«Hakimiyyətin Ərdoğanla əlaqələrinə kölgə salmaq üçün kimsə belə informasiyaları dövriyyəyə buraxıb»
«Seçkidə məğlubiyyət AKP üçün sonun başlanğıcı ola bilər»
Vəfa Quluzadə: «Mənim həm Gülənə, həm də «Nur»çulara simpatiyam var»
Elxan Şahinoğlu: «Nur»çuların Azərbaycanda da paralel dövlət qurmaq təhlükəsi var»
Türkiyədə siyasi böhran hələ də davam etməkdədir. Baş nazir Ərdoğanın “Nur”çulara açdığı savaş hər ötən gün daha da qızışır. Hər iki tərəf əlində olan kompromatları işə salaraq qarşı tərəfi ictimai fikirdə ifşa etməyə çalışır. Hazırda baş verənlər hər iki düşərgə üçün həm də ona görə mühüm əhəmiyyət kəsb edir ki, qarşıdan bələdiyyə seçkiləri gəlir. Bu baxımdan baş verənlərin fonunda Ərdoğanın oğlu ilə səsyazısının yayılması da birmənalı qiymətləndirilmir. Mövzu ilə bağlı suallarımızı ekspertlər politoloq Vəfa Quluzadəyə və Atlas Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğluya ünvanladıq:
– Hazırda Türkiyədə Ərdoğanla Fətullah Gülən arasında gedən mübarizə seçkilərin nəticələrinə necə təsir edə bilər?
V.Quluzadə:
– Mən Türkiyədə baş verənlərə kənardan münasibət bildirən zaman bir məqamı vurğulamağı mühüm sayıram. Mən “Nur”çulara da, Ərdoğan hakimiyyətinə də müsbət münasibət bəsləyirəm, Hesab edirəm ki, “Nur”çularla Ərdoğan komandası arasında olan ziddiyyətlər aradan götürülməlidir. Çünki nə “Nur”çular, nə də Ərdoğan Türkiyəyə pislik etmək istəmirlər. Əksinə, hər iki qüvvə türk xalqına xidmət etməyə çalışır. Ərdoğan fəxr edir ki, onun dövründə Türkiyə iqtisadi cəhətdən möhkəmləndi və xeyli irəli addımladı. Eyni zamanda “Nur”çular da türk cəmiyyətində önəmli mövqeyə malikdir. “Nur”çuların Azərbaycandakı fəaliyyəti ilə də tanışam. Mən bir müddət Qafqaz Universitetində dərs demişəm. Həmin təhsil ocağındakı əhval-ruhiyyəni, təhsilin keyfiyyətini öz gözümlə görmüşəm. Tələbə və müəllimlər arasındakı münasibətin şahidi olmuşam. Azərbaycanda fəaliyyət göstərən və Gülənlə əlaqələndirilən türk litseylərini də yüksək əxlaqlı tədris müəssisələri kimi tanıyıram. Ona görə mən istəməzdim ki, bu iki türk qurumu bir-birinin əleyhinə olsunlar. Əgər bələdiyyə seçkiləri yaxınlaşırsa burada tam leqal şəkildə rəqabət aparılmalıdır. Bu iki qüvvə arasında döyüş tamamilə arzuolunmazdır. “Nur”çuların adı nur, işıq sözündən gəlir. Hakimiyyət uğrunda mübarizə həmişə arzuolunmaz nəticələr verir. Çünki demokratik cəmiyyətlərdə seçki öncəsi hakimiyyət uğrunda mübarizə olur. Amma seçkilər bitən kimi rəqib partiyalar arasında sülh bərpa olunur və dövlətin inkişafı üçün birgə addımlar atılır. Arzu edərdim ki, Türkiyədə də belə olsun.
