Prokurorun yalançı şahidə istiqamət verməsi gəncləri hiddətləndirdi; hakim onları məhkəmə zalından çıxardı
“NIDA” Vətəndaş Hərəkatının səkkiz üzvü – Bəxtiyar Quliyev, Zaur Qurbanlı, Şahin Novruzlu, Rəşadət Axundov, Rəşad Həsənov, Məmməd Əzizov, Ilkin Rüstəmzadə və Üzeyir Məmmədlinin işi üzrə məhkəmə prosesi artıq beş aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.
Bu cinayət işində ittiham tərəfin şahidləri siyahısında əsas fiqurlardan biri Anar Abbasov adlı şəxsdir. Istintaq onu keçmiş NIDA-çı kimi təqdim edib. Amma həm həbsdəki, həm də azadlıqda olan NIDA-çılar bəyan ediblər bu təşkilatda belə bir adam olmayıb. Sadəcə, istintaq bu cür saxta şahid düzəldərək, həbsdəki gənclərin üzünə qoyub.
Bu baxımdan təqsirləndirilən şəxslərin, onların vəkillərinin dindirilməsində maraqlı olduğu əsas şahidlərdən biri məhz Anar Abbasov idi. Lakin məhkəmənin dəfələrlə çağırışlarına baxmayaraq, o, prosesə gəlməkdən imtina edirdi. Bu səbəbdən onun barəsində məcburi gətirilmə qərarı çıxarılmışdı. Nəhayət, dünən o, məhkəməyə gəldi.
“Ömründə bir dəfə kişi ol!”
Məhkəmə zalına Anar Abbasov daxil olarkən həm təqsirləndirilən gənclər, həm də onların yaxınları və dostları tərəfindən onun ünvanına replikalar səsləndirildi.
Təqsirləndirilən NIDA-çılardan Zaur Qurbanlının belə bir replikası oldu:
– Heç olmasa, ömründə bir dəfə kişi ol!
Hakim:
– Zaur, yaraşmaz axı…
Vəkil Elton Quliyev:
– Təklifdir də…
Hakim şahiddən təqsirləndirilən şəxslərdən hansını tanıdığını soruşduqda o, “hamısını” cavabını verdi, amma əli ilə Şahin Novruzlunu göstərib onu “Rəşad” adlandırdı. Bu da təqsirləndirilən şəxsləri hiddətləndirdi, “Sən bura neçəyə gəlmisən?”, “Heç olmasa, 10 manat artıq verib, normal üzəduran tapaydılar…” kimi replikalar səsləndirildi.
Anar Abbasov ifadəsində bildirdi ki, metronun “Içərişəhər” stansiyası yaxınlığında tikintidə iş tapmağa gedərkən onu bir qədər gözlətdiriblər. Bu müddətdə o, Axundov bağında oturub və orada NIDA-çılarla təsadüfən tanış olub: “Mənə birlikdə kafeyə getməyi təklif etdilər, mən də getdim. Bir neçəsinin üzündə maska var idi. Kafedə danışanda hiss elədim ki, bunlar necə adamlardır, onlardan uşaqlaşdım. Danışırdılar ki, butılkaya benzin doldurub atarıq. Mənə dedilər ki, boş vaxtın olanda yenə gəl kafeyə. Iki gün sonra getdim. Sonra eşitdim ki, tutulublar. Qorxdum ki, məni də tutarlar. Ona görə də gedib istintaqda ifadə verdim”.
Şahid prokuror Nemət Əvəzovun suallarını cavablandırdı:
– Bu şəxslərdən neçə nəfər orada var idi?
– Hamısı.
– Nə söhbətlər edirdilər?
– “Voennı”ya aid söhbətlər eləyirdilər. Deyirdilər əsgər ölüb, baxan yoxdur. Maraqlı olduğu üçün onlarla ünsiyyət qurdum. Maskaları da var idi.
– Əsgər ölümləri ilə bağlı hansı danışırdı?
– Bu “oçki”li (Zaur Qurbanlıya işarə edir)
Bu yerdə Ilkin Rüstəmzadənin “Abbasov, mənim də ”oçkim” var” replikası zalda gülüş yaratdı. Hakim zaldakılara irad bildirəndə Zaur Qurbanlının atası belə cavab verdi: “Mən valideynəm, Zaur Qurbanlının atasıyam. Bu şərəfsizin sözünə gülürəm. Daha dözə bilmirəm”.
