Baş nazirlə oğlu arasında olduğu deyilən 1 milyardlıq söhbət aləmi qatdı
Müxalifət istefa tələb etdi, Ərdoğan cavab verdi: “Ac toyuq yuxusunda darı görər”
AKP amerikalı ekspertlərə müraciət etdi, səs yazısının qurama olduğu haqda rəy aldı
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla oğlu Bilal Ərdoğan arasında keçdiyi iddia edilən və internetdə yayılan telefon söhbəti ölkənin gündəminə bomba kimi düşüb. Telefon söhbətinin Türkiyədə «Böyük rüşvət əməliyyatının» həyata keçirildiyi gün – ötən il dekabrın 17-də baş tutduğu bildirilir. İddialara görə, baş nazir həmin gün səhər saatlarında oğlu Bilala zəng edərək Türkiyədə rüşvət əməliyyatının həyata keçirildiyini xəbər verir. Səs yazısından belə məlum olur ki, baş nazir evdəki pulların başqa yerə aparılaraq gizlədilməsini istəyr. Pulun miqdarı isə kifayət qədər böyükdür. Söhbət, 1 milyard dollardan artıq nağd puldan gedir.
Birinci telefon söhbəti…
17 dekabr, saat 08.02:
– Oğlum, evdəsən?
– Bəli, atacan.
– Səhər əməliyyat keçiriblər. Ali Ağaoğlu, Rza Zərrab, bizim Ərdoğanın oğlu, Zəfərin oğlu, Müəmmərin oğlu – hamısının evində axtarış aparıblar.
– Bir də de, ata…
– Deyirəm ki, Müəmmər bəyin oğlu, Zəfərin oğlu, Erdoğanın oğlu, Ali Ağaoğlu, Rza Zərrab da daxil olmaqla 18 nəfərin evində böyük rüşvət əmliyyatı çərçivəsində hazırda axtarış aparılır.
– Bəli.
– Oldumu? Deyirəm ki, sənin evində nə var, nə yox – hamısını çıxart. Yaxşı?
– Məndə nə ola bilər, ata? Kassada sənin pulun var.
– Elə onu deyirəm. Mən indi bacını göndərirəm, yaxşımı?
– Kimi göndərirsən?
– Bacını göndərirəm.
– Oldu.
– O məlumatlar onda var, yaxşı? Sən qardaşınla danış.
– Bəli.
– Onu şey eləyək… Əminlə danış, o da eyni formada çıxartsın. Yeznənlə danış, o da.
– Bunları neyləyək bəs, ata? Hara qoyaq?
– Müəyyən yerlərə, oralara şey elə… (Arxadan Əminə Ərdoğanın olduğu iddia edilən qadın səsi gəlir. Qadın «Berat» deyir).
– Beratda da var.
– Onu deyirəm də. İndi bir araya gəlin. Əmini də götür. Yeznən Ziyada var, ya yox, bilmirəm. Oldu? Burak qardaşına da təcili şey elə. Yaxşımı?
– Yaxşı, ata. Süməyya (Ərdoğanın qızı) mənə hara aparacağımı söyləyəcək?
– Sizinkiləri düşünün aranızda, yeznənlə, filan.
– Nə edəcəyimiz barədə?
– Bəli, bəli. Saat 10-a qədər əlaqə yaradaq, çünki…
– Oldu, ata.
– Əlaqədə qalın.
– Oldu, atacan.
İkinci telefon söhbəti…
17 dekabr, saat 11.17:
– Ata, Həsənlə bir yerdəyik. Qardaşım Berat və əmimlə bir şeylər fikirləşirik. Bu arada, bir fikir də var. Bir qismini dərhal Faruka (Kalyonçu) verim, deyir. O biri pullar kimi etsin. Onsuz da əvvəldən danışmısınız. Böyük miqdarını o cür həll edə bilərik.
– Ola bilər.
– Oldu. O biri hissəsini də Mehmet Gürlə ortaq işə başladığımız üçün «Al, bir qismi səndə qalsın, layihələr gəldikcə oradan istifadə edərsən» deyib, verəkmi? Beləliklə azaldıb qalan hissəsini də bir yerə apararıq.
