ABŞ hökuməti YAP-çıları qəzəbləndirdi

Aydın Mirzəzadə: «Bunlar bizi zorla polemikaya, siyasi müzakirələrə cəlb etmək istəyirlər»

 

ABŞ Dövlət Departamentinin açıqladığı son hesabatda ötən il Azərbaycanda baş vermiş hüquq pozuntuları, məmur özbaşınalığı, korrupsiya halları öz əksini tapıb. Ölkədə jurnalistlərə, hüquq müdafiəçilərinə, siyasi fəallara qarşı təqib və təzyiqlər, sifarişli həbslər konkret faktlarla sadalanıb. Hesabat müəllifləri qeyd edir ki, bu ölkədə vətəndaşların hökuməti dinc yolla dəyişmək hüququna məhdudiyyətlər qoyulub. Həmçinin ötən ilin oktyabr ayında keçirilən prezident seçkilərinin demokratik seçki standartlarına uyğun olmadığı vurğulanıb.

Sənəddə bildirilir ki, hakimiyyət mülkiyyət hüquqlarına dair gərəkən hüquqi prosesləri təmin etməyib. Nəticədə insanlar zorla evlərindən çıxarılıb, binalar şübhəli dövlət ehtiyacları səbəbləri ilə sökülüb, dövlətin aldığı mülkiyyətə adekvat kompensasiya verilməyib.

“Hesabat Azərbaycanla bağlı bütün reallıqları əks etdirib”

Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus deyir ki, ABŞ Dövlət Departamentinin hesabatı Azərbaycanla bağlı reallıqları əks etdirir: “Hesabatda insan hüquqlarının pozuntusu ilə bağlı bütün məqamlar yer alıb. Əlbəttə, ən əsas iradlar, qeyd olunan pozuntular seçki ilə bağlıdır. Azərbaycandakı prezident seçkiləri demokratik seçki standartlarından çox uzaq olub. Çox şadam ki, QHT-lərə qarşı repressiya qanunu ilə bağlı məsələ də hesabatda yer alıb. Bundan başqa, mülkiyyət hüquqlarının pozulması ilə bağlı məqam da yerində hesabata salınıb. Çünki ötən il 62 mindən çox adam qanunsuz olaraq öz evindən çıxarılıb, orduda 69 əsgər ölümü olub. Yəni, elə bir məsələ yoxdur ki, hesabatda ona toxunulmasın. Bu, çox yaxşıdır”.

AXCP Ali Məclisinin sədri Həsən Kərimov isə deyir ki, ABŞ Dövlət Departamentinin son hesabatında Azərbaycanda baş verən qanunsuzluqlar, özbaşınalıqlar əks olunub. Amma Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasıyla bağlı biabırçı hallar hesabatda göstərildiyindən daha çoxdur: “Seçki ilində Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsi, jurnalistlərə və digər ictimai fəallara qarşı olan təzyiqlər ötən il insan haqlarının hansı vəziyyətdə olduğunun, seçkinin necə keçirildiyinin göstəricisidir: ”Mən ötən il seçki qərargahının rəhbərlərindən biri idim. Bir sıra tədbirləri çıxmaq şərti ilə həm Bakıda, həm də regionlarda seçki təbliğatına heç bir şərait yaradılmadı. 2013-cü il sərbəst toplaşma azadlığının təmin olunması və insan hüquqları baxımından qüsurlu il olub. Azərbaycanda insan haqlarının pozuntusu bu gün də davam edir. AXCP-nin 8 üzvünün fevral ayında polisə müqavimət adı altında saxlanılması onlardan bəzilərinə sutkalıq həbslərin verilməsi onu göstərir ki, hakimiyyət nəinki seçki ilində, hətta seçkidən sonra da öz rəqiblərinə qarşı təzyiqlərdən əl çəkmək fikrində deyil”.

Mülkiyyət hüquqlarının pozulması ilə bağlı məsələlərə gəlincə, Həsən Kərimov hesabatdakı bu məqamla tam razılaşır. Onun fikrincə, vətəndaşların mülkiyyət hüquqlarının pozulması halları bu gün də aktualdır: “Bundan əvvəlki illərdə Füzuli meydanı ətrafında pozulan mülkiyyət hüquqları indi də ”Sovetski” deyilən ərazidə davam etməkdədir”

Hökumət rəsmiləri ABŞ Dövlət Departamentini qərəzdə suçlayır 

“ABŞ Dövlət Departamentinin insan haqları hesabatı dünyanın əksər ölkələrində tənqid olunur, birtərəfli adlandırılır”. Bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı “Azadlıq” radiosuna deyib. Onun sözlərinə görə, bu hesabatı ayrı-ayrı ölkələrə demokratiya adı altında təzyiq sayanlar da var: “Azərbaycanla bağlı məlumatlarda qərəzliliyi görürük. Təəssüf edirik ki, hər dəfə Dövlət Departamentində bu tip hesabatları hazırlayanda məmurlar onlara ötürülmüş məlumatları yoxlamadan hesabata daxil edirlər. Və yaxud əvvəlki illərdə yaydıqları məlumatları təkrar yaymağa çalışırlar”.

Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov da hesabatın qərəzli olduğunu və reallığı əks etdirmədiyini söyləyib. Onun sözlərinə görə, ABŞ Azərbaycanda baş verən proseslərə hər hesabatda olduğu kimi bu dəfə də qərəzli yanaşıb: “Biz bu hesabatı qəbul etmirik. Bildiririk ki, həmin sənəd qeyri-obyektiv hazırlanıb. Orada insan haqlarının durumu, söz və sərbəst toplaşmaq azadlığı ilə bağlı əks olunanlar gerçəkliyə uyğun deyil. Həmin fikirlər Azərbaycandakı reallıqlar nəzərə alınmadan verilib. Təəssüf ki, biz ABŞ-ın ölkəmizə münasibətdə belə qərəzli yanaşması ilə tez-tez rastlaşırıq”.

Deputat Aydın Mirzəzadə isə deyib ki, bu cür yalan ittihamlara, əcaib iddialara cavab verməyin mənası yoxdur: “Bu, o qədər ağ yalandır ki, onu qəbul etmək mümkün deyil. Bunlar bizi zorla polemikaya, siyasi müzakirələrə cəlb etmək istəyirlər. 9 oktyabr prezident seçkilərində milyonlarla insan öz iradəsini ortaya qoyub. Seçkilər Azərbaycan qanunvericiliyi üzrə keçirilib. Beynəlxalq təşkilatların nümayəndələri seçkilərlə bağlı rəylərini bildiriblər. Hesab edirəm ki, dövlətlər arasında belə yanaşma düzgün deyil. ABŞ Dövlət Departamenti bir çox beynəlxalq layihələrdə iştirak edən Azərbaycanın vətəndaşlarının iradəsinə hörmətlə yanaşmalıdır”.