Diktatorların sonrakı ağlı

«Totalitarizm insanlar üzərində despotik hökmranlıqdan çox, insanların tamamilə lazım olmadığı bir sistemin qurulmasına can atır»
Hanna Arendt

Ola bilsin ki, bu yazı işıq üzü görəndə Ukrayna prezidenti Viktor Yanukoviç artıq ölkədən qaçmış olacaq, yaxud da gizləndiyi yer aşkarlanacaq. Hələlik isə, özünü hələ də prezident hesab edən Viktor Yanukoviç ölkəsində axtarılır. Hətta sosial şəbəkələrdə onun yerini söyləyəcək şəxs üçün pul mükafatı toplanır. Devrilmiş həmkarları kimi, Yanukoviçin də qanuni prezidentlik müddəti yarımçıq qaldı, belə ki, Ukraynada növbəti prezident təxminən iki ildən sonra iş başında olmalı idi…
Diktaturalar üçün oxşar ssenarilər, yoxsa bir-birinə bənzəyən diktatorlar? Razılaşın ki, hər iki fərziyyə yetərincə güclüdür və haradasa bir-birini tamamlayır. Avtoritar rejimlərin tarixi səhnədən getmələri o qədər bir-birinə bənzəyir ki, ilk baxışda adama elə gəlir ki, hadisələr eyni mərkəzdən idarə olunur, hansısa naməlum  (əslində məlum – X.Ə.) güclər diktator komandasının daxilinə qədər yol tapır, orada parçalanma yaradır, narazı kütləni səfərbər edir və s.
Bu cür təqdimat adətən diktatura rejimləri və onu dəstəkləyən dairələr tərəfindən olur. Uzağa getməyək,  götürək elə Ukrayna hadisələrinə Azərbaycanın rəsmi dairələrinin və onların təbliğat maşınlarının baxışını. Televiziya ekranlarında gedən xəbərlər və süjetlərdə hadisələr dövlət çevrilişi kimi təqdim olunur, xaos və iqtisadi böhran faktoru qabardılır. Srağagün isə, səhv etmirəmsə, AzTv kanalında  Ukrayanada turizmin böhranından danışdılar və ardından bir Əfqanıstan vətəndaşı Azərbaycandakı “inkişaf”dan danışıdı. Rusiyanın rəsmi dairələri isə, çəkinmədən Ukraynadakı hadisələri dövlət çevrilişi adlandırdı. Diqqətlə izləsəniz, bu xəbərlərdə, verilən açıqlamalarda əsas qəhrəmanın, yəni XALQIN adı çəkilmir, inqilabın təkanverici qüvvəsi Ukraynadan kənarda axtarılır.
Xaricdən hansısa impulsun, maddi yardımın olmasını inkar etmək ədalətsizlik olardı, atalar yaxşı deyib – “od olmayan yerdən tüstü çıxmaz”…
Hesablamalara görə, Maydan hərəkatı başlanandan onun xərcləri hər həftə 20 milyon dollara başa gəlirmiş. Bu həqiqətdir və bunu kimsə inkar etmir. Lakin bu o anlama gəlməməlidir ki, istənilən dövlətdə, məsələn, Çexiyada və yaxud Bolqarıstanda bir neçə yüz milyon xərcləməklə, rejimi dəyişmək olar? Xeyr, bu əsla mümkün deyil.
Məsələ burasındadır ki, avtoritarizmin hökm sürdüyü ölkələrdə inqilabi şəraiti bilavasitə həmin rejimlərin özü hazırlayır.
Totalitarizm nəzəriyyəsinin banisi, yəhudi əsilli alman-amerikan tarixçi-politoloqu, Hanna Arendtin fikirləri ilə tanış olduqca, heyrətlənməyə bilmirsən, sanki bu qadın diktatorları dünyaya gətirir və qorxu filmlərində olduğu kimi, “istəmədən” onların qatilinə çevrilir. Hanna xanıma görə, istənilən diktatura, insanların lazım olmadığı bir sistemin qurulmasını başa çatdırmağa müvəffəq olduğu andan etibarən məğlubiyyətə məhkumdur. Yəni diktatura, onu tarixə qovuşduracaq tragikomik siyasi şəraiti özü hazırlayır, çabalayır və məğlub olur.
Bəzən “obıvatel” təfəkkürlü analitiklərin “Qəzzafinin səhvi”, “Mübarəkin yanlış addımı”, kimi ifadələrinə rast gəlirik. Onlara elə gəlir ki, despotlar konkret olaraq bir sitiasiyada düzgün qəbul etmədiyi qərarın güdazına gedirlər. Yəni diktatorluğu saxlamaqla(!) islahatlar aparmaq… Əcaib səslənir, deyilmi?
Oxşar sitiasiya ilə, “ərəb bahar”ı zamanı biz də üzləşdik. Ölkədə rüşvətlə mübarizəyə start verildi. Cəmi bir neçə gün ərzində Azərbaycan çalxalanmağa başladı, insanlar çığına döndülər, illərdir verdikləri rüşvətin qanunsuz olduduğunu dərk etməyə macal tapmamış, rejim yenidən “rüşvətə davam” komandası verdi.
Avtoritar rejimlərin yaşamaq üçün yalnız bir yolu var, o yoldan azacıq sapmaq ölümə bərabərdir.
“Bəla”, yəni inqilab gələndə onsuz da gələcək və diktaturalar bunun qarşısını almaqda acizdirlər. Oxşar rejim başçıları üçün yeganə tələb olunan, qan tökmədən həyat üçün təminat almaqdır. Yəni son anadək nəyəsə ümid etmək  ağılsızlıqdır. Ukrayna hadisələri sübut etdi ki, avtoritar rejim nümayəndələri var-dövləti də əbəs yerə yığırmış. Pulla dolu təyyarələrlə Avropaya pənah gətirənlərin əvvəlcə təyyarəsi “ştrafnoy”a aparılıdı, özlərini isə ölkədən çıxardılar…
Bir gün taleyi xalqın əlində olacağını dərk etməyən diktatorlardan birinin də aqibətini gördük.
Ümid edək ki, bu qalanlarına dərs olacaq…