Partiya sədrinin mühafizəçisi, gənclərin lideri və rayon şöbə sədri eyni saxta ittihamla həbsə atıldı
Təqiblər davam edir; AXCP lideri Əli Kərimli hakimiyyətin isterikaya düşdüyünü bildirdi
Fevralın 27-də AXCP-yə qarşı geniş və operativ polis əməliyyatı qurulub. Həmin gün bir neçə saat içində patiyanın 4 fəalı saxlanılıb. Onlardan üçünə məhkəmə hökmləri ilə incibati həbs cəzası verilib.
Polis əvvəlcə AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənlini saxlayıb. Bu barədə partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov məlumat yayıb. Məlumatda deyilir ki, hadisə saat 17 radələrində baş verib. Polis Bəhruz Həsənlini saxlayarkən bildirib ki, onun öz avtomobili ilə adam vurduğu haqda məlumat var, aydınlaşdırmaq üçün idarəyə getməlidirlər. Bəhruz Həsənlini Suraxanı polis idarəsinə aparıblar. Orada isə ona bildirilib ki, “adam vurma” məsələsi yoxdur, onu “yuxarıların” tapşırığı ilə saxlayıblar.
Bu məlumatları çatdırandan dərhal sonra Bəhruz Həsənli ilə telefon əlaqəsi kəsilib.
DIN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə “Azadlıq”a bildirib ki, Bəhruz Həsənli yol polisi ilə mübahisə edib və onun tələblərinə tabe olmayıb.
Beləliklə aydınlaşıb ki, Əli Kərimlinin mühafizəçisi polisə müqavimət adı ilə saxlanılıb. Bəhruz Həsənliyə 20 sutka həbs cəzası verilib.
Bəhruz Həsənlidən bir qədər sonra AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli saxlanılıb. Təzəxan Mirələmli evdən çıxarkən, iki polis nəfəri saxlayaraq, heç bir şey izah etmədən, Nərimanov rayon polis idarəsinə aparıblar. Sonra orda da heç bir şey demədən, protokol tətbiq edərək, 310-cu maddə ilə (polisə müqavimət) Nərimanov rayon məhkəməsinə aparıblar. Təzəxan Mirələmliyə 15 sutka həbs verilib.
Bəhruz Həsənli və Təzəxan Mirələmli fevralın 26-da Xocalı abidəsini ziyarətdən qayıdan AXCP sədri Əli Kərimliyə polis tərəfindən hücum zamanı onun müdafiəsində aktivlik etmişdilər. Hər iki şəxsin məhz bu səbəbdən hədəfə gəldiyini ehtimal etmək olar.
Günün sonunda məlumat aldıq ki, AXCP Gənclər Komitəsinin sədri, “Azadlıq” qəzetinin əməkdaşı İlham Hüseyn və gənc cəbhəçi Taleh Səmədov da polisə aparılıb. Daha bir gənc cəbhəçi Fuad Əhmədlinin evinin qarşısında isə polis postu qurulub.
İlham Hüseynlə bağlı fevralın 28-i saat 10:00-a məhkəmə təyin olunub. O, təyin olunan vaxtda məhkəməyə gətirilib. Proses təyin edildiyi vaxtdan təxminən 1 saat sonra başlayıb. Bi mülki geyimli və bir polis İ.Hüseynin üzünə durub ki, guya o küçədə söyüş söyür, uca səslə danışırmış. Polis də onu intizama dəvət edəndə, o, polisə müqavimət göstərib. İ.Hüseyn 310-cu maddə (polisə müqavimət) ilə 20 sutka həbs cəzasına məhkum edilib.
Partiya fəallarının facebook-da paylaşdığı məlumata görə, fevralın 27-i polisə aparılan Taleh Səmədov bu gün səhər saatlarında sərbəst buraxılıb.
Partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov isə Gənclər Komitəsinin daha bir üzvü Elnur Məcidlinin həbs edilmək təhlükəsi barədə xəbər paylaşıb.
***
AXCP sədri Əli Kərimli partiya fəallarının həbsinə Facebook səhifəsində sərt reaksiya verib.
“Özlərini ələ almağa çalışsalar da, əslində Ukrayna inqilabından sonra qorxu içindədirlər. Bu tərəfdən də bizim AXCP olaraq ciddi təşkilatlanmağımız, ilin sonuna kimi 2 dəfə böyümək hədəfimiz narahatlığı artırıb. Milli Şuranın Xocalı ziyarətində yaratdığımız izdiham isə bunları isterika həddinə çatdırdı. Həbslərə göstəriş verilib.
Bu gün (dünən – red.) tamamilə uydurma ittihamlarla mənim mühafizəçim Bəhruz Həsənli 20 sutka, AXCP Cəlilabad şöbəsinin sədri, rejimin repressiya qurbanı (hazırda oğlu və atası həbsdədir) Təzəxan Mirələmli 15 sutka müddətinə həbs olunub. AXCP Gənclər Komitəsinin sədri Ilham Hüseyn isə hazırda polis idarəsində saxtakarların qərarını gözləyir. Bir neçə gün əvvəl də gənc cəbhəçi Tofiq Dadaşa 10 sutka həbs cəzası vermişdilər.
Həqiqətən də tarix onu öyrədirmiş ki, bəziləri tarixdən heç nə öyrənmir. Elə son illərdə neçə inqilabı canlı olaraq izləyiblər, neçə-neçə inqilab haqda eşidiblər (oxumaqla araları olmadığından, şübhəsiz, inqilablar haqda da oxumayıblar, ya televiziyadan görüblər, ya da eşidiblər), hələ də başa düşməyiblər ki, inqilabları partiyalar yox, xalq edir. Heç bir vaxtı çatmış, “yetişmiş” diktatoru, avtoritar dövlət başçısını isə repressiyalar qoruya bilmir.ÿ
Bu yerdə çaşa bilərlər ki, bəs o zaman AXCP niyə belə ciddi təşkilatlanır? Izah edirəm: Sizlər öz acgözlüyünüzlə, haqsızlığınızla, ədalətsizliyinizlə, cəmiyyətdə nifrəti, ədavəti artırmağınızla sosial partlayış hazırlayırsınız. Bu ölkəyə ona görə güclü AXCP, Milli Şura, real müxalifət strukturları lazımdır ki, xalqı sizin özbaşınalıqlardan qoruya bilsinlər, sizləri isə istəməsəniz də, addım-addım dəyişikliklərə, islahatlara məcbur etsinlər. Yox, birdən bu alınmasa, ölkə sosial partlayış yaşayası olsa, o zaman da güclü müxalifət ölkəni xaosdan, idarəolunmaz vəziyyətdən, nəhayət, azğın məmurları linc edilməkdən qoruya bilsin. Bir anlıq düşünün ki, Ukraynada güclü müxalifət partiyaları olmasaydı və “Pravıy sektor” tipli təşkilatlar hakimiyyəti götürsəydilər, sizin dostlarınız olan Ukrayna Regionlar Partiyasının rəhbərliyinin, oliqarxların aqibəti necə olardı…
Sizi əmin edirəm ki, həbslərlə heç nəyə nail ola bilməyəcəksinz. Yel qayadan nə aparacaq ki? Əksinə, on minlərlə narazı və fəal vətəndaşa birləşmək üçün ünvan göstərmiş olacaqsınız”, – deyə AXCP sədri yazıb.