Vəkil Elton Quliyev şahidə suallarını ünvanlamamışdan əvvəl məhkəmədən onun şəxsiyyətinin dəqiqləşdirilməsini istədi. Məlum oldu ki, işdə onun şəxsiyyət vəsiqəsi yoxdur, heç məhkəməyə də gətirməyib. Üzərində yalnız SOCAR-ın vəsiqəsi vardı. Hakimin suallarına cavab verərkən bildirdi ki, Zəngilan rayonundan məcburi köçkündür, hazırda Keşlə qəsəbəsində kirayə yaşayır. 1984-cü il təvəllüdlüdür, bir övladı var.
Elton Quliyev bununla kifayətlənmədi: “Biz haradan bilək ki, bu adamın özü barədə dedikləri doğrudur? Şəxsiyyətini təsdiq edən sənəd olmadığı halda, onun dindirilməsi nə dərəcədə doğrudur?”
Hakimin cavabı belə oldu: “Məhkəmə 10 gündür ki, bu şahidin gətirilməsi üçün çalışır. Indi ifadə verər, biz onun kimliyini müəyyənləşdirərik. Məhkəmə də ifadəsinə hüquqi qiymət verər. Eybi yox, forma 1 çıxartdırarıq”.
Bundan sonra Elton Quliyevlə şahid arasında sual-cavab davam etdi:
– Axundov bağında indi gördüyünüz gənclərdən hansı var idi?
– Hamısı.
– Neçəsi maskalı idi?
– Ikisi…
– Bunlardan hansı?
– Qıraqda oturan “oçki”li (Zaur Qurbanlını göstərir).
“Şərəfsiz…”
Şahidin dindirildiyi tribunanın yanında əyləşmiş prokurorun ona astaca “de yadında qalmayıb” deyə istiqamət verməsi təqsirləndirilən gənclərin gözündən yayınmadı. Bu da məhkəmədə qalmaqal yaratdı. Gənclərdən Üzeyir Məmmədli prokurorun məhkəmə zalından çıxarılmasını tələb etdi.
Digər NIDA-çı Rəşadət Axundov etirazını belə ifadə etdi: “Bu hakimiyyətin 22 ildə yaratdığı budur, bax. Görün, 22 ildə vətəndaşı necə rəzil günə salıblar. Yetişdirə bildikləri budur. Bu hakimiyyətin şah əsəridir belələri…”
Bəxtiyar Quliyevin əsəbləri tarıma çəkildi: “Normal məhkəmə keçirin, eşidirsiz?! Bu gici niyə gətirmisiz bura?”
Bəxtiyar əsəbiləşərək, isterik vəziyyətə düşdü. Digər təqsirləndirilən gənclər onu sakitləşdirməyə çalışdılar.
Hakim Bəxtiyar Quliyevə rəsmi şəkildə xəbərdarlıq etdi. Gənclər hakimin nəzərinə çatdırdılar ki, Bəxtiyarın ciddi nevroloji problemləri var.
Üzeyir Məmmədli hakimlərə prokurorun belə özbaşınalığına şərait yaratmalarını irad tutdu. Hakim isə bildirdi ki, prokuror şahidi yönləndirməyib, onun 2 sual öncə həmin məsələ ilə bağlı “yadımda deyil” cavabı verdiyini xatırladıb.
Bu arada, Bəxtiyarın vəziyyətinin yaxşı olmadığını görən Zaur Qurbanlının anası yerindən “Camaatın balasını niyə bu hala salırsız? Allah başınıza gətirsin” deyəndə hakim ona xəbərdarlıq etdi:
– Sakit olun, bura məhkəmədir.
– Nə qədər sakit olaq? Bir ildir günahsız uşaqları tutub salmısız ora, deyirsiz sakit olun…
– Bura məhkəmədir, mitinq zalı deyil.
Təqsirləndirilən gənclərdən Şahin Novruzlu məhkəməyə təklif etdi ki, şahidin dindirildiyi tribuna prokurorun yanından bir qədər kənara çəkilsin. Bu təklif hakimi hiddətləndirdi: “Sən kimsən ki, bizə göstəriş verirsən?”
Hakimin də reaksiyası NIDA-çıları qəzəbləndirdi.
Zaur Qurbanlı: “O, təklif verə bilməz ki? Niyə? Nə olub ona? Iki üzəduran şərəfsizi qoymusuz yan-yana, ona görə bu cür vəziyyət yaranır”.