E.Şahinoğlu:
-Dekabrın 17-dəki rüşvət qalmaqalına qədər Ərdoğanın reytinqi çox yüksək idi. Bunu bütün rəy sorğuları göstərirdi. Amma nazirlərin rüşvət ittihamı ilə həbsi başlayandan sonra bu əlbətdəki Ərdoğan hakimiyyətinə ciddi zərbə idi. Amma Ərdoğan zərbəni dəf etmək məqsədilə əks-hücuma keçdi. O, bəyan etdi ki, ona qarşı tələ qurulub və bu tələdə paralel dövlət yaratmaq istəyi olub. Proseslərin başında isə Fətullah Gülənin dayandığı bəyan edildi. Hazırda bu hadisələrin üstündən bir neçə ay keçəndən sonra rəy sorğuları Ərdoğanın elə də böyük itkilərə məruz qaldığını göstərmir. Ümumi ab-havaya baxsaq görərik ki, Ərdoğan o ümid etdiyi səsləri qazanmaya da bilər. AKP partiya olaraq bələdiyyə seçkilərindən birinci çıxa bilər. Amma AKP ciddi bir müqavimətlə üzləşəcək. AKP Istanbul və Ankarada qələbə qazanmaya da bilər. Bu iki şəhərdə uğursuzluğa uğramaq gələcək parlament seçkilərində AKP-nin məğlubiyyətini sürətləndirə bilər. Bu mənada Istanbul və Ankarada qələbə qazanmaq AKP üçün çətin olacaq. Bu isə hakim partiya üçün sonun başlanğıcı deməkdir.
“Nur”çuların Türkiyədən sonra ən geniş şəbəkəsi Azərbaycandadır”
– Son zamanlar Türkiyə mətbuatında, xüsusilə AKP-yə yaxın nəşrlərdə Azərbaycan hakimiyyətinin “Nur”çularla əlaqələrinə dair məqalələrə geniş yer verilir. Siyasi yönümlü “Yeni Şəfəq” qəzetində Azərbaycanlı iki nazir Elmar Məmmədyarov və Zakir Həsənovun adı “Nur”çularla sıx əlaqədə hallanır. Bu nəyi göstərir?
V.Quluzadə:
– Mən bunu daha çox təxribat kimi dəyərləndirirəm. Inanmıram ki, Azərbaycan məmurlarının “Nur”çularla nəsə əlaqəsi olsun. Azərbaycan məmurlarının birinci növbədə Ərdoğan administrasiyası ilə gözəl əlaqələri var. Türkiyə biznesi Azərbaycanda geniş imkanlara sahibdir. Deməli Azərbaycan məmurlarının “Nur”çularla əlaqələri onların ölkəmizdə qurduğu gözəl təhsil müəssisələri və biznes sahələri ilə əlaqəli ola bilər. Burada isə mənfi heç nə yoxdur. Amma görünür kimsə, Azərbaycan hakimiyyətinin Ərdoğanla əlaqələrinə kölgə salmaq üçün belə informasiyaları dövriyyəyə buraxıb. Məsələn, Qafqaz Universitetinin rektoru gözəl şəxsiyyətdir. Həmin təhsil ocağında gözəl münasibətlər, əxlaq normaları var. Ən müasir sistemlə gedən tədris var. Burada mən mənfi heç nə görə bilmirəm. AKP ilə “Nur”çular arasında baş verənlər hakimiyyət uğrunda mübarizədir. Ərdoğan “Nur”çularda özünə rəqib gördüyündən bu tip məsələlər meydana çıxıb.
