Mən şahidəm

İsmayıllı hadisələrinə görə mən də həbs edilməliymişəm

 

Tofiq Yaqublu və Ilqar Məmmədovun “Ismayıllı hadisələri”nin təşkilatçıları kimi həbs edilməsi siyasi həyasızlıqdan başqa bir şey deyil. Bir günün içində iğtişaş təşkil etməyin mümkünlüyünə inanmaq, Azərbaycan hakimlərinin müstəqilliyinə və ədalətinə inanmaq qədər sadəlövhlükdür. 

Belə çıxır ki, Tofiq bəylə Ilqar bəy nazir balasını öyrədiblər ki, Ismayıllıda qəza törətsin, sonra da taksi sürücüsünü döyərək yerli əhalinin ünvanına söyüşlər işlətsin ki, onlar da bu faktdan istifadə edərək iğtişaş təşkil etsinlər. Inandırıcıdırmı? “Utanmasan oynamağa nə var ki?”

Bir dəfə “razborka”da iştirak edən sağlam cüssəli gənclərdən biri “avtoritet”ə belə demişdi: “Birdən özümü eşşəkliyə qoyub inanmaq istəyərəm haaa”. Həmin “razborka”da 1 nəfər ölmüş, iki nəfər yaralanmışdı o vaxt.

Indi də bu Ismayıllı işində, deyəsən, kimlərsə özünü eşşəkliyə qoyub inanır. 

Məsələ ondadır ki, 23 yanvar 2013-cü ildə günortadan sonra Qələndər Muxtarlı mənə zəng etdi ki, IP-in qərarı ilə bir neçə nəfər Ismayıllıya gedib hadisələri yerində incələməli, nə baş verdiyini dəqiqləşdirməlidir. O, mənim də getməyimi istəyir və xahiş edir ki, sabah, yəni 24 yanvarda səhər tezdən mənim maşınımla Ismayıllıya yola düşək. Çox vacib məhkəmə prosesim olduğu üçün, mən axşam saat 21:00-dən sonra (bunu “Azercell”dən dəqiqləşdirmək mümkündür) Q.Muxtarlıya zəng etdim və üzr istəyərək gedə bilməyəcəyimi dedim. 

Əslində belə qərar verməyimin səbəbi təkcə məhkəmə işimin olması deyildi. 

Sadəcə olaraq, öz-özümə sual verdim: niyə mən? 

Niyə mən Ismayıllıya getməliyəm? Mən kiməm? Mənim ora getməyimin hüquqi və siyasi əsası vardırmı? Mənim ora getməyim kimə və niyə lazımdır?

Mən IP-nin üzvü olmamışam və belə bir fikrim olmayıb. IP hansı haqla mənim Ismayıllıya getməyimi tələb edə bilər? Zatən belə bir qərarın olduğu da dəqiq bəlli deyildi mənə. Ancaq Qələndər Muxtarlı ilə uzun müddətli dostluq əlaqələrim olduğu üçün, fikirləşdim ki, yəqin IP onun da getməsi barədə qərar qəbul edib və o da öz təşəbbüsü ilə məni də dəvət edir ki, yol-səfər onunçün darıxdırıcı olmasın.

Indi belə çıxır ki, mən də həmin gün T.Yaqublu və I.Məmmədovla Ismayıllıya getsəydim, məni də təşkilatçı kimi həbs edəcəkdilər. 

Belə yerdə o cavan oğlanın “özünü eşşəkliyə qoymaq istəməsi” barədə sözü yadıma düşür. 

Həqiqətən də, kimlərsə, bu məmləkətdə özlərini eşşəkliyə vurub bəzi ağlabatmaz şeylərə inanırlar, daha doğrusu, özlərini inanmış kimi göstərirlər. Təəssüf ki, belələrinin içində müstəntiqlər, prokurorlar və hakimlər çoxluq təşkil edir. Daha başa düşmürlər ki, onlara qarşı da kimsə özünü eşşəkliyə qoya bilər nə vaxtsa. Bu eşşəkləşmə prosesini, necə ki gec deyil, durdurmaq lazımdır. 

Qurban Məmmədov 06 fevral 2014-cü il