Digər təqsirləndirilənlərin Zaurun bu sözünə alqışla dəstək verməklə yanaşı, onlar da prokurorun ünvanına kəskin fikirlər səsləndirdilər: “Şərəfsiz, sənin arvadının alt paltarında bizim haqqımız var…”
Hakimlər dərhal yerlərində müşavirə edərək, bu məhkəmə iclasının təqsirləndirilən şəxslərin iştirakı olmadan keçirilməsi barədə qərar qəbul etdi. Bu səbəbdən prosesdə fasilə elan olundu. Dərhal NIDA-çı gənclər zaldan çıxarıldı.
Fasilədən sonra məhkəmə prosesi davam edərkən vəkil Elton Quliyev hakimlərin nəzərinə çatdırdı ki, təqsirləndirilən şəxslər müdafiəçilərindən də imtina ediblər: “Dərhal onları qandallayıb apardılar deyə, etirazlarını yazılı şəkildə verə bilmədilər. Bizim üçün ən önəmli şahid Anar Abbasov idi. Onun dindirilməsində maraqlıyıq. Hərçənd, indi də bilmirik ki, bu adam həqiqətən Anar Abbasovdur, yoxsa yox. Şəxsiyyəti müəyyənləşdirilmədən onun dindirilməsi doğru deyil.
Biz təqsirləndirilən şəxslərin təklifilə onların müdafiəsinə qoşulmuşuq, məhkəmənin təşəbbüsü ilə yox. Bir halda ki, onlar bizdən imtina edib, bizim zalda qalıb dindirməni davam etdirməyimiz legitim olmaz.
Hakimlər yerlərində müşavirə edərək, bu məsələ ilə bağlı qərar qəbul etdilər.
Hakim Cavid Hüseynov:
– Gərək belə eləməyəydilər. Onların ağızlarından çıxan sözlərin məsuliyyəti qanunla müəyyən edilir. Sabaha qədər fasilə verək, siz vəkillər də bir daha təqsirləndirilən şəxslərlə görüşüb imtina məsələsini aydınlaşdırın.
Elton Quliyev:
– Həm yaşımızı, həm təcrübəmizi nəzərə alaraq, mən emosional vəziyyətdə səslənmiş xoşagəlməz ifadələrə görə həm məhkəmədən, həm dövlət ittihamçısından üzr istəyirəm. Biz hakim, vəkil, prokuror olmamışdan əvvəl insanıq. Bu gənclər bir ildir ki, günahsız həbsdədilər. Bu müddətdə ailələrində xoşagəlməz hadisələr baş verib. Bu mənada, onların nümayiş etdirdiyi emosionallıq nahaqdan yaranmayıb. Mən burada yaşananlara normal yanaşmasam da, bu uşaqlarda qıcığın yaranması normaldır. Bunlar günahsız olaraq həbsdə olduqları bir il ərzində birinin övladı dünyaya gəlib, o birinin ailəsində faciələr yaşanıb. Əslində, onlar savadlı, tərbiyəli uşaqlardır. Bunları başa düşməyə çalışmalıyıq. Bizim də övladlarımız var. Hesab edirəm ki, onların məhkəmədə olması vacibdir. Konkret Bəxtiyara gəlincə, həbsdən əvvəl də onun psixikasında problem olub, həbs müddətində daha da pisləşib. Xahiş edirəm, qərarınızı ləğv eləyin, gəlib otursunlar məhkəmədə.
Hakim Cavid Hüseynov:
– Biz qərarı yalnız bugünkü məhkəmə iclası üçün qəbul etmişik. Səbr gözəl şeydir. Ən azı, ağsaqqalı dinləmək, ifadə verənin nə dediyini eşitmək olar. Onlara bu cür “imtiyazı” verən həm də yaxınlarının davranışlarıdır. Qızışdırıcı mövqe ilə onlara sanki enerji verirlər. Nəyə lazımdır bunlar? Prokurorun ailəsini söymək, məhkəməni təhqir etmək kimə yaraşar?
Elton Quliyev:
– Səbr, əlbəttə ki, yaxşı şeydir. Amma bir ildən çox davam edən haqsızlığa səbr, təmkin göstərmək axmaqlığa yaxınlaşır. Səbrin də bir həddi var.
Beləliklə, məhkəmə prosesi bu gün davam edəcək.