– Oldu, hələ onları şey edin…
– Oldu.
– Süməyya gəldi?
– Süməyya evə gəlib, indi bura – yanımıza gələcək. Oldu, atacan. Həll edəcəyik bu gün. İnşallah. Başqa bir şey var?
– Şey etməyinizdə fayda var. (Puldan bəhs etdiyi iddia olunur). Tamamilə sıfırlamağınızda fayda var.
– Tamamən sıfırlayacağıq, İnşallah.
Üçüncü telefon söhbəti…
17 dekabr, saat 15.39:
– Sənə verdiyi o biri tapşırıqlar həll olundumu?
– Axşama bitirmiş olacağıq. Beratla bağlı olanı həll etdik. İndi Mehmet Gürlə olan qismini həll edəcəyik. Qalan hissəsini də qaranlıq düşəndə həll edərik.
– ….
– İnşallah.
– Süməyya neylədi?
– Süməyya da onları çıxarıb gətirdi, filan.
– Hər iki tərəfi də həll etdi?
– Hər halda verdi, atacan. İkisini də boşaltdım, dedi.
– Hər iki tərəfi.
– Bəli, ikisini də boşaltdım dedi. İki tərəf deyəndə onu nəzərdə tutursan, elə deyil?
– Nə isə, oldu.
– Siz neçədə gəlirsiniz?
– 12-də, filan.
– Yolunuz açıq olsun.
– Telefonlarla danışmayın.
Dördünjü telefon söhbəti…
17 dekabr, saat 23.15:
– Atacan, şeyə görə zəng etdim. Böyük miqdarda şey etdik. İndi mənə siz zəng etdiniz, atacan?
– Yox, mən zəng etmədim, sən zəng etdin.
– Gizli nömrədən zəng gəldi.
– Böyük miqdar deyəndə, yəni sıfırladınız?
– Hələ yox. 30 milyon avro hələ qalır. Şey eləyə, əridə bilmədik hələ ki. Beratın ağlına bir fikir gəlib. Ahmet Çalakın alacağı əlavə 25 milyon dollar qalıb. Onu ora verib, o pul da gələndə şey eləyərik, deyirlər. Yəni üstüylə də Şəhrizardan bina ala bilərik. Sən nə deyirsən buna, ata?
– ….
– Hə, atacan.
– Süməyya yanındadır?
– Yanımdadır, çağırım?
– Yox, səs qarışdı, ona görə dedim.
– Hə, 25 milyon dolları Çalıka verib, qalan qismini də Şəhrizardan bina ala bilər…
– Nə isə, şey eləyərik.
– O cür edək?
– Yaxşı, eləyin.
– Tamamən sıfırlansın, ata? Yoxsa sənin əlində bir az pul qalsın?
– Qalsın. Onsuz da olmaz, oğlum. Şeyə, o biri tərəfə, Mehmetə şey etsəydiniz, onu da ora göndərərdiniz.
– Hə, onlara verdik, 20 verdik.
– Ay Allah, əvvəlcə verərdiniz, sonra şey edərdiniz.
– Nə bilim, indi bu qədər verə bildik, ata. Onsuz da çətin yerləşir. Bir qismini başqa yerə qoyuruq. Bir qismini də bizim şeyə verdik – Tunc qardaşa. Ondan sonra…
– Tunca hamısını verdinmi?
– Soruşublar, deyib ki, 10 milyon avro ala bilər.
– Nə isə, bu şeyləri danışma şeydə. Belə də olsa, danışma.
– Yaxşı, biz həll edirik.
– Həll edin, mən bu axşam gələ bilmirəm. Ankarada qalacam.
– Sən narahat olma, biz həll edirik.
Beşinci telefon söhbəti…
18 dekabr, saat 10.58.
– Dedim, bir əlaqə saxlayım, nə var, nə yox deyə. Verdiyin işləri Allahın izni ilə bitirdik.
