Xocalı həftəsi bitdi. Onun zirvəsi fevralın 26-sı idi. Həmin gün bütün telekanallara matəm ovqatında olmaq tapşırılmışdı. Bir pultla idarə olunan telekanalların həddi nəydi ki, “ustanovka”dan kənara çıxsın. Ənənəvi filmlərə, hər il olduğu kimi, bir daha baxdıq. Kamil Cəlilovun qaboyunu yenə dinlədik. Matəm melodiyaları yenə həmdəmimiz oldu…
Fevralın 27-si səhərdən həyat öz axarıyla gedir. Telekanallar bir günlük matəm ovqatından qurtulmaq üçün sanki yarışa giriblər. Yenə çal-çağır, bazburutlu kişilər, xanım-xatın arvadlar yeri gəldi-gəlmədi ortaya düşüb oynayırlar. Xocalının işğalının 22-ci ildönümünü də belə yola verdik. Yeri gəlmişkən, fevralın ortalarında ITV-nin səhər verilişinin xanım aparıcısı “yaxın günlərdə Xocalının işğalının 22-ci ildönümünü qeyd edəcəyik” dedi. Belə çıxdı ki, lap bayram kimi. Indi telekanallara baxanda adamda “bu ili də belə yola verdik” təəssüratı yaranır.
Son illər bu ənənələrə xarici ölkələrdə keçirilən Xocalıyla bağlı aksiyalar da əlavə edilib. Heydər Əliyev fondunun vitse-prezidenti, fondun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsüylə dünyanın hər yerində (daha doğrusu Azərbaycanın səfirlik və konsulluqları olan ölkələrdə) “Xocalıya ədalət” aksiyaları keçirilir. Bir pultdan idarə olunan Azərbaycan telekanalları da həmin tədbirlərdən geniş reportajları biz tamaşaçılara gen-bol çatdırır.
Hakimiyyətə dəxli, yəni bağlılığı olmayan diaspor təşkilatlarımızınsa Xocalı, o cümlədən işğal edilmiş torpaqlarımızla ilgili hər hansı tədbirini isə telekanallar “görmür”, göstərmir.
Xocalının işğalının qaranlıq məqamları çoxdur. Həmin dövrdə jurnalist olaraq hər gün əlaqə saxladığım, məlumat aldığım Xocalının işğaldan öncə başlayan harayı nədənsə eşidilmirdi. Rayonun icra başçısı Elman Məmmədov həmin ağır, xocalılıların ciddi dəstəyə, köməyə ehtiyacı olduğu günlərdə nədənsə mərkəzi hakimiyyətlə yox, daha çox Naxçıvanla, Heydər Əliyevlə əlaqə saxlayırmış, ordan məsləhət alırmış (bunu sonralar o özü telekanallardan birində dedi. Xocalının işğalında AXC-ni suçlayan Ayaz Mütəllibov üçün də xatırlatmadır bu). Niyəsi hələ də qaranlıqdır…
Xocalı bizim hamımızın – iqtidarlı, müxalifətli – hamımızın dərdi, ağrı-acısı, vicdan, namus yarasıdır. O qan hər birimizin sifətindən silinməyincə, bizə rahatlıq olmamalıdır. Bəzilərinin dediyi kimi Yerevanı, Ermənistanı işğal etməməli, kimlərisə erməni vəhşiləri kimi qırmamalıyıq, Xocalını, Şuşanı, qalan torpaqlarımızı işğaldan qurtarmalıyıq. Yalnız onda, Xocalıya azərbaycanlı ayağı dəyəndə, Şuşada, lap elə yalançı vətənpərlərin dediyi kimi, muğamatımız səslənəndə, xarı bülbül, Cıdır düzü və s. nağıllarımız bitəndə biz millət olaraq ürəkdən sevinə, çal-çağır qura, ən azı bir-birimizin üzünə şərəflə baxa bilərik.
Ancaq bu gün “Xocalıya ədalət” çağırışı yapıb müxalifətə nifrət bəsləməklə biz heç nəyə nail ola bilməyəcəyik. 20 Yanvarda, 26 fevralda və ölkənin həyatında, tarixində əhəmiyyətli başqa günlərdə müxalifəti görməməyə, özlərinin getdikləri yerə müxalifəti buraxmamağa çalışanların (Siyavuş Novruzov, Mübariz Qurbanlı, Əli Əhmədov düşüncəsində olanların) bu millətdən olmadığının fərqini duymalıyıq, duyurmalıyıq. Onlara yerini göstərməliyik. Başa salmalıyıq. Tutduqları yolun səhv olduğunu, elə onların özünü uçuruma apardığını anlatmalıyıq. Xocalıya ədalət axtardıqları, onun sorağında olduqları kimi, ölkə üçün, xalq üçün, elə iqtidar üçün ədalət axtaranlara qarşı da eyni mövqeni sərgiləmələrini istəməliyik.
Fevralın 26-da “Ana abidəsi” önündə baş verənlər çox utancverici idi. Hakimiyyətin nə qədər saxta, süni, içiboş, əxlaqdan kasad olduğunun göstəricisiydi. Yaxşı olar ki, həmin kadrlara baxsınlar, çox baxsınlar, ən müxtəlif rakurslardan (yəqin ki, başqa aksiyalarda olduğu kimi çoxlu çəkiliş aparıblar) baxsınlar. Özlərini bir daha görsünlər. Adam özünə kənardan baxanda eyiblərini daha yaxşı görür…