəllim-pedaqoji kadrların hazırlığı ilə bilavasitə əlaqəlidir. Bu sahə günün tələblərindən geri qalır və vəziyyətin yaxşılaşdırılması nazirliyimizin prioritetlərindən biridir. Hazırda respublika üzrə məktəbəqədər təhsil müəssisələrində 14 min 614 pedaqoji işçi çalışır. Lakin son illərdə onların ixtisasının artırılması, müasir metodikalar üzrə təlimatlandırılması, kurrikulum əsasında hazırlanması müəyyən mənada unudulub”. 

Məlumat üçün deyək ki, Misir Mərdanov təhsil naziri olanda bağçalar Təhsil Nazirliyindən alınaraq Bakı Şəhər Icra Hakimiyyətinə verilmişdi. Mikayıl Cabbarovun Təhsil Nazirliyinin rəhbərliyinə gətirilməsi bağçaların Bakı Şəhər Icra Hakimiyyətindən geri alınması məsələsini gündəmə gətirib. Mikayıl Cabbarov bağçaların fəaliyyətindən narazılıq etməsinin kökündə də əslində bu dayanır. Yeri gəlmişkən, “Azadlıq” hələ bir müddət əvvəl yazmışdı ki, bağçalar yenidən Təhsil Nazirliyinə verilə bilər. Güman ki, yaxın günlərdə bu məsələ reallaşacaq.