E.Şahinoğlu:
– 90-cı illərin əvvəlində Azərbaycana gələn “Nur”çular ölkəmizdə yerləşən, iş quran, universitet, məktəb açan ilk türklər olublar. Düşünürəm ki, əgər bu şəbəkə Türkiyədə nazirləri dinləyə bilirsə, paralel dövlət qura bilirsə, deməli bu işləri başqa məkanlarda da qura bilər. “Nur”çuların Türkiyədən sonra ən geniş şəbəkəsi Azərbaycandadır. Onu da vurğulamaq lazımdır ki, son iyirmi ildə Azərbaycanda türk məktəblərini, universitetlərini bitirən insanlar çox təhsillidir. Müxtəlif dövlət idarələrində yerləşiblər və orada çalışırlar. Amma bu o demək deyil ki, artıq onlar “Nur”çuların sisteminə bağlıdırlar. Amma müəyyən təhlükə var ki, eyni paralel dövlətə oxşar şəbəkələşmə Azərbaycanda da gedə bilər. Bir məsələni də nəzərə almaq lazımdır ki, Türkiyədən fərqli olaraq “Nur”çuların Azərbaycan hakimiyyəti ilə elə bir problemi yoxdur. Əksinə Gülənin telefon dinləmələrini nəzərə alsaq, onun Azərbaycana loyal olduğunu, təriflədiyini görərik. Məsələn, ona bağlı olan “Xəzər” televiziyası son prezident seçkilərində müxalifəti ən sərt tənqid edən, bəzən böhtanlar yağdıran telekanala çevrilmişdi. Bu ondan xəbər verir ki, Azərbaycanda “Nur”çular özlərinə əlavə problem yaratmamaq üçün hakimiyyətin tapşırıqlarını canla-başla yerinə yetirməyə hazırdırlar. Amma Türkiyədə baş verən bu olaylar Azərbaycan hakimiyyətini xeyli dərəcədə düşündürüb. Ərdoğan və onun tərəfdarlarının konkret mesajları da var. Ərdoğan son çıxışında bəyan etdi ki, Gülənin tərəfdarları Azərbaycan üzərində də qara planlar qurub. Bu özü də Ərdoğanın Azərbaycan hakimiyyətinə bir mesajı idi. Mesaj isə bundan ibarətdir ki, əgər siz Türkiyə hakimiyyəti ilə isti münasibətlərin davamını istəyirsinizsə, o zaman Gülənin tərəfdarlarının əl-qolunu yığışdırın. Bilmirəm bu çağırışa Azərbaycan hakimiyyəti hansı reaksiyanı verəcək. Amma Ərdoğana bağlı hökumət qəzetləri də Gülənlə Azərbaycan arasındakı əlaqələrdən yazırlar. Ola bilsin ki, Azərbaycan hakimiyyəti hər hansı addım atsın.
“Nur”çular təhlükə deyil”
– Dini Qurumlarla Iş Üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Rafiq Əliyev müsahibəsində bildirib ki, əgər Qərb Azərbaycanda suyu bulandırmaq istəsə o zaman, “Nur”çular və vəhabilərdən istifadə edəcək. Bu reallıqdırsa, dövlət üçün nə qədər təhlükəlidir?
V.Quluzadə:
– Bu fikrin real əsası yoxdur. Birincisi Qərb Azərbaycanda nəyə görə suyu bulandırmalıdır? Qərb Azərbaycanda demokratik qüvvələrə kömək edib, ölkədə demokratiyanın bərqərar olunmasını istəyə bilər. Gərək bu vəhabilərin və yaxud “Nur”çuların əli edilsin? Mən Rafiq Əliyevin müsahibəsin oxumuşam. Amma mən həmin müsahibədə deyilənlərə əsas axtarsam da, tapa bilmədim. Müxtəlif fərziyyə irəli sürmək olar. Məsələn, bir fərziyyə bundan ibarətdir ki, Suriyada döyüşən Azərbaycanlılar gəlib ölkədə nəsə iş görəcəklər. Bunlar hamısı fərziyyələrdir. Reallıqla heç bir əlaqəsi yoxdur.
E.Şahinoğlu:
– Rafiq Əliyevin bu fikri ilə razı deyiləm. Bəli, “Nur”çularla, sələfi cərəyanı Azərbaycan üçün müəyyən təhlükələr törədirlər. 90-cı illərə kimi bu qüvvələr Azərbaycanda olmayıb. Sələfi cərəyanının radikal hissəsi Azərbaycan üçün müəyyən təhlükə yaradırlar. Amma mən qətiyyən o fikrin əleyhinəyəm ki, onlardan Qərb dairələri istifadə etməyə çalışır. Biz əvvəl düşünürdük ki, “Nur”çular Ərdoğana bağlı olduğundan Türkiyə hakimiyyəti də onların Azərbaycanda məskunlaşmasında maraqlıdır. Amma sonra biz nəyi müşahidə etdik? Gördük ki, Ərdoğanın özünün onlarla maraqları kəsişir. Ona görə Qərbi bura bağlamaq düzgün deyil. Qərb necə maraqlı ola bilər ki, Azərbaycanda sələfilər fəallaşsın. Axı sələfilərin fəallaşması Azərbaycana birbaşa təhlükə yaradır. Bu Qərbin maraqlarına uyğun deyil.