– Tamamən sıfırlandımı?
– Tamamən. Sıfırlandı deyəndə, məndə Samandra və Maltəpənin pulları var idi 730 min dollar və 300 min lirə. Onları da bir şey edəcəm. Bizim Faiq İşığa borcumuz var idi. Bir milyon lirəni ona verəcəm. Üstünü də akademiyaya göndər deyəcəm.
– Şey danışma, açıq-açığına danışma.
– Danışmayım?
– Danışma, oldu?
– Oldu, atacan.
– Samandra və s. haranın olursa-olsun, üstündə saxlama, yerinə göndər. Niyə üstündə saxlayırsan?
– Oldu, atacan, yəqin izlənirik, izləndiyimi düşünürəm.
– Biz sənə ta başından demişdik.
– Mühafizəçilər edir? Kim izləyiri ki bizi?
– Oğlum, sizi dinləyirlər.
– Amma görüntülü də izləyirlərmiş.
– Düzdür, İstanbul Polis İdarəsində bəzi şeyləri indi etdik.
“Bu, əxlaqsız bir montajdır”
Səs yazılarının internetdə sürətlə yayılması Ankarada hər kəsi ayağa qaldırıb. Baş nazirin aparatı rəsmi açıqlama yayaraq audioyazının “əxlaqsız montaj” olduğunu bəyan edib: “Baş nazirimiz hörmətli Rəcəb Tayyib Ərdoğanla oğlu arasında telefon söhbəti olduğu iddiası ilə internet vasitəsilə dövriyyəyə buraxılmış səs yazıları əxlaqsızca bir montajın məhsulu olub, həqiqətdən tamamilə uzaqdır. Türkiyə Cümhuriyyəti baş nazirini hədəf alan bir çirkin oyunu quranlarla hüquq çərçivəsində haqq-hesab çəkiləcək”.
Səs yazıları yayıldıqdan sonra baş nazir Ərdoğan ölkənin kəşfiyyat qurumu – Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanı təcili yanına çağırıb.
CHP: “Ya xaricə qaç, ya da istefa ver!”
Olay müxalifəti də hərəkətə gətirib. Ana müxalifət – Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu partiya rəhbərliyini fövqəladə toplantıya çağırıb. Iki saat yarım davam edən toplantıda məlum səs yazıları iki dəfə dinlənilib. K.Kılıçdaroğlu “montaj deyil, pulların daşınması ilə bağlı görüntülərin də olduğunu söyləyirlər, bu görüntülər də mütləq ortaya çıxacaq”,- deyib.
“Ya xaricə qaç, ya da istefa ver” deyən Kılıçdaroğlu bildirib ki, dövləti soyan adam baş nazir kürsüsündə otura bilməz.
CHP sözçüsü Haluk Koç isə daha radikal bəyanatla çıxış edərək bu şərtlər altında mövcud hökumətin legitimliyini itirdiyini, bu hökuməti tanımadıqlarını vurğulayıb və baş nazir Ərdoğanın istefasını tələb edib.
MHP: “Türkiyədə rüşvətin başında baş nazir durur”
Digər müxalifət partiyası – Milliyyətçi Hərəkat Partiyası (MHP) da fövqəladə toplantı keçirib. Dövlət Bağçalı bildirib ki, baş verənlər ata-oğulun rüşvət və korrupsiyaya bulaşdığını göstərir: “Məhkəmə boş oturmamalı, ortada bu qədər dəlil varkən hərəkətə keçməlidir. Bütün bunlar Türkiyədə rüşvətin başında baş nazirin durduğuna işarə verir”.
Bağçalı Türkiyə Baş Prokurorluğuna hakim AKP-nin bağlanması ilə bağlı müraciət də ünvanlayıb: “Bu danışıqlar doğrudursa, demək, qarşımızda çox ciddi və qorxunc bir məslə var. Hüquq mühafizə orqanları bu faktları bir-bir araşdırmalıdır”.
