“İnstaqram” baş bankirin oğlunu da “ilişdirdi” FOTO

Elçin Rüstəmovun maşınları, bahalı saatları və əyləncələri…

Daha bir məmurun oğlu “Instagram”ın “tələsinə” düşüb. Bu Mərkəzi Bankın sədri Elman Rüstəmovun oğlu Elçin Rüstəmovdur. Virtualaz.org saytı Elçin Rüstəmovun “Instagram”  “sərgüzəştləri” ilə bağlı material hazırlayıb. Bəlli olur ki, Elman Rüstəmovun oğlu da digər məmur övladları kimi “Istagram”da bahalı maşınlarını, saatlarını və digər əşyalarını nümayiş etdirməyi sevir.
“Cənab Rüstəmov-kiçiyin nümayiş etdirdiyi saat isə adamı bir balaca heyrətə salır. Ancaq sonra biz yada salırıq ki, söhbət azərbaycanlı məmurun oğlundan gedir və bu zaman hər şey öz yerini alır. Məsələ ondadır ki, heç bir internet mağazası bu cür bahalı saatın qiymətini təhlükəsizlik nöqteyi-nəzərindən açıq göstərmir. Biz həmin modelin ən sadə variasiyasını tapa bildik, qiyməti ”cəmi” 220 min dollardır.
Saatlar Isveçrənin “Caeger-LeCoultre” firmasının ən bahalı məhsullarından biridir”, – sayt yazır.
“Yeni Müsavat” qəzetində də Elman Rüstəmovun övladları ilə maraqlı məlumatlar dərc edilib. Bildirilir ki, Elman Rüstəmovun hər 3 övladı – Günel, Süsən və Elçin Böyük Britaniyada yaşayır. Günel Rüstəmova modelyerliklə məşğuldur. Baş bankirin qızı Yəmən şahzadələri daxil olmaqla, Avrasiyanın “mavi qan”a məxsus olan bir çox yüksək rütbəli məmurların ailələrinin geyimlərinin modellərinin müəllifidir. O, həmçinin bir neçə şirkətin təsisçisi və direktorudur. Böyük Britaniyada olan şirkəti Günel xanımın adı ilə “GYUNEL LIMITED” adlanır. Çexiyadakı şirkətləri isə “ALPS s.r.o.” adlanır.
Elçin Rüstəmova gəlincə, onun qumara böyük həvəs göstərdiyi məlum olur. Onun hətta Londonda keçirilən bir poker yarışına da qatıldığı bildirilir.
Elman Rüstəmovun sonbenşiyi Süsən Rüstəmova, Londonda kollecdə oxuyur.