– Rafiq Əliyev müsahibəsində eyni zamanda vurğulayır ki, “Nur”çular bu gün Azərbaycanda Prezident Administrasiyasında, polisdə, təhlükəsizlik xidmətlərində təmsil olunublar. Onun fikrincə, bu dövlətçiliyə təhlükədir. Bu açıqlamanı necə dəyərləndirmək olar?
V.Quluzadə:
– Mənim həm Gülənə, həm də “Nur”çulara simpatiyam var. Mən nəyəsə təhlükəyəmmi? Qafqaz Universitetində parlaq təhsil alan azərbaycanlı hansı səbəbdən Azərbaycanın idarəçilik sistemində iş tapmasın. Kimsə sübut edibmi ki, “Nur”çular təxribatçı və terrorçudur? Bu çox təhlükəli bir tendensiyadır. Bu xaricdə təhsil alan bütün azərbaycanlılara qarşı tətbiq oluna bilər. Mən də, Rafiq müəllim də keçmiş sovet məmuru olmuşuq. Yəni bizim hamımız da hər şeyə şübhə ilə yanaşmaq əhval-ruhiyyəsi ola bilir. Bu açıqlamanın da kökü burdadır.
E.Şahinoğlu:
– Bəli, Rafiq Əliyevin bu fikri reallıqdır. “Nur”çular Azərbaycanda gücləniblər. “Nur”çular dinlə uzaqdan-yaxından əlaqələri yoxdur. Əgər onlar Azərbaycanda saxtakarlığa göz yumurlarsa, yaltaqlıq edirlərsə, tərif dolu nitqlər söyləyirlərsə, bunun dinlə nə əlaqəsi var? Ərdoğan “Nur”çulara bəyan edir ki, əgər siz, siyasətlə məşğul olmaq istəyirsinizsə, partiya qurun və seçkiyə qatılın. Eyni çağrışı Azərbaycandakılara da etmək olar.
“Ərdoğan Əliyevdən ”Nur”çularla bağlı istəkdə buluna bilərmi?”
– Türkiyə vaxtaşırı olaraq Azərbaycandan müəyyən istəklərdə bulunur. Bu istəklərdən biri PKK-ya qarşı mübarizənin təşkilidir. “Nur”çulara qarşı necə, Türkiyə Azərbaycan hakimiyyətindən mübarizə aparılmasını istəyə bilərmi?
V.Quluzadə:
– Düşünmürəm. Birdə ki, PKK ilə “Nur”çuları müqayisə etmək olmaz. PKK terror təşkilatıdır. Türkiyə dünyanın hər yerində PKK-çıları izləyə, onlara qarşı tədbir də görə bilər. Amma “Nur”çuların belə bir imici yoxdur. Onlar terror təşkilatı deyillər. “Nur”çuların təhsildə, xeyriyəçilikdə fəaliyyətini eşitmişəm. Amma “Nur”çuların adı terrorla bağlı heç zaman çəkilməyib.
E.Şahinoğlu:
– Ərdoğanın çıxışı, qəzetlərdə yazılanlar Azərbaycan hakimiyyətinə “Nur”çularla bağlı tədbir görülməsinə bir mesajdır. Ərdoğan bəyan etmək istəyir ki, onlar Azərbaycanla Türkiyə münasibətlərinə xələl gətirə bilərlər. Bu baxımdan Türkiyə hakimiyyətinin Azərbaycandan bu istiqamətdə müəyyən istəkləri ola bilər. Amma o başqa məsələdir ki, Azərbaycan hakimiyyəti nə Qafqaz Universitetini, nə də ölkədəki digər məktəbləri bağlaya bilər. Amma “Nur”çuların fəaliyyətini ciddi şəkildə nəzarətə götürmək olar.
Xəyal