MHP lideri hesab edir ki, Ərdoğan “montaj” deyərək yaxasını məsuliyyətdən kənara çəkə bilməz: “Türkiyədə baş nazir vəzifəsində harama tamah edən, korrupsiya əsarətinə düşən biri hələ indiyə kimi oturmayıb və oturmayacaq da”.
Ərdoğan: “CHP və MHP ac toyuq kimi, özünü darı anbarında görür”
Baş nazir Ərdoğan AKP millət vəkilləri qrup toplantısında çıxışı zamanı səs yazısının montaj olduğunu deyib və olayın arxasında Fətullah Gülənin durduğuna işarə vurub. Ərdoğan müxalifəti də “montaj” materialından mənfəət götürmək istəməkdə suçlayıb.
“Türkiyə Cümhuriyyəti bu xəyanətə təslim olmaz, olmayacaq. CHP və MHP rəhbərliyi dünən (24 fevral) axşam fövqəladə iclas keçiriblər. Niyə? Montaj var ha, ondan bir qazanc əldə edə bilərikmi deyə. Seçkidə qalib gələ bilmirik, çevriliş də baş vermir, heç olmasa okeanın o tərəfindən atılan bu yemlə durumu idarə edə bilirikmi deyə. Ac toyuq yuxusunda darı görər. Bunlar indi özlərini darı anbarında hiss edirlər. Ovuclarını yalayarlar, ovuclarını.
Bizi iqtidara millət gətirdi, millət də aparar. Biz bu gündəmə təslim olmayacağıq. Bütün iddialara, iftiralara, ittihamlara vaxtı gəldikcə cavab verəcəyik.
Bir daha deyirəm. Edilən baş nazirə alçaqca bir hücumdur. Rəcəb Tayyib Ərdoğana, AK Partiyanın sədrinə yox, Türkiyə Cümhuriyyəti dövlətinin baş nazirinə olan xain hücumdur”, – deyə Ərdoğan geniş çıxışında bildirib.
“Baş nazirin səsini çox yaxşı tanıyıram”
Ədalət və Inkişaf Partiyasının (AKP) qurucularından olan baş nazirin keçmiş müavini Əbdüllətif Şənər də məsələyə münasibətini açıqlayıb. O, baş nazir Ərdoğanın səsini çox yaxşı tanıdığını, səs yazılarını dinlədiyini və danışan şəxsin Ərdoğan olduğunu deyib.
ABŞ-dan rəy gəldi – “montajdır”
Dünən məlum səs yazısı ilə bağlı ABŞ-dan ekspertiza rəyi gəlib. Türkiyə mediası xəbər verir ki, səs yazısı ABŞ-ın ən qabaqcıl studiyalarında AKP-nin müraciəti əsasında ekspertizadan keçirilib. Mütəxəssislər müəyyən ediblər ki, yazıdakı səslər kəsilərək yapışdırılıb və ona kompüterdə əlavələr olunub. Amerikalı mütəxəssislər səs yazısının montaj olduğu və xüsusi texniki avadanlıqlar vasitəsilə hazırlandığını bildiriblər.
Yerli mütəxəssislər nə deyir?
Məsələyə Türkiyənin səs mühəndisləri də münasibət bildiriblər. Ekspert Atilla Özdəmir səs yazılarının montaj olmadığını deyib: “Fərqli mənbələrdən montaj edilmiş səs yazısını çox asan müəyyən etmək olur. Bu halda məkanın və ətrafın səsi dəyişir. Səs yazılarını təkrarən təhlil etdim. Heç bir əlavə yoxdur. Bunu arxa plandakı səslərdən də anlamaq olar”.
Səs mühəndisi Ərdəm Halvaçıoğlu da oxşar açıqlama ilə çıxış edib: “Təkrarən qulaq asdım. Bu səs yazısı tamamən gerçəkdir. PHD-li bir səs mühəndisi kimi, mənə etibar edə bilərsiniz”.
Qeyd edək ki, dünəndən İstanbul Cümhuriyyət Prokurorluğunda internetə düşən məlum səs yazıları ilə bağlı araşdırma başlayıb.
Gültəkin