Həbsdəki cəbhəçinin evində gecə axtarış aparılıb

Dünən gecə AXCP Rəyasət Heyətinin həbsdə olan üzvü (2 aprel aksiyasından sonra evdən aparılıb) Eldar Hüseynovun evinə 30-a yaxın polis işçisi gəlib və evdə axtarış aparmağa başlayıb.
Bu barədə AXCP Rəyasət Heyətinin üzvü Gözəl Bayramlı facebookdakı səhifəsində yazıb. Gözəl Bayramlinın sözlərinə görə, Eldar Hüseynovun evdə olan 19 yaşlı qızı onları evə buraxmaq istəməsə də, onlar zorla evə daxil ola biliblər: “Səbail rayon Polis İdarəsinin qarşısında həyat yoldaşı Eldar Hüseynov barədə məlumat almaq üçün gözləyən Təranə Hüseynovaya qızı məlumat verib və o, evə gələndə polislərin evdə axtarış apardığını görüb. Polislər Eldar Hüseynovu da özləri ilə gətiribmiş. T.Hüseynovanın “nə axtarırsınız” sualına cavabda polislər silah axtardıqlarını bildiriblər. Evdən E.Hüseynovun qızına məxsus disklər, bəzi qəzet və sənədlər götürülüb. T.hüseynovanın dediyinə görə, polislər Eldar bəyə cinayət işinin açıldığını bildirblər”.
G.Bayramlı qeyd edir ki, bütün bunlar hakimiyyətin xof yaratmaq ssenarisinin tərkib hissəsidir: “Biz öz birliyimiz, dəyanətimiz, mübarizə əzmimizlə hakimiyyətə öz layiqli cavabını verəcəyik. Alimin evindən silah axtaran bu rejim getməlidir! Mübarizəmiz daha ciddi, daha mütəşəkkil davam etdiriləcək. Həbsdə olan bütün dostlarımızla birlikdəyik. Millət yoludur, haqq yoludur tutduğumuz yol! Qələbəyədək davam edəcəyik!..”